Xanımlığımı hamıya göstərəcəm və yürüyəcəm
4-06-2015, 20:22
Xalq artisti İlhamə Quliyeva "Yaşa idman bayramı" klipinə təqdimat mərasimi keçirib. "Qafqazinfo"nun məlumatına görə, klip haqda təəssüratlarını bölüşən xalq artisti göz yaşlarını saxlaya bilməyib:
"Klipi ilk izləyəndə ağladım. Necə firavan ölkədə yaşayıram, necə mükəmməl prezidentimiz var. Mən prezidentimiz İlham Əliyevin idarə etdiyi ölkənin kiçik vətəndaşıyam. Qürur hissi keçirirəm. Bu mahnı Avropa Oyunlarının bir himnidir. Dövlətimizin hər yaxşı gününə münasibət bildirirəm. Çox həyəcanlıyam, çiyinlərimə ağır yükü götürmüşəm".
Xalq artisti məşəldar olduğu üçün onu qınayanlara cavab verib:
"Bəzi kəslər yata bilmirlər ki, məşəli niyə İlhamə xanım daşıyır? Heç kəsin ürəyindən keçməsin ki, məşəli mən daşımamalıyam. Bu dövləti, tariximizi sevirəm. Məşəli sağ əlimə götürəcəm, sol əlimlə insanlara öpücüklər göndərəcəm, istəsəm qaçacam, istəsəm yürüyəcəm. Şayiə yayıblar ki, mən gəzə bilmirəm. Qaça da, yeriyə də bilirəm, lazım olsa, boksla da məşğul olaram. Mənim 20 yaşım yoxdur, qaçmaq mənə yaraşmaz. Xanımlığımı hamıya göstərəcəm və yürüyəcəm".
Qeyd edək ki, bəstəkar Tahir Əkbər, sözləri Baba Vəziroğluna məxsus bəstəyə Nail Naiboğlu ekran həyatı verib.