Şabranda dahi şairlərə hörmətsizlik - FOTOLAR

12-09-2018, 19:10           
Şabranda dahi şairlərə hörmətsizlik - FOTOLAR
"Təzadlar"ın elektron poçtuna daxil olan məktubda Şabran şəhərinin sakinləri yaşadıqları Füzuli küçəsinin həddindən artıq bərbad olmasından gileylənirlər.

Şikayətçilər yazır ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat köçürülsə də, nə köhnə, nə də indiki icra başçısı Novruz Novruzovun vaxtında bu yola asfalt çəkilməyib: «Ümumiyyətlə, Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini nəzərə almasaq, rayonun bütün küçə və yolları olduqca bərbad vəziyyətdədir. "Stansiya"ya -Şabran Dəmiryolu vağzalına yaxın Füzuli və Nizami küçələri daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsəq mənzərələri xatırladır. Bu baxımdan, müharibədən kino çəkmək istəyən kinostudiyalar təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, Şabranın bu hissəsini seçə bilərlər. Nizami küçəsində baxımsız, xarabalığı xatırladan dağılımış tikililər yetərincədir. Nizami küçəsi boyu ətraf zibil, antisanitariya şəratindədir.

Şabranın bu hissəsində abad, göz oxşayan heç nə yoxdur. Adi aptek nədir, o da rayonun bu hissəsində tək-tükdür. Rayonda ictimai nəqliyyat da problemdir, günortadan sonra əksər marşrutlar işləmir və sakinlər bundan çox əziyyət çəkirlər. Şəhərdaxili nəqliyyat da çox zəif işləyir, çəmi 2-3 dənə 2 nömrə marşrut işləyir ki, o da əhalinin nəqliyyat tələbatını ödəmir. Ona görə ki, bu marşrut sınıq-salxaq, kiçik tutumlu avtobuslardan ibarətdir, həm də günortadan sonra işləmirlər deyə, şabranlılar məcbur olub ya piyada gedirlər, ya da artıq xərc çəkib taksidən istifadə etmək məcburiyyətində qalırlar".

Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkdiklərini bildirirlər: «Səngəri xatırladan küçə təmir olunmadığından payızda, qışda qar, yağış yağanda buradan keçmək müşkülə çevrilir. Hətta taksi sürücüləri bu küçəyə gəlmək belə istəmirlər. Amma yenə də bu küçəyə asfalt çəkilmir ki, çəkilmir. Dahi ədiblərimiz adını daşıyan bu küçələr rayon İcra Hakimiyyətinin vətəndaşların probleminə necə yanaşmasının bariz nümunəsidir.

Doğrudanmı bu küçələrə asfalt çəkmək o qədər çətin məsələdir?! Axı küçələrin təmiri, abadlaşması üçün dövlət tərəfindən dəfələrlə milyonlarla pul ayrılıb. Amma Şabranın icra başçısı yalnız ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekti düzəltməklə işini bitmiş hesab edir.

Ümumiyyətlə, demək olar ki, son 20 ildə Şabranda heç bir inkişaf getməyib. Şabran bəlkə də sosial-iqtisadi vəziyyətinin bərbad olmasına görə Azərbaycanın şimal-şərq rayonları arasında ən öndə olanıdır. Qaranlıq düşən kimi Şabranda həyat sönür. Şəhərin yalnız bazara yaxın olan mərkəzi hissəsində, az da olsa, həyat əlamətləri bilinir. Çünki həmin əraziyə bir balaca əl gəzdirilib. Rayonun qalan hissəsi sivilizasiyadan uzaq bir məkanı xatırladır.

Məsələnin maraqlı tərəfi odur ki, Şabrandan kifayət qədər şikayət olsa da, rayon İcra Hakimiyyəti heç bir tədbir görmür. Ola bilsin ki, sənəddə Füzuli küşəsi dəfələrlə «təmir olunub», amma reallıqda vəziyyət şəkillərdə göründüyü kimidir".

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.