"İlhamə Teymur Əmrahı döydürüb" - Sərt ittiham
11-02-2016, 21:58
Xalq artisti Flora Kərimova müğənni Nadir Qafarzadənin İlhamə Quliyeva ilə bağlı fikirlərinə münasibət bildirib.
Aznews.az-a danışan F.Kərimova deyib ki, bu, sənət və sənətkara N.Qafarzadənin baxışıdır: “Onun şəxsi fikridir. Belə görür və danışır. Əgər Nadir mənim ünvanıma nəsə deyirsə, onda bu, onun insafına qalır.
Mən deyirəm ki, İlhamə sənətkar deyil. Deməli Nadir o sözləri mənə deyir.
Bu yaxınlarda məndən üzr istədi, barışdı. Bu, Nadirin özüdür. Bir-birindən fərqlənən fikirlər onun təbiətidir. Sənəti, sənətkarı belə görür. Ancaq mən belə sənətkar olmağı ona arzulamıram”.
O, İlhamə Quliyevanı sənətkar hesab etməməsini belə əsaslandırıb: “İlhaməni sənətkar adlandırmamaq tək mənim fikrim olmayıb. Onun yaxşı ifası var, amma sənətkar deyil. Sənətkar bütövlükdə varlıq deməkdir. Orada musiqi anlayışı, musiqiyə münasibət var.
O, bir vaxtlar Teymur Əmrahı döydürmüşdü. Teymur da bununla bağlı ATV-də “Çal-çağır” verilişində açıqlama vermişdi. Teymur Əmrah hər yerdə deyirdi ki, Flora Kərimova mənim ustadımdır. O, da buna dözməyib onu döydürdü.
Mən deyirəm ki, o, sənətkar deyil və dediyimi sübut da edə bilərəm. Sənətkar sözünü İlhamənin simasında çılızlaşdırmasınlar. Musiqi, sənət millətin mənəviyyatının bir qoludur”.
Qeyd edək ki, N.Qafarzadə İ.Quliyevanı müdafiə edərək onu sənətkar adlandırmayanlara mesaj yollayıb: “İlhamə Quliyeva, siz dahisiniz. Mənim sənətkarım, sizin sənətinizi görüb həzm etməyənlər mədəniyyətdən kənar adamlardırlar”.