“Maşın” şouda dava, onun üçün maşın əldən getdi – “İkiüzlü, qorxaq…” – Video
1-06-2018, 09:21
“Maşın” şounun növbəti buraxılışı efirdə yayımlanıb.
Minval.info xəbər verir ki, yarışmada bu dəfə də qutudan çıxan şəkillərə əsasən müğənni Roza Zərgərlinin taleyi həll olunub. Dünənkindən fərqli olaraq sənətçi iddialı çıxışı ilə yadda qalıb. Oyunun əvvəlində səs toplayacağı halda kimi çıxaracağını söyləməyib. Lakin ağlında bir nəfəri tutduğunu qeyd edib və dünən baş verənlərə görə konkret hədəfinin olduğunu bildirib.
Belə ki, yarışmanın ilk günü qutudan Roza Zərgərlinin 6 şəkli çıxsa da, şoumen Murad Dadaşovun “kimlər onun şəklini qutuya atıb” sualından sonra 7 nəfər əlini qaldırıb. Bu isə müğənnini qəzəbləndirib və növbəti dəfə demək olar ki, öz istəyi ilə səsverməyə çıxıb.
Aparıcı Aytən Səfərova, Mətanət Əliverdiyeva, “Hozu” obrazı ilə yadda qalan aktyor Məcid Hüseynov, vayner Hüseyn Əzizoğlu müğənni Roza Zərgərliyə dəstək olub və tamaşaçılardan ona səs istəyib.
Teleaparıcı Günel Hümbətova müğənnidən hədəfinin kim olduğunu açıq deməsini istəyib. Bu zaman Roza Zərgərli emosianal tərzdə səs toplayacağı halda məhz onu çıxaracağını söyləyib və nəticədə onlar arasında ciddi mübahisə başlayıb. Hətta müğənni onun ünvanına kobud sözlər deməklə yanaşı “ikiüzlüsən” də söyləyib. Roza Zərgərli qərarını oyunun gedişatında verdiyini qeyd edib, amma G.Hümbətova onunla razılaşmayıb. O, əvvəldən Roza Zərgərlinin hədəfində olduğunu bildirib və tamaşaçılardan “Getsin”ə səs istəyib.
Şouda qalmaqaldan daim uzaq olan reper Uran da tamaşaçılardan Roza Zərgərlini dəstəkləyib. Günel Hümbətova isə iştirakçıları buna görə qorxaq adlandırıb.
Şounun bitməsinə az qalmış müğənni verilişin əvvəlində qərarını dəyişməyəcəyini söyləsə də, sonda fikrindən daşına biləcəyini qeyd edib.
Verilişin sonunda səsvermələrin nəticəsi açıqlanıb və daha çox “Qalsın”a səs gəlib. Beləliklə, Roza Zərgərli aparıcı Günel Hümbətovanı oyundan kənarlaşdırıb.
Şouda qalmağı bacaran müğənni növbəti dəfə səsverməyə çıxarsa reper Qurdu hədəf seçəcəyini bildirib.