“Hacıbala Abutalıbov mənimlə ağız-ağıza öpüşüb görüşür, sonra...”

11-02-2016, 21:37           
“Hacıbala Abutalıbov mənimlə ağız-ağıza öpüşüb görüşür, sonra...”
Kinorejissor Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında mənzil çəkişməsi davam edir.

Bu barədə Şeyx Əbdülün özü məlumat verib. Qeyd edək ki, “Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

Şeyx Əbdül bildirib ki, məhkəmənin qərarına baxmayaraq, mövcud problem öz həllini tapmamış qalır: “Allah onu haqqa gətirsin. Mənimlə ağız-ağıza görüşüb öpüşür, amma Hacıbala Abtutalıbovun mənə qarşı olan haqsız münasibətinin səbəbi bəlli deyil. İki məsələ var ki, bunlar müzakirə olunmur, icra edilir – biri prezidentin sərəncamlarıdır, bir də məhkəmə qərarlarıdır. Məhkəmə mənim xeyirimə başa çatıb. Bu qərarı mənim qara qaşıma, gözümə aşiq olub verməyiblər. Fövqaladə Hallar Nazirliyinin rəsmi komissiyası, məhkəmənin ekspert komissiyası yoxlanış aparıb. Prezident Administrasiyasından məktub var ki, təcili köçürülüsün.

Özü 10 dəfə and içib ki, 10 günə səni köçürürəm. Amma bir də görürəm ki, məni məhkəməyə çağırırlar. Mənim xeyirimə üç məhkəmə qərarı var. Həmçinin Azərbaycanda mövcud olan bütün dövlət strukturlarının bu evin Hacıbala müəllim tərəfindən dağıdılmasını təsdiq edən rəsmi sənədləri var. Məhkəmələrdən mənə deyirlər ki, müəllim, o utanmır, ayıb deyil onun üçün?! Dəfələrlə müraciətlər edilir, orada Süleyman İsmayılov adında bir adam oturub. Elə bil bununla “Çin səddi” yaradılıb, edilən müraciətlər də ona dəyib geri qayıdır. Otağımda Azərbaycanın bayrağı var, yağış onun üzərinə yağır.

Divarlar uçur, çöldən yırtıqlarını “fıs-fıs kley”lə tutmuşam. Çox şey yox, məhkəmən qərarının icrasını istəyirəm. O, xalqı, dövləti çapıb talamaq hesabına yarıtmaz işlər görür. Mən öz zəhmətim hesabına, dövlətin mədəniyyətini, tarixini, dövlətçilik ideologiyasını təbliğ edirəm. Başa düşə bilmirəm, ona təsir edə bilən bir adam yoxdur? Mən cəhənnəm, heç olmasa, məhkəmə qərarına hörmət edin. Belə iş olmaz, axı! Bu nə özbaşnalıqdır?! Başa düşə bilmirəm, mən Hacıbalanın atasını, babasını öldürmüşəm? Bəlkə bu ölkə Hacıbalanındır? Mənə salam verməyi özlərinə şərəf bilənlərə xalq artisti adları verirsiniz, orden, medal verirsiniz? Hamısı halal xoşları olsun, sağ olun. Amma mənim zəhmətimlə qurub-yaratdığım köhnə bir var idi. Uçurdunuz, indi də gəlin düzəldin. Allah ona hidayət eləsin, başqa söz deyə bilmirəm”. (Cebhe.info )












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.