"Ştirliç"- in qorxulu kabusu

29-05-2015, 10:31           
"Ştirliç"- in qorxulu kabusu
Gənc aktyor o uzaq illərdə Bolqarıstana etdiyi qastrol səfərini çox xatırlayacaqdı... Bir insana bədbəxt gələcək həyat barədə deyilənlər onu necə məyus etməyə bilərdi?! Həyatı boyu sakit və utancaq olan oğlan şan-şöhrətin zirvəsinə qalxdıqca, o qarının dediyi sözləri daim beynində gəzdirir, bunun baş verəcəyindən qorxur və üşənirdi. Başı yeni film çəkilişlərinə qarışsa da, həmişə xəbər gözləyirdi. Vahiməli xəbəri...
Analitik.az dövrünün ən məşhur aktyoru Vyaçeslav Tixonovun şəxsi həyatına dair maraqlı araşdırmanı təqdim edir. Şöhrətin zirvəsində belə faciə qorxusu bir an tərk etməyən V.Tixonovun şəxsi həyatı daim qalmaqalla keçib.
Belə bir yaraşıqlı və çoxmilyonlu sovet qadınının simpatiya bəslədiyi kişinin ailədə qədri bilinməyib. Həyatını aktrisa Nonna Mordyukova ilə quranda bir ailə sevinci yaşayacağını düşünürdü. Ona elə gəlirdi ki, gələcək övladının doğulması ilə bu sevinci daha da yaxından yaşayacaq, özünü xoşbəxt sanacaq. Amma kubanlı qızın dilinin acılığı və atmacaları onu həyatdan tez bezdirdi. Oğlu Vladimirin dünyaya gəlməsindən sonra o bolqar qadının dediyi sözlər hər gün kabus kimi başının üstündə gəzirdi.

Vladimirin doğulmasından bir neçə il sonra Vyaçeslav Tixonov Bolqarıstana qastrol səfərinə getmişdi. Aktyor yoldaşları ona deyiblər ki, yaxın kəndlərdən birində gələcəyi görən kor qadın yaşayır. Vyaçeslav kəndə çatanda yadına düşüb ki, ev yiyəsinə nəsə almaq lazımdır. O, kənd mağazasına girərək bir butulka araq alır və Vanqanın görüşünə gedir. İçəri girəndə gözləri görməyən Vanqa uca səslə bildirir: “Əlində gətirdiyin - sənin həyatında bir ölümün əsasını qoyacaq, ömrün boyu o peşmanlığın əzabını yaşayacaqsan”. Aktyor təəccüblənir ki, gözləri görməyən qarı əlindəkinin nə olduğunu haradan bildi?. Sonra Vanqa ona belə deyir: "Əyninə zabit paltarı geyinəndən sonra bütün ölkədə tanınacaqsan."

Bir az söhbət edəndən sonra Vyaçeslav və aktyor yoldaşları Vanqa ilə xudahafizləşirlər. Çoxları elə düşünə bilər ki, Vanqanın dediyi zabit forması “Baharın 17 anı” filmi ilə bağlıdır. Amma yox. Vanqa “Hərb və sülh” filmini nəzərdə tuturdu. Doğrudan da həmin filmdən sonra Vyaçeslav Tixonov tanındı və çoxlu çəkilişlərə dəvət edildi. Bəs, Vanqa “əlində gətirdiyin sənin həyatında bir ölümün əsasını qoyacaq” sözləri ilə nə demək istəmişdi?

“Gənc qvardiya” filminə çəkilərkən orada bəzi gənc aktyorlar özlərinə gələcək həyat yoldaşları tapdılar. Tixonov Nonna Mordyukovaya vurulmuşdu. Filmin çəkilişi başa çatandan sonra evləndilər. Yataqxanada qalırdılar, məvacibləri bu aydan o biri aya güclə çatırdı. Buna yenə də dözmək olardı. Onlar arasında baş verən dava-dalaş oğulları Vladimirin dünyaya gəlməsindən sonra da səngimədi. Nəhayət, ayrıldılar. Balaca Vladimir ata qayğısından, öyüd-nəsihətindən məhrum oldu. Vanqanın dediyi isə neçə illərdən sonra düz çıxdı. Vladimir içkiyə qurşandı və 40 yaşında vəfat etdi. Vyaçeslav Tixonov onun qəbri üstündə ağlayanda yəqin ki, o bolqar qadının sözlərini də xatırlayırdı. Ağlaya- ağlaya deyirdi ki, “kaş, sənə görə hər şeyə dözüb ayrılmazdım...əgər sənə uşaqlıqdan düzgün tərbiyə verə bilsəydim, indi gənc yaşında soyuq məzarda uyumazdın”.

Oğullarını itirəndən sonra ayrılmış cütlük qəbiristanlıqda xeyli söhbət etdilər. Neçə illərdən sonra bu keçmiş ər-arvad arasında ilk belə uzun söhbət idi. Lakin hər şey arxada qalmışdı. Həyatdakı yadigarları torpaq altına getmişdi.

Oğlunun ölümündən sonra Vyaçeslav Tixonov günlərlə bağ evindən çıxmadı. Az müddət sonra onu infarkt vurdu. Sonra daha bir infarkt... Günlərin birində isə görkəmli aktyor əbədi olaraq gözlərini yumdu. Nonna Mordyukovanın ölümündən bir il sonra...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.