Ərdoğanın “İYİ” xilası
25-07-2019, 08:02
Türkiyədə keçirilən son bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir, Antalya, Ankara və İstanbul kimi böyük şəhərləri ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzması daxildə ciddi fikir ayrılıqlarına səbəb olub.
Türkiyənin müstəqil siyasi ekspertləri AKP-nin bu məğlubiyyətini nüfuzunun ciddi şəkildə aşağı düşməsi ilə əlaqələndirir.
Baxmayaraq ki, AKP hələ Prezident seçkiləri zamanı millətçi kəsimi öz yanına çəkmək üçün Miliyyətçi Hərəkat Partiyası (MHP) ilə ittifaqa getdi, bələdiyyə seçkilərində bu da hakim partiyanı məğlubiyyətdən xilas edə bilmədi. Son günlər isə AKP-nin bir müddət əvvəl MHP-dən qopan millətçilərin yaratdığı İYİ Partiya ilə əməkdaşlıq edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Türkiyə mətbuatının yazdığına görə, AKP İYİ Partiyanın sədri Meral Akşenərə nazir postu təklif edib. Danışıqların gizli şəkildə aparıldığı deyilir. İYİ Partiya sədri Meral Akşenər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə İttifaqı” adı altında CHP və İYİ Partiyaya nazirlik təklif etdiyi və ilk görüşün də məhz onunla keçirildiyi ilə bağlı iddialara cavab verib. Akşenər belə bir təklifin olmadığını qətiyyətlə bildirib: “Bülənt Arınç partiyanın baş ofisini ziyarət etdi. Bu, cəmiyyətə açıq şəkildə keçirilən görüş idi. Arınc Kılıçdaroğlu ilə də görüşüb. Bu dedi-qodunu isə AKP daxilindəki bir qrup çıxarıb. Düşünürəm ki, bu, MHP sədri Dövlət Baxçalıya qarşı təzyiq vasitəsidir. Baxçalıya demək istəyirlər ki, bax, İYİ Partiya da var”.
Göründüyü kimi, bələdiyyə seçkilərindən sonra Türkiyədə siyasi proseslər fərqli istiqamətlərdə cərəyan edir və fərqli şəkildə şərh olunur. Belə ki, bu prosesin AKP tərəfindən müxalifəti parçalamaq üçün hazırlandığı bildirilir. Xatırladaq ki, Meral Akşenər AKP hökumətində bir müddət daxili işlər naziri postunu tutub. Hesab olunur ki, AKP öz “köhnə kadrı”ndan istifadə edərək, müxalifəti parçalayıb, yenidən vahid güc halına gəlmək istəyir.
Maraqlıdır, ümumiyyətlə AKP-İYİ Partiya ittifaqı mümkündürmü? Əgər birlik baş tutarsa, bu, AKP iqtidarına müsbət və mənfi mənada nə qazandırar?
Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında belə bir əməkdaşlığın mümkün olduğunu deyib. Həmsöhbətimiz hesab edir ki, bu ittifaq Türkiyə cəmiyyətində barışığın göstəricisi olar: “Siyasətdə bu cür hərəkətlilik təbiidir. Alyanslar, danışıqlar, təkliflər, razılaşmalar siyasi fəaliyyətin tərkib hissəsidir. Akşenərin söylədiyi hələ rəsmi təsdiqlənməyib. AKP-dən rəsmi açıqlama gəldiyindən sonra bu haqda daha ətraflı fikir bildirmək olar. İYİ Partiyaya MHP-nin, daha dəqiq desək, Dövlət Baxçalının təsiri var. AKP İYİ Partiyaya hansısa nazir postunu təklif edibsə, ola bilsin bu məsələdə Dövlət Baxçalının bilavasitə iştirakı var. Akşenərə gəldikdə isə həmişə olduğu kimi populizm, şouyla məşğuldur. Bu, bir daha onu göstərir ki, nazir postu təklifinə dair söhbətlərdən Akşenərin həmin an xəbəri olmayıb. Meral Akşenər onun başının üstündə gedən proseslərdən narazı olaraq məsələni açıq müstəviyə çıxarmaqla danışıqları pozmaq istəyir. Hələlik bu məsələni belə dəyərləndirirəm”.
AKP-nin İYİ Partiya ilə ola biləcək əməkdaşlığına gəldikdə isə, ekspert bunu mümkün sayıb: “Yuxarıda qeyd etdiyim kimi, bu cür məsələlər siyasi fəaliyyətin tərkib hissəsidir. AKP və İYİ Partiya arasında ola biləcək əməkdaşlığı hər iki partiya üçün müsbət yöndə dəyərləndirirəm. Bu, həm də Türkiyə cəmiyyətində əməkdaşlığın, barışığın göstəricisi olar. İndiki zamanda Türkiyə cəmiyyətinə bu cür mesajların verilməsinin əhəmiyyətli olduğunu düşünürəm”.
Politoloq Məhəmməd Əsədullazadə isə AKP-nin bu planının 2023-cü ildə keçiriləcək prezident seçkilərinə hesablandığı qənaətindədir: “AKP -də baş verən parçalanma və bələdiyyə seçkilərində böyük şəhərlərdə seçkini uduzması Ərdoğanı müyyən siyasi gedişlərə vadar edir. İYİ Partiya ilə danışıqlara getməsi əsasən, Əli Babacanın yaradacağı partiya qarşısında duruş gətirməyə və 2023-cü il seçkilərində qələbə qazanmasına hesablanıb. Hesab edirəm ki, İYİ Partiyanın buna getməsi daxili parçalnmaya səbəb ola bilər. Ərdoğan həmçinin ona qarşı olan “Cümhur İttifaqı”nı sıradan çıxarmaq istəyir. Bilir ki, CHP onunla ittifaqa və danışıqlara getməyəcək. Ona görə də Meral Akşenərlə danışıqlar aparır. Meral Akşenər prinsipcə bu ittifaqa daxil ola bilər. Amma bununla öz siyasi platforması zədələnər, Türkiyə siyasi cameəsində mövqeyi zəifləyər. Digər tərəfdən, bu proses batan gəmini Meral Akşenərin qurtarması kimi qiymətləndiriləcək. Meral Akşener AKP ilə ittifaqa girsə, Əli Babcanın partiyası CHP ilə ittifaqa girəcək. Həmçinin İYİ Partiyadan da qopmalar olacaq. İndi İYİ Partiyada təmsil olunanlar ona görə MHP-dən ayrıldı ki, bu partiya AKP ilə ittifaqa getdi. Eyni senari indi İYİ Partiyaya şamil olunur. Meral Akşenər buna razılıq versə, “siyasi qürub”a çəkiləcək. Ərdoğan da heç də ciddi nəticə qazanmayacaq. Çünki bu kimi ittifaqlar müvəqqəti xarakter daşıyır. MHP ilə uğur qazanmayan AKP İYİ Partiya ilə də uğur qazanmayacaq”.//Cebhe.info//