Əhalinin enerji şəbəkəsinə qoşulması haqqı müəyyənləşdi

28-07-2018, 08:50           
Əhalinin enerji şəbəkəsinə qoşulması haqqı müəyyənləşdi
Tanrıverdi Mustafayev: “Bu qərar prosesi daha da şəffaflaşdırır”
Məişət abonentlərinin enerji şəbəkəsinə qoşulması üçün tələb olunan ödənişin məbləği müəyyənləşdirilib. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə qərarında əksini tapıb.

Qərara görə, məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmalıdır.

Bu zaman gücü 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin 1 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün 160 manat (ƏDV ilə) qoşulma haqqı ödənəcək. Bu məbləğ gücü 5 kVt-dan 10 kVt-dək (10 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 160 manat və əlavə olaraq 5 kVt-dan yuxarı hər bir kVt güc üçün 40 manat, gücü 10 kVt-dan 15 kVt-dək (15 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 360 manat və əlavə olaraq 10 kVt-dan yuxarı hər bir kVt güc üçün 60,6 manat, gücü 15 kVt-dan 20 kVt-dək (20 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 663 manat və əlavə olaraq 15 kVt-dan yuxarı hər bir kVt güc üçün 94,8 manat təşkil edəcək.

Nazirlər Kabinetinin qərarını şərh edən “Azərişıq” ASC İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, qərar bu sahədə şəffaflığın yaranmasına xidmət edir: “İndiyədək bu sahədə münasibətlər ”Enerjidən istifadə qaydaları" əsasında tənzimlənirdi. Nazirlər Kabinetinin qərarı abonentin rahatlığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu qərarda məişət abonentinin enerji şəbəkəsinə qoşulması üçün konkret müddət müəyyənləşdirilib. Eyni zamanda abonentin istifadə edəcəyi güclər üçün konkret məbləğlər təyin olunub. Bu xidmət "ASAN Xidmət" vasitəsilə həyata keçirilir, indi proses daha şəffaf olacaq".

T.Mustafayevin sözlərinə görə, yeni qərar məişət abonentlərinin enerji şəbəkəsinə qoşulması prosesini daha da asanlaşdıracaq, bürokratiyanı aradan qaldıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.