Qonşu ölkədə güclü tələbə etirazları: polislə toqquşmalar olub

1-01-2019, 12:14           
Qonşu ölkədə güclü tələbə etirazları: polislə toqquşmalar olub
İranda baş vermiş və onlarla tələbənin həlak olması ilə nəticələnmiş dəhşətli avtobus qəzası güclü tələbə etirazlarının başlanmasına səbəb olub. virtualaz.org xəbər verir ki, Azad Universitetinin minlərlə tələbəsi bir neçə gündür ki, küçələrə çıxaraq 20-dən artıq tələbə yoldaşlarının həlak olmasına görə universitet rəhbərliyinin istefasını tələb edirlər.

Tələbələrin etirazları dekabrın 30-da və 31-də də davam edib. Etirazçılar siyasi şüarlar da səsləndiriblər. Polislə toqquşmaların baş verdiyi bildirilir.

İdman və Gənclik Nazirliyinin Borna xəbər agentliyinin məlumatına görə, etirazçılar universitetin qəyyumlar şurasının sədri Əli Əkbər Vilayətinin istefasını tələb edirlər.

Etirazçılar dekabrın 25-də baş vermiş qəza qurbanlarının fotolarını qaldırıblar. Tehranın şimal-qərbində törədilmiş qəzada 20 tələbə həlak olub, bir neçə nəfər xəsarət alıb. 30 tələbənin olduğu avtobus universitetin Elm və Tədqiqat filialı kampusunda dağlıq yolda aşıb, beton dirəyə dəyib.

Universitet rəsmiləri ilkin olaraq qəzaya görə sürücünü suçlayıb, onun iflic keçirdiyini deyib. Ancaq istintaq bu iddianı rədd edib. Tələbələrin əksəriyyəti hadisənin səbəbini universitet avtobuslarının köhnəlməsində axtarır, yeni maşınların alınmasını tələb edir.Onların daha bir tələbi kampusda fövqəladə mərkəz yaradılması, qəzanın baş verdiyi yerdə sədd çəkilməsidir.

Hadisədən sonra bir sıra orta səviyyəli menecerlər işdən çıxarılıb, bəzi həbslərin aparıldığı bildirilib. Məlumatı ISNA xəbər agentliyi yayıb.

Etirazçı tələbələrə baş çəkən Baş prokuror Məhəmməd Cəfər Müntəzeri sakitliyə çağırıb, işi şəxsən araşdırmağa, məsuliyyət daşıyanları cəzalandırmağa söz verib.

Lakin dekabrın 31-də etirazlar davam edib və sosial şəbəkələrdə yayılan kadrlara əsasən tələbələrlə polis arasında toqquşmalar olub. “Reuters” xəbər verir ki, dekabrın 31-də etirazlarla bağlı internetdə yayılan videolarda polislə şüarlar qışqıran tələbələrin toqquşduğu görünür. Ancaq agentlik videoların həqiqiliyini təsdiqlədə bilmədiyini vurğulayır.

İran dünyada yol qəzalarının tez-tez baş verdiyi ölkələrdəndir. Birləşmiş Ştatlar sanksiyaları bərpa edəndən sonra İranın ictimai nəqliyyat sektorunu müasirləşdirmək cəhdlərinin əngəlləndiyi bildirilir.“Peugeot” və “Renault” kimi avtomobil şirkətləri daxil olmaqla, bir sıra xarici şirkətlər sanksiyalara görə ölkədən gedib.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.