Meyxana müzakirələrinə sənət adamlarından SƏRT SÖZLƏR: Bu əxlaqsızlıqdır!

31-03-2019, 11:05           
Meyxana müzakirələrinə sənət adamlarından SƏRT SÖZLƏR: Bu əxlaqsızlıqdır!
Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra gənc yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılarla bağlı dediyi sərt fikirlər müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə bir qrup insan meyxana sənətinin əhəmiyyəti və rolunu vurğulayıb, digər qrup isə onu “küçə sənəti” adlandıraraq narkomaniyanı təbliğ etdiyini irəli sürüb. Mövzu ilə əlaqədar olaraq tanınmış sənət adamlarının fikirlərini öyrənmişik.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül hesab edir ki, meyxana qədim söz sənətidir və onu “küçə sənəti” adlandırmaq əxlaqsızlıqdır:

“Bir neçə il əvvəl ATV kanalında “Söz” yarışması adlı veriliş həyata keçirmişdik. Bu mövzu akademiyada tədqiqat səviyyəsinə qədər gedib çıxdı. Meyxananı “küçə sənəti” adlandırıb narkomaniyanı təbliğ etdiyini demək əxlaqsızlıqdır. Bu fikri irəli sürən çox böyük səhv edir. Bu baxır ki, meyxananı hansı kontekstdə və hansı regionda istifadə edirlər. İkincisi, meyxananın əsası qədim dərviş-şaman avazlarından götürülüb, bu, təxminən beş min il əvvələ təsadüf edir. Meyxana folklor sənəti, xalqın bədahətən dediyi mahnılar, şərqilər, avazlar, oxşamalar, bayatılar, təriflər və müraciətlərdir. Dərin kökləri olan meyxananı bu günə qədər yüksək səviyyədə təbliğ edən ustadlarımız var. Onun əsasında bəhri-təvil deyilən janr dayanır. Əgər bu gün kimlərsə hansısa meyxanələrdə “üç badam, bir qoz” deyərək, çırtma vurub meyxana ifa edirsə, bunun qədim folklor mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Eynilə Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığımazam” adlı bəşəri qəzəlini “Məndə sığar ikən cahan” deyib hindsayağı tərzdə oxuduqları kimi.

Meyxana çox möhtəşəm və heç bir dünya xalqlarında analoqu olmayan çox qədim folklor sənətidir. Xalqın düşünən beyinləri bədahətən söz deyərək ona ritm qoşublar və nəticədə meyxana sənəti yaranıb. Yeddi muğamatın bir kökündə və bir avazında da meyxana oxunur. İndi kimlərsə meyxanələrdə ifa edirsə, bu boyda mədəniyyəti eybəcər təbliğə qurban vermək olmaz axı. Meyxana dərin kökləri, yüksək poeziya və ritmlə vəhdəti olan folklor sənətimizdir. Onun gözəlliyi, orijinallığı və qeyri-adiliyi təklif olunmuş şəraitdə qafiyə açılması, daha sonra qafiyə ölçülərinə uyğun şeir deyilməsi və şeirin qafiyəsinə uyğun muğamatın yeddi bəndinin birində o avazı ifa etməkdədir. Bu, əslində aktyorun teatrıdır. Hansısa uşaq-muşağın nə qələt və nə “yenilik” etdiyini başa düşə bilmirəm. Meyxananın arxasında Əliağa Vahid kimi kimi şairlər dayanır. Hətta orta əsrlərdə Nizami Gəncəvinin əsərlərində bədihə sənətinə rast gəlinir. Qədim dövrlərdə şamanlar və dərvişlər qapı-qapı gəzib şebeh və tamaşalar göstəriblər. Hansı mənəvi haqla çıxış edərək meyxananı pis tərəfə yozurlar? Onların qərəzi və məqsədi nədir? Burda pis nə var ki? Hansısa içki məclisində narkotik maddə istifadə edən bir kimsə meyxana deyib deyə bu sənəti aşağılamaq olmaz. Niyə ancaq pis tərəflərini götürürlər? Əgər onların həqiqətən də qərəzi yoxdursa, qədim mədəniyyətimizə elm, savad, intellekt və tədqiqat mədəniyyəti ilə yanaşırsa, o halda iddialarının mahiyyətini ortaya qoysunlar. Hansı xalqda var ki, qafiyə açılan kimi ona parta-partla şeir deyə bilsin? Meyxananı pis tərəfə yozan, o cür təbliğ edən adamlar özləri o yolun yolçusudur. Gedib öz işləri məşğul olsunlar. Əgər maariflənmək istəyirlərsə, zəhmət çəkib xalqın folklorunı, tarixini və mədəniyyətini araşdırsınlar, soy-kökləri ilə tanış olsunlar”.

Şair Baba Vəziroğlu isə bu məsələdə televiziya kanallarını ittiham edib:

“Demokratiya dövründə yaşayırıq, kim istəyir meyxana oxuyur, kimisi rep deyir, kimisi də muğam ifa edir. Hər kəs öz istədiyi sənətlə məşğul ola bilər. Bu, onların hüququdur. Məni narahat edən məsələ televiziyaların yürütdüyü siyasətlə bağlıdır. Hər kəsin oxumaq azadlığı olduğu kimi televiziyanın da saf-çürük etmək prinsipi olmalıdır. Hər şeyi sənət adı ilə efirə çıxartmaq olmaz. Odur ki, meyxanaçıları yox, televiziyaları qınayıram. Telekanallar heç bir çərçivə və ölçü olmadan küçə sənətini və ya mağar toyu estetikasını efirə çıxarır.

Meyxana əlbəttə ki, söz sənətidir. Çünki bu insanlar sözlə məşğuldur, onların materialı sözdür, meyxana söz oyunudur. Hər daşla əlləşən insan bənna olduğu kimi, sözlə əlləşib-vuruşan, sözlə özünə çörək qazanan və karyera quran adama incəsənət nümayəndəsi demək olar. Amma burada sənətkarlığın hansı səviyyədə olması və sözdən nə düzəltməsi də böyük əhəmiyyət kəsb edir. Bənna var ki, daşdan saray ucaldır, bənna da var ki, eyni daşdan heç divar hörə bilmir. Bu mənada meyxanaçının sözdən nə yaratdığı, nəyə xidmət etdiyi, kimə nə fayda verdiyi və ya insanları maarifləndirdiyi əsasdır. Bu da artıq tamamilə başqa söhbətdir. Söz var ki, faşizmə xidmət edər, söz də var ki, sülhə səsləyər. Odur ki, KİV seçim etməyi bacarmalıdır, nəyi efirə buraxmaq olar, nəyi yox. Meyxanaçıların deyişməsi qəbulediləndir, o müstəvidə normaldır, lakin eyni mənzərini və mağar toyu estetikasını efirə daşımaq başqa bir məsələdir. Meyxanaçıları qınamıram, günah onu təqdim edən, palatka məclislərinin arxasınca düşən və onun səviyyəsinə enən televiziya kanalları və saytlardadır”.

Mövzu ilə bağlı tanınmış meyxana ustadı Namiq Məna isə qeyd edib ki, meyxana Azərbaycanın bəstəkar və kino yaradıcılığında da öz əksini tapıb:

“Orta məktəb ədəbiyyatında da görkəmli aşıqların deyişmələrinə rast gəlirik. Daha qədimlərə nəzər salsaq, Mir Möhsün Nəvvabın yaradıcılığı ilə tanış olanda görürük ki, o vaxtlar məclisi-şüəralarda şairlər bədahətən şeirlər söyləyib. Bakıda və Abşeronda şairlər yaradıcı müzakirələr və təhlilər aparıblar. Meyxana dünyada analoqu olmayan bir janrdır və bizdə daha təkminləşmiş formadadır. Rep kimi buna oxşar janrlar olsa da, bədihə janrında bədahətən demək tələb olunur. Meyxana əruz vəzninə və aşıq ədəbiyyatına yaxındır. Aşıq janrında qoşamalardır, bizdə isə bədihələrdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.