İlhamə Quliyevanın oğlundan ittihamlara cavab: - "Hər ailədə problem olur, anamla küsülü..."
2-02-2016, 21:10
“O, mənə şər-böhtan atır. Amma mən və bizim ailəmiz ona qanuni şəkildə cavab verəcəyik”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quilyevanın oğlu Orxan Nadirov anasının keçmiş köməkçisi Mehriban Hüseynovanın ittihamlarına cavab verərkən deyib. O.Nadirov deyib ki, M. Hüseynova dəfələrlə onф şər-böhtan atıb: “Bunun bir adı var: böhtan və şər. Aydın məsələdir ki, bu adam həbsdədirsə, özünü müdafiə etməlidir. Bu da özünü müdafiə etmək istəyir. Amma bir şeyi nəzərə almır ki, şərəf və ləyaqətimin təhqir olunmasına, işgüzar nüfuza xələl gətirdiyinə görə, təkrarən onun barəsində iddia qaldıra bilərəm. Qaldı ki, anamla aramızda söz-söhbətin olmasına, hər bir ailədə problemlər ola bilər. Heç kim deyə bilməz ki, problem yaşamırıq. Əgər hansısa bir ailədə söz-söhbət olmursa, demək ki, o ailə deyil və yaxud da natamamlıq var. Anamla küsülü də oluruq, barışırıq da. Bu, normal haldır. Amma bunu qabardıb, hansısa formada yazmaq isə düzgün deyildi. Ağılsızlıq idi. O qadın bir çox ittihamlar irəli sürür. Qoy danışsın, biz cavabımızı verəcəyik”.
Qeyd edək ki, xalq artistinin keçmiş köməkçisi M.Hüseynova musavat.com-a ünvanladığı məktubda O.Nadirov barəsində bu sözləri deyib: “Bir neçə dəfə başqa-başqa adamlardan Orxanın mənim üçün tələ qurduğunu eşitdim və ehtiyatlı olmağı məsləhət gördülər. Bir gün Orxanın dostu Vüqar zəng elədi və Orxanın etdiyi dələduzluqları, bir neçə medianın bu haqda maraqlandığını, İlhamə Quliyevanın adının bu məsələlərdə hallanacağını söylədi. Onunla vacib görüşməyini istədi. Onsuz da xəstə olan İlhamə Quliyeva bu sözlərdən sonra gecə-günduz yata bilmirdi. Nəhayət ki, İlhamə Vüqarla görüşdü. Vüqar Orxanın axtarışda olduğunu, tutulacağını, onun İlhamə Quliyevanı dərmanlarla zəhərləyəcəyini, özünü ondan qorumağını, evə qətiyyən buraxmamağını və mənə Orxanın tələ qurduğunu söylədi. Dedi ki, Orxan bir neçə nəfəri tutdurub və onları şantaj edərək həmin adamlardan pullar alıb. Başqa cinayətkar şəxsləri yanına yığıb onlara başçılıq edir, onları vəzifəli şəxslərin qohumu kimi qələmə verir, İlhamə Quliyevanın adından istifadə edərək “qorxmayın anam Prezidentə bir kəlmə zəng edəcək, arxanızda durmuşam bizi tutmayacaqlar. Mən tutulanda o qədər vəzifəli şəxslərin uşaqları qaldı, amma mən çıxdım” deyir. Hətta Orxanın arvadı haqda da onun ən əxlaqsız kimi qələmə verirdi. Dedi ki, indi pul sahibləri də pulları mənim yanımda verdikləri üçün üstümə düşüb tutdururlar: “Hamı qapını döyür, ailəm dağılıb, evdən çıxmışam, çöllərdə qalmışım, tutsalar, Orxanı da tutduracam, o da tutulsa, sizin adınız bütün medialarda hallanacaq. Mən hələ ki bütün medianın qarşısını almışam. Onlara demişəm ki, Orxan onun oğlu deyil və s”. Bu sözlərdən sonra İlhamə Quliyevanın bütün halı dəyişdi, şəkəri qalxdı, təzyiqi düşmürdü, səhərəcən yata bilmirdi. Bütün günü dərmanlar qəbul edirdi. “Orxan tutulsa biabır olacağam” deyirdi. Əgər tutulsa hamıya deyəcəm ki, o, mənim oğlum deyil, xalam nəvəsidir, çox kasıb olduqları üçün köməklik etmişəm, getsin atası da var, anası da.
Vüqar isə hər gün İlhaməyə zəng edərək ondan əl çəkmirdi. Nəhayət, İlhamə Quliyeva biabır olmasın deyə 10 min manat pulu Vüqara borc olaraq verdi. İlhamə Vüqara dedi ki, mənim Orxan adlı daha oğlum yoxdu, bu gündən sən mənim oğlumsan, sənə kömək edirəm ki, tutlmayasan, ancaq elə et ki, jurnalistlər heç nə bilməsin: "Yoxsa biabır olacam, desəm ki, oğlum deyil, deməli Prezidentimi aldatdığımı biləcəklər”.
Vüqar da söz verdi ki, narahat olma. Vüqardan pulu nə vaxt qaytaracağını mən soruşduqda, Vüqar mənə dedi ki, İlhamə pulu oğlu üçün verib də, mənə nə. Mən bu sözləri eşitdikdə çox şübhələndim. Vüqar İlhamə Quliyevadan iki gündən bir yenə pul istəməyə başladı. Vüqar İlhaməyə dedi ki, Orxan 75 min pulu aldadaraq ələ keçirib. Vüqar gecə zəng etdi və dedi ki, “İctimai” kanalı açın Orxanın tutdurduğu oğlanı televiziyada göstərirlər. İlhamə Quliyeva bu məsələ mediada və KİV-də hallanmasın deyə Vüqara xərclik pul da verirdi.