Bakıdan o taya…“intihar körpüsü”nün ölümdən ayıran tikanlı məftilləri – Reportaj

9-09-2018, 10:18           
Bakıdan o taya…“intihar körpüsü”nün ölümdən ayıran tikanlı məftilləri – Reportaj
Sosial medianın bir vaxtlar “intihar körpüsü” adlandırdığı metronun “Koroğlu” stansiyasının yaxınlığındakı yol qovşağında təhlükəsizlik tədbirləri gücləndirilib.
AzEuroNews.com xəbər verir ki, körpüdə mühafizə polisinin keşik çəkməsi ilə bərabər təzəlikcə dirəklərə məftillər bağlanıb.
Bu məftillər Arazın o tayı ilə bu tayının ayrılmasını, sərhədlərin qorunmasını, həbsxana divarlarını xatırladır.
Əgər mühafizə polisinin diqqətindən yayınıb kimsə intihar etməyə qalxsa, bu məftillər onun ölümdən ayırmağa xidmət edəcək. Görünür mühafizə postu da azlıq edib, məftillər bağlanmasına təlimat verilib.


Yəni, kimsə canına qəsd etmək istəyirsə, bura artıq uğurlu seçim deyil, tikanlı məftillər sizi ölümdən ayıracaq. Təbii ki, intihar qərarı verən adam üçün yeganə məkan bu körpü deyil.
Amma intiharların poliqonuna çevrilmiş körpüdə asayiş keşikçiləri təhlükəsizlik tədbirlərini gücləndirir ki, bu qovşaqda belə halların qarşısı tamamilə alınsın.
Mühafizə polisi isə bu ərazidə bütün günü keşikdə dayanır. Növbətçilik sistemi ilə polislər bir-birini əvəzləyirlər. Körpüdə mühafizə xidməti yaradıldığı gündən intihara cəhd faktı demək olar ki, qeydə də alınmayıb.
Amma bu ilin iyulunda 1969-cu il təvəllüdlü, Tovuzda doğulan fəhlə Əhmədov Yaşar Məmmədəli oğlu körpüyə çıxaraq intihara cəhd etmişdi, amma polislər onu fikrindən daşındırmışdı. Çox güman ki, tikanlı məftillər də fəhlənin intihara cəhdindən sonra bağlanıb.
Yada salaq ki, bir neçə il əvvəl isə trendə çevrilən bu etiraz aktları ardıcıl olaraq kütləvi tendensiya almaqdaydı, vətəndaşlar körpüyə çıxaraq intihara cəhd edir, deputat Qənirə Paşayevanı onların problemini dinləməyə çağırırdılar.
Bu körpünün sosial zülmə dözməyən vətəndaşların intihar məkanı kimi tanınmağa başlaması artıq hökumət rəsmilərini narahat etməkdəydi və mühafizə postu qurulması qərara alındı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.