İlhamə Quliyeva prokurorluğa çağırılmasından danışdı
12-02-2016, 01:26
Xalq artisti İlhamə Quliyevanın istintaqa ifadə verdiyi təsdiqlənib
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilib və onun ifadəsi alınıb.
İ.Quliyevanın səhhəti ilə əlaqədar olaraq ifadəsi onun yaşadığı mənzildə alınıb.
"Yeni Müsavat"a daxil olan məlumata görə Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra durumu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib.
***
“Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır”.
Bunu APA-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. İ. Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: “Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır yazsın, kim nə danışır, danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq”.