Müşkülə düşən Rəqabət Məcəlləsi...

13-09-2018, 08:36           
Müşkülə düşən Rəqabət Məcəlləsi...
İnvestorların Azərbaycana axını üçün ciddi islahatların aparılmasına ehtiyac var
Azərbaycana qoyulan xarici investisiyaların həcmi azalır. Belə ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 36,3 faiz azalaraq 2 milyard 867 milyon dollar təşkil edib. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hazırladığı “Dünya İnvestisiya Hesabatı 2018" adlı sənədə əsasən ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib. Bu vəsaitin böyük hissəsi - 56,6 faizi daxili mənbələrdən qoyulan sərmayələrdir.

Dövlət Statistika Komitəsi bildirir ki, bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlıdır. Bu dövrdə qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 19,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb.

Təcrübə göstərir ki, Azərbaycana xaricdən qoyulan investisiyaların böyük əksəriyyəti neft-qaz sektoruna yönəldilir. Məsələn, ABŞ-ın indiyədək ölkəmizə yatırdığı 13 milyard dollar investisiyanın yalnız 1 milyard dollardan bir qədər artığı qeyri-neft sektoruna yönəldilib.


Hökumət xarici investorları ölkə iqtisadiyyatına cəlb etmək üçün bir sıra addımlar atır. Məsələn, Azərbaycanın nüfuzlu beynəlxalq iqtisadi reytinqlərdə mövqelərinin yaxşılaşdırılması ilə məşğul olan xüsusi komissiya formalaşdırılıb. Əsas diqqət isə iki mühüm reytinq hesabatına yönəldilib. Bunlar Dünya İqtisadi Forumunun hazırladığı Qlobal Rəqabət Qabiliyyəti indeksi və Dünya Bankının hazırladığı “Doing Business” adlı hesabatdır. Hər iki hesabatda 2017-ci il üzrə Azərbaycanın mövqeyində irəliləyiş qeydə alınsa da, bunun ölkəyə xarici investisiya cəlbi sahəsində dönüşə səbəb olduğunu söyləmək qeyri-mümkündür.

Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektoruna xarici investisiyaları artırmaq üçün hansı addımlar atılmalıdır? Müasir texnologiyalara əsaslanan Qərb investorlarını ölkəmizə necə cəlb edə bilərik?


Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, xarici investorların cəlbi üçün əsas məsələ sistemli islahatların aparılmasıdır: “Xarici investisiyaların Azərbaycana cəlbi ilə bağlı çox ciddi problemlər mövcuddur. Qeyri-neft iqtisadiyyatına dövlətin iştirakı, dövlət zəmanəti olan layihələr istisna olmaqla, investisiya cəlbi çox müşküldür. Problemlərin kökündə mövcud iqtisadi sistem dayanır. Bu vəziyyəti dəyişmək üçün ilk növbədə struktur islahatları aparılmalıdır. Bu gün mülkiyyət hüququ Azərbaycanda ən zəif qorunan hüquqdur. Bu baxımdan Azərbaycanda mülkiyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəmə sistemində ciddi islahatların aparılmasına ehtiyac vardır. Əgər investor əmin deyilsə ki, onun qoyduğu investisiyanın qorunması ilə bağlı qanunvericilik və institutlar normaldır, o zaman investisiyanın cəlb olunması ciddi problemə çevrilir. Buna görə də məhkəmə sistemi yenilənməli, öz reputasiyasını geri qaytarmalıdır. Bu qurumun müstəqilliyi təmin olunmalıdır”.

Ekspertin fikrincə, Ələt Azad İqtisadi Zonası üçün nəzərdə tutulan məhkəmə sistemi bütün ölkədə tətbiq olunmalıdır: “Bunun üçün Azərbaycanda xarici iştirakçılığın təmin olunduğu beynəlxalq arbitraj məhkəmələri yaradılmalıdır. Buna oxşar təcrübəni Sinqapur tətbiq edib. Bu ölkədə Britaniya hüququ tanınandan sonra xarici investisiyanın kütləvi cəlbinə nail olundu. Orada Böyük Britaniya məhkəmələrinin qərarları qeyd-şərtsiz qəbul və icra edilir. Bu formada da olmasa, bizdə də beynəlxalq heyətli arbitrajların yaradılmasına gedilə bilər”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda xarici investisiyaların cəlbi sahəsində digər mühüm problem inhisarçılıqdır: “Ölkədə azad rəqabət mühitinin formalaşdırılması üçün Rəqabət Məcəlləsinin qəbulu və effektiv icrası vacib şərtdir. Azərbaycan iqtisadiyyatı oliqarx iqtisadiyyatıdir. Xüsusilə də məmurların iqtisadiyyatda inhisarçı mövqeyinin güclənməsi tendensiyası hiss olunur. Bu isə azad biznesin inkişafını əngəlləyir. Əgər azad rəqabət imkanları olan biznes mühiti formalaşdırılmazsa, bu zaman xarici investisiyanın cəlbi ilə bağlı problemlər də ortadan qalxmayacaq. Yəni köklü və səmimi islahatlar aparmaqla buna nail olmaq mümkündür. İqtisadiyyat və dövlət idarəetməsi şəffaf və açıq olmalıdır. Himayəçilik tamamilə aradan qaldırılmalıdır”.

Ekspert onu da bildirir ki, hansısa ölkəyə investisiya yatırmaq istəyən investor beynəlxalq reytinqlərlə yanaşı, digər mənbələrdən də həmin ölkədəki biznes mühiti barədə məlumat əldə edir: “Əlbəttə, reytinqlərə diqqət yetirilir. Lakin mütləq başqa mənbələrdən də məlumat alınır. Başqa cür olsaydı, son illərdə beynəlxalq reytinqlərdə Azərbaycanın yeri yaxşılaşır. Bəs investisiya cəlbində niyə elə irəliləyiş yoxdur? Beynəlxalq reytinqlərdəki irəliləyişlər dekorativ xarakter daşıyır. Bu reytinqlər bir çox hallarda qanunvericilikdə həyata keçirilən tədbirləri nəzərə almaqla tərtib olunur. Halbuki qanunun yaxşı olması, heç də onun yaxşı tətbiq olunması demək deyil. Yəni yaxşı qanunun, hüquqi sənədin qəbul olunması müsbət haldır, lakin icrası normal deyilsə, heç bir effekti olmur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, investisiya çox həssas nəsnədir. Heç bir halda risk hiss etdiyi yerdə qalmır. Yaxın tariximizdə bu, bir neçə nümunədə isbat olunub. Baxın, qonşu Rusiyada, Türkiyədə, İranda risk yaranan kimi xarici investisiyalar necə kənara çıxmağa başladı? Bu risklər ən müxtəlif səbəblərdən yaransa belə, nəticə eyni olur: investisiya ölkədən qaçır, yaxud ölkəyə, ümumiyyətlə, gəlmir. Hökumət bu məsələləri nəzərə almaqla gələcək strategiyalarını formalaşdırmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.