Məşhur varlıların boşanma skandalları
1-09-2018, 10:23

Azərbaycanlı biznesmenin təsəlli üçün əsasları var
Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov 600 milyon dollara yaxın dəyəri olan 115 metrlik “Luna” superyaxtasını keçmiş arvadı Tatyana Əhmədovaya uduzub.
“Arabian Business” internet portalının məhkəmə sənədlərinə istinadla yazdığına görə, Dubay şəriət məhkəməsi F.Əhmədovun vəkillərinin yaxtaya həbs qoyulması qərarından verdikləri apelyasiyanı rədd edib və London məhkəməsinin yaxtanın müsadirə olunaraq biznesmenin keçmiş arvadına boşanma təzminatı kimi verilməsi barədə hökmünü təsdiqləyib (virtualaz.org).
Xatırladaq ki, London məhkəməsi 2017-ci ildə F.Əhmədovun Rusiyada qaz şirkətinin satışından əldə etdiyi 1.2 milyard dollarlıq kapitalın yarısının boşanma təzminatı kimi onun keçmiş arvadına ödənilməsi barədə hökm çıxarıb. Lakin biznesmen bu qərarı qanunsuz sayıb və tanımayıb. Bildirib ki, o, Tatyanadan hələ 2000-ci illərin əvvəllərində vətəndaşı olduğu Rusiyanın qanunları əsasında rəsmən boşanıb. Və boşanmadan sonra könüllü olaraq hər il keçmiş arvadına milyonlarla dollar xərclik verib, ona Londonda malikanə, avtomobillər ayırıb.
Biznesmen London məhkəməsinin qərarına əsasən keçmiş arvadına “bir sent də verməyəcəyini” elan etmişdi. Daha sonra London məhkəməsi biznesmenin aktivlərinin axtarışına çıxdı və onun Panamada qeydiyyatdan keçmiş ailə investisiya fondunun aktivində olan “Luna” yaxtasının həbsi, Tatyananın xeyrinə boşanma təzminatı kimi müsadirə edilməsi haqda qərar çıxardı.

Maraqlıdır ki, Böyük Britaniya məhkəməsi əlverişli şərtlərlə boşanmaq istəyən bir çox qadınların üz tutduğu əsas instansiyadır. Məsələ burasındadır ki, Britaniya məhkəmələri boşanma prosesində qadınlara qarşı daha “səxavətli”dir. Buna görə də varlı ərlərindən maksimum çox pul qopartmaq istəyən qadınlar məhz Britaniyaya üz tuturlar. Lakin hər qadının da bu ölkənin məhkəmə yurisdiksiyasından istifadə etmək hüququ olmur. Belə ki, Böyük Britaniyada məhkəmədə iddia qaldırmaq üçün bu ölkədə daşınmaz əmlaka sahib olmaq lazımdır. İşin tərsliyi isə bundadır ki, əksər varlı adamlar ofşorlar anasında əmlaka sahiblənməyi sevirlər. Buna görə də Birləşmiş Krallıq varlı insanlar üçün həm də boşanma tələsinə çevrilir.
F.Əhmədov da keçmiş arvadına Londonda əmlak almaqla bu tələyə düşüb. Onun boşanma prosesindəki itkisinə gəlincə, bir çox həmkarlarına baxanda, azərbaycanlı milyarderin təsəlli tapması üçün əsasları var. Çünki boşanmadan vermək istədiyindən daha çox itirən yalnız o deyil.
Boşanmaların elə də dəb olmadığı Asiyada Honkonqun ən tanınmış milyarderlərindən olan Samatur Li Kin-Kan üçün də arvadından ayrılmaq elə də asan olmayıb. Bu çətin boşanma prosesində o, abort etdirmək istəmədiyi üçün ayrıldığı arvadı Florens Tsanq-Çu-Vinqə 157 milyon dollar ödəməli olub.

Məşhur basketbolçu Maykl Cordan arvadı Xuanita Cordandan ayrılanda 168 milyon dollar və Çikaqodakı malikanəsindən keçməli oldu.
Fərhad Əhmədovun “həmkarları”ndan olan Roman Abromoviç 5 övladının anası İrina Malandinaya boşanma müqabilində 300 milyon dollar verdi. Qayğıkeş ata obrazı olan Abromoviç keçmiş xanımı və övladlarının öz yaxta və təyyarələrindən sərbəst istifadəsinə indi də şərait yaradır.
Tanınmış aktyor, Hollivud ulduzu Mel Gibson 26 illik həyat yoldaşı Robin Murdan ayrılmaqla 425 milyon dollarına da əlvida deməli oldu.

Səudiyyəli biznesmen Adnan Haşagi arvadı Sürəyyadan boşanmaqla 874 milyon dollarından da keçməyə razılaşıb.
“Formula 1"in prezidenti Berni Ekklstoun boşanarkən xanımı Slavitsaya 1,2 milyard dollar verməli olub.
Dünyaca nüfuzlu mediamaqnat olan Rupert Merdok məşhur boşanma siyahısına iki dəfə düşüb. Birinci dəfə 32 illik həyat yoldaşı Anna Mariyadan boşanarkən 1,7 milyard dollarlıq “xərclə”. İkinci dəfə isə ondan sonra evləndiyi və 14 il birgə yaşadığı jurnalist Vendi Dengdən ayrılanda - bu dəfə 82 yaşlı milyarder 1,8 milyard dollar itirməli oldu.
Yeni Müsavat