Leyla Əliyevanın filmi BBC telekanalında

13-02-2016, 00:08           

“Əli və Nino” filminin rejissoru, “BAFTA” mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə danışıb.

Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, telekanal, həmçinin filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. A. Kapadia BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda – daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib:

“Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir”.

Qeyd edək ki, rejissor A. Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri – “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar”a namizəddir.

“Əli və Nino” filminin nümayişi ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında keçirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.