"Ona Novruz ənənələrini başa salaram" - Aparıcıdan Murad Dadaşova
12-03-2016, 12:52
"Lider" telekanalının aparıcısı Fəxriyyə Lilpar İsayeva əməkdar artist Murad Dadaşovun Novruz bayramının adətlərini tənqid etməsinə əsəbiləşib.
Axşam.az-a açıqlama verən aparıcı şoumenə Novruz adət-ənənlərini izah etməyə çalışıb:
"Onun bayağı adlandırdığı televiziyalarımızda Novruzla bağlı hər il demək olar ki, bütün verilişlərdə məlumat verilir. Onun ürəyincə olmayan Novruzu müasirləşdirmək isə yeni tikilən binada meyvə agacı yetişdirməyə bənzəyir. Murad Dadaşovun Novruz bayramına münasibəti açığı məni təəccübləndirdi. Ölkədə yetərincə tanınan və televiziyanı bayağı verilişlərin olmasında günahlandıran Murad Dadaşov gərək hər mövzuda bir az da olsa, məlumatlansın. Yəqin yetərli məlumatı olmadığından biri mənə başa salsın deyib. Odur ki, gəlsin, mən ona Novruz ənənlərini başa salım. Dissertasiyamda “Xalq oyun tamaşalarının təşkili prinsipləri” mövzusunu fərqlənmə ilə bitirməyim bunu deməyə əsas verir. Novruz bayramı nəinki bizim ölkədə ümumilikdə türkdilli xalqların milli bayramıdır. Novruz “yeni gün” deməkdir. Xalq təbiətin oyanmasını xüsusi mərasimlərlə qeyd edir.
Azərbaycanda mərasim tamaşaları 2 qismə bölünür. Birincisi mövsümi mərasimlər, ikincisi məişət mərasimləri. Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması ilə bağlıdı. Novruz mövsüm mərasimidir. Kosa və Kecələ gəlincə, onlar personajlar olaraq qışı təmsil edirlər. Kecəl torpaq anlamına gəlir, “keçəl başda tük bitmək” ifadəsi isə torpaqda ot göyərmək anlamına gəlir. Kosanı isə çox zaman keci ilə əlaqələndirirlər. Keçi təsərrüfatda insanın daha çox istifadə etdiyi heyvandir. Südü ana südünə yaxındır. Bir sözlə Novruz bayramı və onu təmsil edən personajlar insanın təbiətlə birbaşa əlaqəli olduğunu göstərir. Ümumiyyətlə, bu barədə çox danışmaq olar, yetərincə mənbələr var.
Əgər oxumaq istəmirsə, hər ilin fevralında, yəni çərşənbələr başlayandan etibarən onun bayağı adlandırdırdığı televiziyalarımızda geniş şəkildə məlumat verilir. Məncə Murad Dadaşov hər hansı sözü deməzdən öncə yetərincə məlumatlansa yaxşı olar".
Qeyd edək ki, M.Dadaşov saytımıza açıqlamasında Novruz bayramını tənqid etmiş, ənənələri bəyənmədiyini bildirmişdi.