İSTANBUL VƏ ANKARA UĞRUNDA BÖYÜK SAVAŞ – AKP və CHP “ağır toplardan” istifadə edir
24-12-2018, 08:42
Türkiyədə əhəmiyyətinə görə parlament seçkilərindən heç də geri qalmayan növbəti bələdiyyə seçkilərinin keçirilməsinə, təxminən, 100 gün qalır. Qardaş ölkənin siyasi həyatında hazırda ən qızğın şəkildə müzakirə olunan mövzulardan biri, hətta birincisi də elə bu seçkilərdir.
Ümumiyyətlə, bələdiyyə seçkilərinin Türkiyə üçün nə qədər əhəmiyyətli siyasi hadisə olduğunu anlatmaq üçün təkcə onu qeyd etmək kifayətdir ki, Rəcəb Tayyib Ərdoğanın ilk böyük siyasi uğuru məhz 1994-cü ildə İstanbul bələdiyyəsinin sədri seçilməsi sayılır. Hazırda da AKP-nin İstanbuldan namizədinin Binəli Yıldırım kimi “koloritli fiqurun” olacağı bildirilir. O Binəli Yıldırım ki, son iki ildə Türkiyənin baş naziri postunu tutub və hazırda isə Türkiyə Böyük Millət Məclisinin sədridr. Onu da qeyd edək ki, Yıldırım bu seçkidə iştirak etmək üçün dövlətin ən ali postlarından olan parlament sədri vəzifəsindən istefa verməlidir…
“Məndən eşitmədiyiniz xəbərə inanmayın…”
Türkiyədə prezident üsul-idarəsinin formalaşması xatirinə faktiki olaraq, baş nazirlik vəzifəsindən imtina etmiş şəxs kimi tarixə düşən və hazırda parlament sədri postunu tutan Binəli Yıldırımın AKP-nin İstanbul namizədi olacağına dair mətbuatda sıx-sıx məlumatlara yer verilir. Çoxları onun namizədliyinin birmənalı olaraq, təsdiqlənəcəyini bildirirlər. Onunla yanaşı Türkiyənin hazırkı daxili işlər naziri Süleyman Soylunun da adı AKP-dən namizəd kimi hallandırılsa da, birincinin şansları daha yüksək qiymətləndirilir. AKP-nin ümumilikdə Türkiyə üzrə bütün namizədlərinin siyahısının isə bu gün saat 13.00-da şəxsən R.T.Ərdoğan tərəfindən elan olunacağı bildirilsə də, mətbuata siyahı barədə detallı məlumatlar ötürülməkdədir. Ancaq məhz İstanbul və Ankara üzrə namizədlərin kimliyinin son ana qədər dəqiq bilinmədiyi və yalnız Ərdoğan tərəfindən elan olunacağı önə sürülür.
Bu sırada ən çox adı hallanan və namizədliyi irəli sürüləcəyi təqdirdə qələbə şansı yüksək olan B.Yıldırımla bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. AKP-yə yaxın mətbu orqanlar birmənalı olaraq, İstanbul namizədinin Yıldırım olacağını bildirsələr də, CHP sədri Kamal Kılıçdaroğlu bu günlərdə “Binəli Yıldırım namizəd olmazsa, heç şaşırmayın…” deyə bildirib.
Ən maraqlısı isə odur ki, B.Yıldırım özü də namizədliyi barədə suala birmənalı cavab verməkdən yayınaraq, “məndən eşitmədiyiniz xəbərə inanmayın…”, – deyə bildirib. Namizədliyi ilə bağlı şübhələri bir qədər də artıran Yıldırımın bu açıqlaması S.Soylunun adının önə çıxmasına əsas vermiş olub. Lakin Türkiyənin hazırkı daxili işlər nazirinin B.Yıldırım qədər şanslı olmadığı birmənalıdır.
CHP AKP-nin qarşısına İmamoğlunu çıxarır
imamoglu
CHP-nin nisbətən gənc və olduqca parlaq gələcək vəd edən kadrlarından sayılan Əkrəm İmamoğlu martın 31-də keçiriləcək bələdiyyə seçkilərində partiyanın İstanbuldan namizədi elan olunub. 1970-ci il təvəllüdlü və Trabzon əsilli Ə.İmamoğlu şəffaf karyeraya malik və uğurlu layihələrə imza atmış biri kimi tanınır. İmamoğlu 2014-cü ildə keçirilən seçkilərdə İstanbul Beylikdüzü bələdiyyəsinin başçısı postunu qazanıb. Fəaliyyəti dövründə ciddi uğurlara nail olduğu bildirilən İmamoğlu bacarıqlı bələdiyyə başçısı kimi ad çıxarıb. 2009-cu ildən etibarən CHP-nin Beylikdüzü təşkilatına rəhbərlik edən Ə.İmamoğlunun partiya daxilində də böyük nüfuza malik olduğu deyilsə də, onun Binali Yıldırım qarşısında hansısa ciddi nailiyyət əldə edəcəyi şübhəli görünür. Bu üzdən bəzi şərhçilər Kamal Kılıçdaroğlunun İstanbul üzrə namizəd irəli sürərkən səhvə yol verdiyini və partiyada daha şanslı namizədlərin olduğunu bildirirlər. Bunların sırasında Məhərrəm İncənin, Gürsəl Təkinin və Mustafa Sarıgülün adları daha çox çəkilir. Çoxları hesab edir ki, bu namizədlər, xüsusilə də M.İncə daha şanslı namizəd olardı və Binəli Yıldırıma qalib belə gələ bilərdi. Lakin şərhçilər onun namizədliyindən imtina edilməsində Kılıçdaroğlu ilə gərgin münasibətlərinin əsas rol oynadığını iddia edirlər.
Mənsur Yavaş yavaş-yavaş Ankaraya doğru…
CHP-nin İstanbul namizədi seçimində səhvə yol verdiyini bildirən şərhçilər əvəzində partiyanın Ankarada çox güclü seçim etdiyini düşünürlər. Belə ki, Kılıçdaroğlunun bu seçki öncəsi ən böyük uğuru MHP-dən ayrılan Meral Akşenerin rəhbəri olduğu “İyi parti” ilə ittifaqa girərək, Ankaradan vahid namizədlə çıxış etməsi göstərilir. Həmin namizəd isə istər HDP-lilər xaric Ankara əhalisi, istər CHP-lilər, istər milliyətçilər arasında, istərsə də ümumilikdə Türkiyə çapında kifayət qədər böyük nüfuza malik Mənsur Yavaşdır.
Ankarada doğulmuş M.Yavaş mühafizəkar bir isim kimi tanınmaqla yanaşı, MHP-nin ən nüfuzlu bələdiyyə rəhbərlərindən biri kimi ad çıxarıb. O, hələ 1999-cu ildə keçirilən seçkilərdə MHP-nin namizədi olaraq, Ankara Beypazarı bələdiyyəsinin başçısı postunu qazana bilib. Həmin seçkidə 51 faiz səslə qalib gələn Yavaşın yavaş-yavaş nüfuzu daha da artıb və 2004-cü ildə keçirilən növbəti seçkidə artıq 55 faiz səs toplayıb. M.Yavaşın bələdiyyə sədri kimi uğurlarını təsdiqləyən məqamlardan biri də onun 2004-cü ildə TÜSİAV tərəfindən “İlin bələdiyyə başqanı” ödülünə layiq görülməsidir.
Ankaralalıların rəğbət bəslədiyi və necə deyərlər, “namazı, orucu yerində olan” Yavaş həm də dindar kəsim tərəfindən müsbət qarşılanır. 2009-cu ilə qədər bələdiyyə başqanı olan M.Yavaş MHP tərəfindən Ankara şəhər bələdiyyəsi sədri postuna namizəd kimi irəli sürülsə də, həmin seçkidə 27 faiz səs toplamışdı.
2013-cü ildə MHP-dən ayrılan Yavaş CHP-yə keçib. 2014-cü il seçkilərində isə Ankaranın o vaxtkı bələdiyyə başqanı Melik Gökçəkin əsas rəqibi kimi meydana çıxıb. AKP-nin ən məşhur və qalmaqallı isimlərindən olan M.Gökçək ilə mübarizədə çox cüzi səs fərqi ilə uduzan Yavaşın özü və CHP seçkinin saxtalaşdırıldığını iddia etmişdilər. Rəsmi nəticələrə görə, 44 faiz səs toplayan Yavaş və CHP pozuntularla bağlı çoxsaylı iddialar və faktlar ortaya qoysalar da, nəticələr dəyişdirilməmişdi.
Həmin vaxt seçkini uduzsa da, ankaralıların rəğbətini qazanan Yavaş hazırkı seçkilərdə olduqca şanslı görünür. Onun həmin seçkidə məğlub olduğu M.Gökçək isə çox qalmaqallı və ziddiyyətli fiqur kimi tarixə düşməklə yanaşı, ara-sıra korrupsiyada da ittiham edilmişdi. Hətta AKP-nin ən nüfuzlu isimlərindən olan və bir dönəm parlament sədrliyi postunu tutmuş Bülənt Arınç Gökçəki nəzərdə tutaraq, “Ankaranı parsel-parsel satdı…” demişdi.
AKP Yavaşın qarşısına nazirlə çıxır
Bələdiyyə seçkisinin Türkiyə üçün önəmini göstərən faktlardan biri də hakim partiyanın hətta öz nazirlərindən vaz keçərək, onları bələdiyyələrə göndərməsidir. Artıq AKP-nin Ankara namizədinin hazırkı Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhasekinin olacağına şübhə edənlər yoxdur. Doğrudur, bu posta daxili işlər naziri S.Soylunun da iddialı olduğu deyilir. Ancaq onun adı həm də İstanbuldan namizəd kimi hallanır və çoxları AKP-nin məhz M.Özhasekinin üzərində durduğunu iddia edirlər.
Uzun müddət Kayseri Bələdiyyəsinə rəhbərlik etmiş Özhaseki uğurlu kadr hesab edilir. Lakin 2016-cı ildən nazir vəzifəsi tutan Özhasekinin Ankarada seçkini qazanacağına şübhə edənlər olduqca çoxdur. Xüsusilə də rəqibin M.Yavaş olduğu nəzərə alınsa, bu şübhələrin əsassız olmadığını söyləmək olar. Yavaşdan fərqli olaraq, güclü xarizması ilə seçilməyən Özhasekinin namizədliyinə qarşı çıxan AKP-lilər də az deyil. Ancaq partiya rəhbərliyinin öz seçimində israrlı olduğu və şənbə günü açıqlanacaq siyahıda məhz onun adının yer aldığı bildirilir.
AKP-nin rəqibləri Gülün qəbulunda?
Bu arada isə CNN Türk telekanalının canlı yayımının qonağı olan jurnalist Gürkan Hacır sensasiyalı məlumatlarla çıxış edib. O, CHP-nin bələdiyyə seçkilərindəki namizədlərinin Türkiyənin sabiq prezidenti və Ərdoğanın ən yaxın silahdaşlarından olmuş Abdulla Güllə görüşdüklərini bildirib. Hacır iddia edib ki, son günlər CHP-li namizədlər A.Gülün qəbulunda olublar. Mövzu barədə çox ətraflı danışmaqdan və sabiq prezidentlə görüşənlərin adını söyləməkdən çəkinən jurnalist, Gülün bu seçkidə müxalif qüvvələrlə bir yerdə olduğuna eyham vurub. Hətta bildirib ki, CHP-nin namizədlərinin müəyyənləşdirilməsində A.Gülün xüsusi rolu olub.
Göründüyü kimi, bələdiyyə seçkisinə 3 aydan da çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyəti artıq bu siyasi hadisəni tam gərginliyi ilə yaşamaqdadır. Xüsusilə də Ankara və İstanbul uğrunda gedən “savaşda” kimin qazanacağı isə olduqca əhəmiyyətlidir. Çünki məhz bu şəhərlərdə bələdiyyə seçkilərinin nəticələri təkcə onların idarəçiliyinin kimlərin əlində olmasını deyil, həm də gələcək parlament seçkisində hansı siyasi qüvvənin önə çıxacağının ilkin siqnallarını vermiş olacaq.
Bizim əlimizdən isə Azərbaycanda əhalinin olduqca biganə yanaşdığı və az qala əhəmiyyətsiz hesab etdiyi bələdiyyə seçkilərinin qardaş ölkənin siyasi həyatı üçün nə qədər önəmli olduğunu seyr etməkdən və nə vaxtsa bizdə də belə seçkilərin keçiriləcəyini arzulamaqdan başqa heç nə gəlmir…
Cəlal Məmmədov
AzPolitika.info