Güzəştli mənzil satışı baş tutdu, 324 nəfər ev sahibi oldu

6-09-2018, 08:33           
Güzəştli mənzil satışı baş tutdu, 324 nəfər ev sahibi oldu
Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı, nəhayət ki, baş tutub. Agentliyin yaydığı məlumata görə, qurumun I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə dünən saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70 faizdən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

MİDA inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Elektron Hökumətin İnkişafı Mərkəzi” və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Xatırladaq ki, satış dünən saat 11.00-da olmalı idi. Lakin “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yarandığı üçün saat 15.00-a təxirə salınmışdı.

Bundan əvvəlsə Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may 2018-ci ildə başlanılsa da, bunu həyata keçirmək mümkün olmayıb. Buna “Elektron hökumət” portalı və MİDA-nın “Güzəştli mənzil” sistemində yaranmış problemlər imkan verməyib. Rəsmi açıqlamada problemin ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşımasının səbəb olduğu bildirilib. Nəticədə güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb. Eyni zamanda “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.

Agentliyin mayın 17-də yaydığı məlumatda bildirilib ki, komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Həmin texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyinin bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.