“Bu mahnıya görə Nəsiminin qohumları mənə sağ ol deyir” - Müğənni Afət Fərmanqızı

25-01-2019, 18:58           
“Bu mahnıya görə Nəsiminin qohumları mənə sağ ol deyir” - Müğənni Afət Fərmanqızı
Şair İmaməddin Nəsiminin “Sığmazam” qəzəlini hind mahnısı üzərində ifa etməsi ilə gündəmə gələn və tənqid hədəfinə çevrilən müğənni Afət Fərmanqızı “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. Onunla mahnının yaranma prosesindən, haqqında səsləndirilən tənqidlərdən və toy bazarından danışdıq:
- Nəsimi xalqın şairidir, hər birimizin onun şeir və qəzəllərinə müraciət etmək haqqımız var. Konstitusiyada elə bir qanun var ki, Nəsiminin qəzəlinə mahnı oxuya bilmərəm? Mən hansı qanunu pozmuşam ki, bu qədər üstümə gəlirlər? O hind mahnısı dünyaca məşhur mahnıdır, bir çox mükafatları alıb. O mükafatları bizim heç bir sənətkarımız almayıb, biz onların adını televiziyadan eşidirik. Mən mahnını akademik aranjemançılara hazırlatsaydım, bu qədər ajiotaj yaratmazdı. Mən toy müğənnisiyəm, qazancım toydan çıxır. Mahnını insanlar rəqs edə bilsin deyə oxumuşam. Bəziləri yazır ki, Nəsimi bunu dərisi soyulanda yazıb. Mənə sübut edin ki, Nəsimi dərisi soyulanda yazıb bu qəzəli. Yanında idiniz? O filmdə rejissorun təxəyyülüdür. “Nəsimi” filmində Nəsiminin qəzəlinə meyxana deyilir. Meyxana ritminin üzərində qəzəl demək olur, hind melodiyasına oxumaq olmur?
Mən sənət üçün oxumuram, konsert verməyə, fəxri ad almağa iddiam yoxdur. Toyumu oxuyub, pulumu qazanıram. Bəziləri deyir ki, 50 ildir oxuyuram, amma fəxri ad almıram. Sən toy oxuyub, pulunu qazanmısan, villalar tikdirmisən, niyə sənə fəxri ad versinlər? Mənim də villalarım, mağazalarım toydur, oradan qazanıram. Mən ali təhsilli müəlliməyəm, musiqi təhsilim də var. Amma özümü bu sahədə görürəm. Sənətlə bağlı bütün tənqidlərə, mübahisələrə açığam. Təhqir yox, sağlam tənqid edə bilərsiniz”.
“Mən bir qadınam, bu qədər üstümə düşməkləri, həddindən artıq tənqid etmələri əsəblərimi pozdu”
- Mahnı 3 gündür ki, işıq üzü görüb. Dediniz ki, toy üçün oxumusunuz. Sırf bu mahnıya görə sizi toya dəvət edən olub?
- Əlbəttə, olub. Yaxın günlərdə Moskvaya toya gedəcəyəm. Onlar bu mahnıya görə məni dəvət ediblər. Artıq behini almışam. Mən toy üçün tələbatlı müğənniyəm. Bu da bəzilərini qıcıqlandır. 10 min alıb, toyda fonoqrama oxumuram. Toya can qoyuram. Mən insanların toy zövqünü gözəlləşdirirəm. Yerdən pul tapsam da, müğənniyə 5-10 min vermərəm. Niyə verməliyəm? Elə insan var ki, məni toyunda görmək istəyir, amma pulu çatmır. O toylara da gedirəm. Toyda 2-3 mahnını fonoqrama oxuyuram, amma bütün toyu elə oxumaram. Canlı ifa etmək vacibdir.
Bir də “Filan kəs toy müğənnisidir” deyib bəyənməzlik edirlər. Toy pisdirsə, niyə özünüzə, övladlarınıza toy edirsiniz? Toy edəndə ən hörmətli insanları dəvət edir, yaxşı müğənni çağırır, “Ömürdə bir dəfə olur” deyib hazırlıqlar görürsünüz. Toy mənim üçün ali məktəbdir. Orada canlı oxumaq lazımdır. Zeynəb Xanlarova deyiləm, 3-5 oktavalıq səsim yoxdur, öz səs imkanıma uyğun oxuyuram.

- Sosial şəbəkədə şərh yazmışdınız ki, Nəsimini yuxuda görmüşəm, ona görə qəzəli oxudum. Bu sözləriniz də birmənalı qarşılanmadı.
- Mən Nəsimini yuxuda görə bilmərəm? Kim sübut edə bilər ki, yuxuda görməmişəm? Mənim “İnstagram” səhifəmi özümdən başqa iki nəfər də işlədir. O şərhi onlar yazmışdı. Əlbəttə, xəbərim var idi. Üstümə çox gəldilər, mən də o cür şərhi uyğun bildim. Mən bir qadınam, bu qədər üstümə düşməkləri, həddindən artıq tənqid etmələri əsəblərimi pozdu. Lakin ümumi nəzər salanda görürəm ki, 1000 şərhdən 980-i tərif, 20-si tənqiddir. Onların da bəziləri saxta profillərdir, məni sevməyən həmkarlarım açdırıb. Mənə xeyli yazan olub ki, Şamaxıdanıq, Nəsiminin qohumlarıyıq, çox sağ olun ki, Nəsimini yaşadırsınız, oxumağa davam edin. Təki, məni tənqid edənlər vətənimizi, xalqımızı, millətimizi, dövlətimizi mənim qədər sevsinlər.
“Bəziləri də deyir ki, Nəsimi bunu Allaha yazıb. Sübut eləsinlər ki, Allaha yazılıb. Qəzəliyyatçı dostumuz var, o mənə qəzəlin mənasını açıb”
- Jurnalistlərdən biri sizə sözügedən məsələ ilə bağlı zəng edib, siz isə ondan jurnalist diplomu istəmisiniz.
- Yaxşı işlərimdən yazan yoxdur, ancaq gözləyirlər ki, qalmaqal olsun. Keçən dəfə də bir jurnalist zəng etmişdi, tanımadım deyə cavab vermədim. Başım çəkib, o vaxt bir jurnalistə müsahibə vermişdim, səhəri tam başqa müsahibə yayımlandı. Ona görə ehtiyatlı davranıram. İndi sosial şəbəkələrdə səhifə açanlar da özünə jurnalist deyir. Şərt deyil ki, jurnalist diplomu olsun. Sadəcə üstümə çox gəldi, istehza ilə yanaşdı, mən də elə dedim. Əslində jurnalist tərəfsiz olmalıdır.

- Aktyor Elcan Rəsulov da siz parodiya edib. İzləmisiniz?
- İndi izlədim, çox gözəl alınıb. Burada bir qəbahət görmürəm.
Lakin bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Mənə yazırlar ki, “Məndə sığar iki cahan”ı niyə “Məndə sığarkən cahan” deyə oxumusunuz?! Mən uşaq olanda bir dəfə atamla anam mübahisə edirdi, atam dedi, “ikən”dir, anam dedi, “iki”dir. O yadımda qalmışdı. Mən də mahnını oxuyanda araşdırdım. Bu qənaətə gəldim ki, iki cahan desəydi, “bu cahana” deyil, “bu cahanlara” deyərdi. Cəm şəkilçisi yoxdursa, deməli “ikən”dir. Mənim dilimə belə yatır.
Bəziləri də deyir ki, Nəsimi bunu Allaha yazıb. Sübut eləsinlər ki, Allaha yazılıb. Qəzəliyyatçı dostumuz var, o mənə qəzəlin mənasını açıb.
“Nəsiminin qəzəlinə mahnı oxuyandan sonra məni Moskvaya toya dəvət etdilər”
- Bu mahnını oxuyanda bilirdiniz ki, prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib?
- Bilmirdim. Mahnını oxuyandan sonra mənə dedilər ki, prezidentimiz bu ili “Nəsimi ili” elan edib. Xəbərim olmayıb. Bu da taleyin qismətidir.
- Dediniz ki, sənət yoldaşlarınız sizə mənfi rəy yazdırır. Onların kim olduğunu bilirsinizmi?
- Bildiklərim də var, bilmədiklərim də. Hazırda mən tələbatlı toy müğənnisiyəm. Paxıllığımı edənlər çox olur. Nazənindən başqa oxuduğum mahnını paylaşan sənət yoldaşım yoxdur. Amma özləri mənə mahnılarını göndərir ki, paylaşım. Daha mən də paylaşmıram. Allah hər kəsə öz ruzisini verir. Heç kəsdən küsmürəm, incimirəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.