Serakib yenidən əl dəyişdirdi: İdlibdə ağır döyüşlər gedir

3-03-2020, 00:02           
Serakib yenidən əl dəyişdirdi: İdlibdə ağır döyüşlər gedir
Suriya, fevralın 27-dən Türkiyəyə bağlı hərbi birləşmələrin nəzarəti altında olan Serakib mahalını təkrar geri alıb.

Ovqat.com Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu strateji əhəmiyyət daşıyan, Dəməşq və Hələbi birləşdirən M4 və M5 magistral yollarının kəsişmə nöqtəsi yerləşən Serakibə girdiyini bəyan edib.



Ordu qüvvələrinin bölgədə təmizlik işlərinə başladığı bildirilən xəbərdə Serakibə girən Suriya əsgərlərinin görüntüləri də yer aldı.

Qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri (SOHR) də faktı təsdiqləyib və hərəkatın Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.

SOHR-un "etibarlı mənbələrə" istinadən xəbərinə görə, İdlibdə Türkiyəyə bağlı müxalif qruplarla Suriya ordusu arasında şiddətli qarşıdurmalar yaşanır.



Mənbələr TSQ-nın ağır raket atəşi ilə dəstəklədiyi bölgənin Rusiya təyyarələri tərəfindən də bombalandığını bildiriblər.



Suriya ordusu qüvvələrinin İdlibdə Xorş Kafr Nabl ilə birlikdə bir neçə məhəlləni ələ keçirdiyi xəbər verilir.

SOHR-un məlumatında görə, İdlibin Kumina bölgəsində raket hücumu nəticəsində bir neçə türk əsgəri yaralanıb.

Serakib niyə əhəmiyyətlidir?

Ölkənin dörd böyük şəhərini – Dəməşq, Xüms, Hama və Hələbi birləşdirə M-5 şosse yolu ilə Suriyanın mərkəzindən Aralıq dənizi sahillərindəki Latakiya kimi əhəmiyyətli liman şəhərinə gedən M4 avtomobil yolu Serakibdə bir-biri ilə kəsişir.

Serakib bu baxımdan Suriya hökumətinə magistral yolları geri almaq, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün çox vacibdir.




Suriya ordusu fevralın 7-də Serakibi müxalif güclərin əlindən almış, fevral 27-də isə Türkiyə dəstəkli qruplar bölgəyə nəzarəti yenidən ələ keçirmişlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.