ABŞ Türkiyəyə “Patriot” verir: S-400-dən imtina ediləcək?

20-12-2018, 08:24           
ABŞ Türkiyəyə “Patriot” verir: S-400-dən imtina ediləcək?
ABŞ-ın Türkiyəyə silah embarqosu tətbiq etməsinin heç bir mənası yoxdur. Türkiyə artıq özü də silah istehsal edir və alternativ silah almaq problemini həll edib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Türkiyə müstəqil, böyük dövlətdir:

“Bunun sübutu neçə ildir Türkiyənin apardığı daxili və xarici siyasətdir. Eyni zamanda, həm ABŞ-dan, həm də Rusiyadan silah alan ölkələr çoxdur. Burada təəccüblü heç nə yoxdur. NATO ölkələri arasında da Rusiyadan silah alanlar var. Məsələn, Yunanıstan S-300 kompleksini Rusiyadan alıb. Amma bu məsələdə ancaq Türkiyə ABŞ tərəfindən təzyiqlərə məruz qalır. Bu, bilavasitə ikili standartların göstəricisidir. Mövzu Türkiyə, Azərbaycan və digər müsəlman ölkələri olanda BMT-nin böyük beşliyi tərəfindən beynəlxalq siyasətdə ikili standartlar işə keçir. Ərdoğan buna etiraz olaraq əbəs yerə deməyib ki, dünya artıq 5-dən böyükdür”.

Politoloq vurğulayıb ki, Türkiyə NATO üzvü olsa da, Rusiya ilə kifayət qədər yaxşı münasibətlərə malikdir:

“Nə ABŞ, nə də Rusiya Türkiyəyə diktə edə bilər. Rusiya zatən Türkiyəyə diktə etmir. Ona görə hesab edirəm ki, Türkiyənin ABŞ-dan silah almasına Rusiya tərəfdən heç bir narazılıq, problem olmayacaq. ABŞ da anladı ki, Türkiyə ilə diktə dili ilə danışmağın xeyri yoxdur. Ona görə də “Patriot” zenit raket sistemlərini Türkiyəyə satmağa qərar verdi. Amma bunun baş verməsi üçün gərək ABŞ Konqresi də təsdiqləsin. Konqresdə də heç şübhəsiz Türkiyənin Rusiyadan S-400 alınmasını bəhanə edib ABŞ-ın Türkiyəyə “Patriot”ların satılmasının əleyhinə çıxanlar olacaq. Bu məsələdə artıq qərar ABŞ-ındır”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə ABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.