Şou-biznes nümayəndələri vergini necə verəcək? - Rəsmi

11-11-2015, 22:05           
Şou-biznes nümayəndələri vergini necə verəcək? - Rəsmi
Məşhur adların vergi qalmaqallarında hallanması, dünyanın tanıdığı «ulduzların» bəzən ciddi cəza almaları görünməmiş hadisə deyil.

Məsələn, İtaliyanın ən məşhur kino «ulduzlarından» olan, dünyada qadın gözəlliyinin rəmzi hesab edilən Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olmuşdur. Başqa bir görkəmli italiyalı, məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılıb. Dahi rejissor və aktyor Çarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilib. Lap bu yaxınlarda əfsanəvi futbolçu Lionel Messinin adı ətrafında ciddi vergi iddialarının qaldırıldığının şahidi olduq... Dünyada sözsüz və müzakirəsiz qəbul edilən qayda belədir ki, kimliyindən asılı olmayaraq, hər kəs öz qanuni öhdəliklərini yerinə yetirməlidir.

Müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər

Azərbaycanda vergidən yayınan incəsənət xadimlərinin, şou-biznes nümayəndələrinin olması heç kəsə sirr deyil. Mediada vaxtaşırı olaraq müğənnilərin xidmət qiymətləri elan edilir və «qiymət siyahılarından» reklam vasitəsi kimi istifadə olunur. Siyahılara nəzər yetirdikdə məlum olur ki, müğənnilər toy şənliklərində yüksək qonorar alırlar. Haqlı bir sual meydana çıxır: incəsənəti təmsil edən adamlar nə üçün ödədikləri vergilər haqqında heç nə danışmırlar? Halbuki Avropa və Amerikanın əksər ölkələrində şou-biznes nümayəndələri dövlət büdcəsinə nə qədər vergi ödəməkləri ilə gündəmə gəlməyə üstünlük verirlər.

Əsas problem gəlirlərin düzgün rəsmiləşdirilməməsidir

Görülən tədbirlərə baxmayaraq, şou-biznesi təmsil edən vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi arzuolunan səviyyədə deyil. Cari ilin ötən doqquz ayının nəticələri təhlil olunarkən tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Əsas problem isə bu təbəqədən olan vergi ödəyicilərinin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda «Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi «kitaba» salınır.

Vergi öhdəliklərini yerinə yetirməyən şou-biznes nümayəndələrinin adları ictimaiyyətə açıqlanacaq

Heç kimə sirr deyil ki, vergi xidməti də daxil olmaqla, bütün dövlət orqanları sənət adamlarına həmişə hörmət, diqqət və qayğı ilə yanaşıblar. Təəssüf ki, bu münasibətin qarşılığı xüsusilə də vergilərin ödənilməsi sahəsində heç də adekvat deyildir. Bahalı avtomobil və mülklərini göstərməklə özlərini reklam etdirən şou-biznes nümayəndələrinin il ərzində büdcəyə nə qədər vergi ödədiklərinə baxdıqda, bu, daha aşkar görünür. Halbuki, məsələn, toy sahibindən alınmış 1000 manata görə dövlət büdcəsinə cəmi 40 manat ödəmək onların hər birinin imkanı daxilindədir və bu, heç bir halda böyük vergi yükü hesab oluna bilməz.

Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, hazırda Vergilər Nazirliyi tərəfindən vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunur. Vergilər Nazirliyi bir daha xatırladır ki, kimliyindən asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir və heç kəs öz üzərinə düşən öhdəliyə görə məsuliyyətdən azad edilmir.

Təəssüflər olsun ki, hələ Azərbaycanda yüksək vergi mədəniyyətinin formalaşmasından danışmaq mümkün deyil və dövlət büdcəsinə vergi daxilolmalarının xeyli hissəsi vergi inzibatçılığı tədbirləri hesabına təmin olunur. Dünya təcrübəsi də güstərir ki, yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cğmlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar. Bizdə isə əksinə, bəzi tanınmışlara, o cümlədən şou-biznes nümayəndələrinə dəfələrlə izah etmək lazım gəlir ki, səngərdə Vətəni qoruyan, Dağlıq Qarabağı, digər işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etməyə hazırlaşan əsgərimizin maddi-texniki təchizatı da, təhsil və səhiyyəmi­zin vəziyyəti də, ölkəmizin şəhər və kəndlərinin, yollarımızın abadlaşdırılması və bütün sosial layihələrin həyata keçirilmə səviyyəsi də məhz büdcəyə vergi daxilolmalarından birbaşa asılıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.