Narkotiki və içkini atan keçi yeni həyata başladı
12-04-2018, 08:02
Amerikada narkotik və alkoqoldan istifadəyə məcbur edilən keçini heyvanların terapiyası kurslarına göndəriblər. Bu haqda WPXI portalı məlumat yayıb.
İlk dəfə bu keçi haqqında 2018-ci ilin fevral ayında məlumat yayıldı. Corciya ştatından olan keçiyə narkotik verən isə Sergio Qusman idi. O, heyvanlara kokain və viski verir, sonra da onların davranışlarını videoya çəkib, sosial şəbəkələrdə yayırdı. Heyvan müdafiəçisi Kayl Cons heyvanı öz sığınacağına aparıb və ona Viski ləqəbi verib. Qadının sözlərinə görə, keçi o qədər arıq olub ki, onun sümüklərini saymaq mümkün olub. Bundan başqa, əvvəlcə keçi insanlardan uzaq dayanırmış. Könüllülər onu yedirmək üçün xeyli əziyyət çəkiblər. Amma zaman keçdikcə o da insanlara və onların verdikləri qidalara öyrəşib. Bundan başqa, insanlarla ünsiyyəti sevir və sığınacağın işçiləri başqa heyvanlara qayğı göstərəndə qısqanır.
Cons Viskini kurslara göndərmək istəyir. Onun dediyinə görə, keçi təlim görəndən sonra ondan uşaqların müalicəsində zooterapevtik məqsədlər üçün istifadə etmək olar. “Bu, dünyanın ən gözəl keçisidir və mütləq bu işin öhdəsindən gələcək”.