ANKARA “S-400”-Ü SEÇƏCƏK, YOXSA “F-35”-İ? – ABŞ-da hələ də bu suala cavab axtarılır
9-06-2020, 15:35
Avrasiya materikində mühüm coğrafi məkanda yerləşən Türkiyə gələcək geostrateji perspektivləri düzgün dəyərləndirməyə çalışır. İkinci Dünya Müharibəsindən indiyədək Türkiyə Qərb dünyası ilə ortaq mövqedə dayanıb. Bəs bundan sonra nə baş verəcək?
Avropa Birliyinə, Avroatlantik məkanına inteqrasiya cəhdi davam etdiriləcək, yoxsa Asiya və Rusiyaya tərəf meyl artacaq? Sözsüz ki, vəziyyət olduqca mürəkkəbdir və bu baxımdan birmənalı fikir söyləmək çətindir. Türkiyə böyük dövlətdir və zəngin siyasi təcrübəyə malikdir. Yəqin ki, siyasi və diplomatik müstəvidə bu təcrübə işə yarayacaq.
Son dövrlər Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ətrafında xeyli müzakirələr aparılır. Çünki beynəlxalq arenada Türkiyə tərəfindən “S-400” raketlərinin tədarükü təkcə hərbi texnika ilə təchizat məsələsi yox, eyni zamanda da yeni geosiyasi müstəviyə yönəlmək kimi anlaşılır. Bu mövzu ilə bağlı müxtəlif fikirlər mövcuddur.
ABŞ-ın “The National Interest” portalı “Daha bir S-400? – Doğrudanmı Türkiyə yenidən Rusiya ilə yaxınlaşır?” başlıqlı məqaləsində iki ölkə arasında yaranmış soyuqluqdan və gərginlikdən sonra Türkiyənin yenidən Rusiya ilə yaxınlaşması mövzusuna toxunur:
“İndi Türkiyə ilə Rusiya arasında “nadir” hesab ediləcək qədər yaxşı münasibət yaranıb. 19-cu əsrdə iki ölkə arasında bir sıra müharibələr baş vermiş və yekun nəticədə Türkiyə öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getmək məcburiyyətində qalmışdı. Bəli, bir neçəəsr ərzində Rusiya nəzərlərini Konstantinopola(müasir İstanbul) yönəltmişdi, çünki rus çarları özlərini birbaşa Bizans İmperiyasının varisləri sayıblar. Çar Rusiyası ilə Osmanlı İmperiyası Birinci Dünya Müharibəsi zamanı Qafqazda bir-birinə qarşı qanlı döyüşülər aparıblar.
Birinci Dünya Müharibəsi bitəndən və Osmanlı İmperiyası çökəndən sonra müasir Türkiyə Sovet İttifaqı ilə münasibətləri yoluna qoydu. Həm də müəyyən mənada ona görə ki, Vladimir Leninin rəhbərliyi altındakı bölşevik hökuməti Osmanlının şərqinə və Konstantinopla olan ərazi iddialarından imtina etdi. Bundan başqa, məhz sovetlərin silah təchizatı müasir Türkiyənin qurucu atası Mustafa Kamalın(Atatürk) Türkiyə-Yunanıstan müharibəsində yunanlar üzərində qələbə qazanmasında böyük rol oynadı.
İkinci Dünya Müharibəsindən sonrakı dövrdə vəziyyət Sovet İttifaqının 1925-ci ildə imzalanmış hücum etməmək haqqında paktdan çıxmasına görə kəskinləşdi. Türkiyə 1952-ci ildə NATO-ya daxil oldu və BMT silahlı gücləri tərkibində Koreya müharibəsinəəsgər göndərdi.
Əgər keçmişdə vəziyyət mürəkkəb idisə, indi o, tamamilə anlaşılmazdır. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki tərəflə – həm NATO, həm də Rusiyayla münasibət qurmaqda davam edir. Bu həftə Rusiyanın dövlət KİV-lərinin yaydığı məlumatda deyilir ki, Türkiyənin Rusiyaya verdiyi hərbi texnika sifarişinin maliyyə həcmi təxminən 1 milyard dollardır.