Vaqif Mustafayevin toy etməsi iddiasına Space TV-dən REAKSİYA — YENİLƏNİB
23-08-2020, 20:33
Space TV kanalın rəhbəri Vaqif Mustafayevin işçisi Tamara Məmmədovanın bacısına toy məclisi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Musavat.com-un sorğusuna cavab olaraq TV-dən bildirilib ki, yayılan məlumat böhtan xarakterlidir.
"Nəzərinizə çatdıraq ki, bu günlərdə KİV-lərdə belə bir xəbər yayıldı ki, Space TV-nin rəhbəri Vaqif Mustafayev kanalın əməkdaşı Tamara Məmmədovanın bacısına kino çəkilişi adı ilə toy edib. Bu xəbər bizi ciddi şəkildə təəccübləndirdi. Və həmkarlarımızın yaydığı bu böhtan xarakterli məlumat bizdə təəssüf doğurdu. Vaqif Mustafayevin bir mövqeli şəxsiyyət olması hamıya məlumdur.
Qeyd edək ki, belə böhtan xarakterli məlumatın yayılması ilk hal deyil və heç vaxt da bu məlumatlar özünü doğrultmayıb. Hal-hazırdakı böhtan xarakterli xəbərlər Vaqif Mustafayevi ləkələmək üçün edilmiş növbəti cəhddir",- deyə kanalın açıqlamasında bildirilir.
Xatırladaq ki, mövzu ilə bağlı reportajı Baku TV hazırlayıb. Reportajda bildirilirdi ki, toy məclisi təşkil edilən zaman polisə TV üçün kino çəkilməsi barədə yalan məlumat verilib.
***
Karantin qaydalarını pozmaqla toy edənlərin sayı artır.
Demokrat.az Baku.tv-yə istinadən xəbər verir ki, onlardan biri “Space TV”nin rəhbəri Vaqif Mustafayevdir.
Məlumata görə, o, kanalın Proqram departamentinin rəhbəri Tamara Məmmədovanın bacısına toy etməsinə dəstək olub. Belə ki, o, Novxanıda bağ evində kino çəkilişi adı ilə toy mərasimi edib.
Bağ evinə gələn polis əməkdaşlarına da film çəkilişi aparıldığı deyilib.
Toyda şou aləminin bir sıra tanınmış simaları da iştirak edib. Lakin onlar hələlik açıqlama vermək istəməyiblər.