ABŞ-Türkiyə sövdələşməsi: Tramp bu regiona girir

25-12-2018, 08:42           
ABŞ-Türkiyə sövdələşməsi: Tramp bu regiona girir
ABŞ diqqətini Yaxın Şərqdən Mərkəzi Asiyaya yönəldir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ-ın Suriyadan ordularını çıxarması təsadüf deyil:

“ABŞ Astana prosesinin iflic vəziyyətə salmağa, özünün missiyasını orada ön plana çəkməyə çox çalışdı. Ancaq alınmadı. Demək olar ki, Astana prosesinin üçlü həmahəng fəaliyyəti haradasa öz nəticəsini verdi. ABŞ buradan getməsini özünün əzəli müttəfiqi olan Türkiyə ilə razılaşdırıb. Burada hətta müəyyən sövdələşmə də baş verib”.

Politoloq qeyd edib ki, Türkiyənin kürd dəstələrinə qarşı mövqeyi qətidir:

“Türkiyə həmin dəstələri terrorçu sayır. ABŞ isə burada kürd dəstələrini hazırlayırdı, onlara silah-sursat verirdi. Suriyada 30 minə yaxın kürd terror qruplaşması var. ABŞ-ın bu səhnəni tərk etməsi nisbi sakitlik yaradacaq. Ancaq bu sakitlik “qasırğa öncəsi” olan sakitliyə bərabərdir. Bundan sonra vəziyyətin nə tərzdə dəyişəcəyini görəcəyik. Birincisi, İsrail ABŞ-ın gedişi ilə razılaşmadı. Digər tərəfdən də burada Türkiyə-kürd yaraqlı dəstələri, İran-İsrail toqquşmaları baş verə bilər. Yəni ABŞ burada özündən sonra xeyli sayda “minalanmış sahə” qoyub gedir. Ona görə də obrazlı desək, həmin o “mina”lar müxtəlif tərzdə partlaya bilər. Bu baxımdan da incə diplomatiyanın əsl vaxtı yetişir. Burada Rusiyanın, İranın, Türkiyənin və digər ölkələrin reaksiyalarının da necə olacağını qarşıdakı günlərdə görəcəyik. Üstəlik Qərb koalisiyasının özü də ABŞ-ın bu qərarına narazılığını bildirir. Burada çox intriqalar olacaq. Bunlar vaxtaşırı özünü büruzə verəcək”.

Politoloq vurğulayıb ki, ABŞ Türkiyəni taktiki proseslərdə istifadə edir:

“Türkiyənin oradakı iştirakı birmənalı deyil. ABŞ burada Türkiyənin deyil, öz problemini həll edir. Çünki Suriya hərbi kampaniyası ABŞ büdcəsinə çox böyük zərbə vurdu, ABŞ-ın buradakı xərcləri artdı. İndi də həmin xərclər Ağ Evi qorxudur. ABŞ ilk növbədə ora xərclədiyi vəsaiti yenidən formalaşdırıb başqa məqsədlərə sərf etmək istəyir. ABŞ daxilində iqtisadi reformlar, islahatlar gedir. ABŞ-a hazırda böyük vəsaitlər daxildə lazımdır”.

Politoloq bildirib ki, ABŞ bəzi Körfəz dövlətləri ilə Suriyadan çıxartdığı yaraqlıların çoxunu Orta Asiyaya yerləşdirib:

“Çünki burada - Əfqanıstan, Özbəkistan, Qazaxıstanda yeni proseslər cərəyan etməyə başlayıb. Bu o deməkdir ki, Orta Asiyada, Əfqanıstanın daxilində, ola bilsin ki, ən yaxın zamanda böyük oyunlar başlasın. Burada da biz yenə də Qərbin fitnə-fəsadının şahidi olacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.