Ali məktəbə qəbulda bu şansdan istifadə edin – Ekspert
28-07-2018, 08:53

Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Təhsil haqqında qanuna edilən dəyişikliklərin biri də kollec məzunlarının ali məktəblərə imtahansız qəbul olmasıdır. Bu sərəncama əsasən, 2019-2020-ci tədris ilindən etibarən kollec məzunlarının oxuduqları ixtisas ali məktəblərin hansında olarsa, onlar həmin ixtisasa imtahan vermədən qəbul ola biləcəklər.
Qanuna edilən dəyişiklik haqqında Axar.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dəyişiklik gənclərin ölkə xaricində deyil, öz ölkəmizdə təhsil almalarına, eləcə də ixtisaslı kadrların çox olmasına rəvac verəcək:
“Bu dəyişiklik ümumi baxımdan təhsildə yenilikçi, həm də mütərəqqi və müsbət addımdır. Qəbul prosesində tələbənin semestr ərzində müvəffəqiyyət göstəricisi, topladığı bal, gedəcəyi ixtisasın ali məktəbdə olması, oxuduğu müddət ərzində əldə etdiyi qiymətlər nəzərə alınacaqdır. Hər şey qaydasında olarsa, bu zaman tələbə müraciət etdiyi ixtisas üzrə qəbul olacaq”.
Ekspert kolleclərdə yer alan bəzi ixtisasların ali məktəblərdə olmaması səbəbindən tələbələrin hamısının bu dəyişiklikdən yararlana bilməyəcəyini söyləyərək, təhsilini ali məktəblərdə davam etdirmək istəyən şəxsləri ixtisas seçimində daha diqqətli olmağa səsləyib.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək davam edəcək.