Türkiyə Hərbi Hava Qüvvələri: kəmiyyət və keyfiyyət
27-07-2020, 12:26
Yaxın Şərqdə daha bir gərginlik dövrü Türkiyə Hərbi Hava Qüvvələrinin fəal iştirakı ilə baş verdi. Bu qoşun növü kəşfiyyat, yer hədəflərinə zərbələr endirilməsi və bir sıra digər vəzifələrin yerinə yetirilməsini təmin etdi. Türkiyə Hərbi Hava Qüvvələrinin quruluşunu, gücünü və potensialını nəzərdən keçirək. Bazalar və hərbi hissələr
Açıq məlumatlara görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələrində mülki personal da daxil olmaqla təqribən 50 min nəfər xidmət edir. Ölkədə bərabər paylanan 15 aviabazadan istifadə edilir. Bütün bunlar hərbi hissələri Türkiyənin bütün hava məkanında və ətraf bölgələrdəki fəaliyyətlərə cəlb etməyə imkan verir. Xüsusilə Suriyanın şimal bölgələrində aktiv fəaliyyət üçün geniş imkanlar təmin edilir. Hərbi Hava Qüvvələrinin müxtəlif fəaliyyət sahələri üçün cavabdeh olan bir neçə komandanlığı mövcuddur.
Hərbi komandanlığın tabeçiliyində təxminən müxtəlif təyinatlı 30-dan çox döyüş eskadrilyası mövcuddur. Döyüş komandanlığı taktiki aviasiyanın, PUA-ların və HHM-in tətbiqi üçün cavabdehdir. Təlim komandanlığı 6 eskadrilyanın və şəxsi heyəti hazırlayan bir neçə məktəbin, Nəqliyyat komandanlığı isə təqribən 10 hərbi hissə və təşkilatın fəaliyyətini idarə edir.
Nümayiş tədbirlərində F-16C qırıcıları
Aktiv qırıcı-bombardmançı aviasiya hazırda müxtəlif növ vasitələrdən istifadə edərək 9 eskadrilya ilə təmsil olunur. İki taktiki kəşfiyyat eskadrilyası mövcuddur. Erkən xəbərdarlıq (AWACS) eskadrilyası təşkil edilib. Köməkçi vəzifələr yanacaqdoldurma təyyarə eskadrilyası və axtarış-xilasetmə eskadrilyası tərəfindən yerinə yetirilir.
Ən son alınan S-400 ZRK-ları nəzərə almasaq, HHQ-nin Hava Hücumundan Müdafiəsini 10-dan çox zenit raket divizionu təşkil edir.
Maddi hissə
Türkiyə Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının əsasını bir neçə modifikasiyalı F-16C/D qırıcı-bombardmançıları təşkil edir. Ümumilikdə Türkiyədə bu tip 240-dan çox təyyarə mövcuddur. Onların az bir hissəsi də təlim eskadrilyaları tərəfindən istismar olunur. İkinci tip döyüş təyyarələrinə 48 ədəd F-4E qırıcıları daxildir. Türkiyədə başqa tipdə qırıcı yoxdur. Gələcəkdə xeyli sayda müasir F-35-lərin alınması planlaşdırılırdı, lakin bu siyasi səbəblərə görə hələlik dayandırılıb.
Döyüş aviasiyası 4 ədəd "Boeing 737 AEW & C" tipli AWACS, 7 ədəd "Boeing KC-135R" yanacaq dolduran və 1 ədəd "Transall C-160" REM təyyarəsi tərəfindən dəstəklənir. Quru və dəniz üzərində kəşfiyyat vəzifələri 2 ədəd CASA CN-235 patrul təyyarəsi tərəfindən yerinə yetirilir. 4 ədəd kəşfiyyat konfiqurasiyalı "Bombardier Global 6000" təyyarəsi üçün sifariş verilib.
F-16 NATO-nun birgə təlimləri zamanı
Türkiyə Hərbi Hava Qüvvələrində yaxşı inkişaf edən geniş tərkibli hərbi nəqliyyat təyyarə parkı mövcuddur. Onun əsasını 41 ədəd CN-235 təyyarəsi təşkil edir. 16 ədəd "Lockheed C-130B/E" təyyarəsi də mövcuddur. "Airbus A400M" daşıyıcılarının tədarükü isə davam edir. Sifariş verilən 10 təyyarədən artıq 9 ədədi əldə edib. Nəqliyyat aviasiyasının helikopter parkı isə 57 ədəd "Bell UH-1H" və 21 ədəd "Eurocopter AS332" ilə təmsil olunur. Yaxın gələcəkdə ABŞ lisenziyası ilə istehsal olunan 6 ədəd "Sikorsky T-70" helikopterinin əldə edilməsi gözlənilir.
Təlim komandanlığının hissələrində müxtəlif növ vasitələr mövcuddur. Ən populyar nümunələr 87 ədəd F-16C/D qırıcılarından ibarətdir. 68 ədəd "Northrop T-38 Talon" təyyarəsi və 23 ədəd "Canadair NF-5A/B" isə hələ də istismar edilməkdədir. Təlimdə 40 ədəd KAI KT-1 və 35 ədəd SIAI-Marchetti SF.260 təyyarələri də mühüm rol oynayır. Təlim maşınları parkının planlı yenilənməsi nəzərdə tutulur. Bunun üçün yerli TAI "Hürkuş" təyyarələri və Pakistanın PAC MFI-17 "Mushshak" təlim təyyarələri əldə edilir.
Türkiyə Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları istiqamətini də fəal şəkildə inkişaf etdirir. Silahlanmada kəşfiyyat və zərbə tipli PUA-lar mövcuddur. PUA parkının əsas hissəsi kəşfiyyat vasitələridir. Bunlara Türkiyə istehsalı olan 140 ədəd "Bayraktar Mini", 10 ədəd "Vestel Karayel", 10 ədəd "Malazgirt", həmçinin İsrailin 10 ədəd IAI "Heron" PUA-ları daxildir.
F-4E qırıcıları hələ xidmətdə qalır
Zərbə PUA parkına 100 ədədə yaxın "Bayraktar TB2" və 15-16 ədəd TAI ANKA aparatı daxildir. Bu avadanlıqların tədarükü fasiləsiz davam edir. Belə dronlar hava qüvvələri tərəfindən qaynar nöqtələr üzərindəki səmada fəal şəkildə istifadə olunur.
Hərbi Hava Qüvvələri müxtəlif hava hücumundan müdafiə sistemlərinə də malikdir. Türkiyə HHQ-sində ən kütləvi hava hücumundan müdafiə sistemi İngiltərənin "Rapier 2000" qurğularıdır. Hazırda 86 zenit batareyasında 515 atıcı qurğu mövcuddur. MIM-23 "Hawk XXI" qurğusundan ibarət 16 batareya da döyüş növbətçiliyindədir. Rusiyadan 4 batareyadan ibarət S-400 ZRK divizionu da əldə edilib. Yüzlərlə zenit artilleriya sistemi müasir komponentlərdən istifadə edərək modernləşdirilib.
Hərbi Hava Qüvvələri 2012-ci ildən "Göktürk-2" kosmik peykini istismar edir. Bu aparat bir neçə diapazonda optik kəşfiyyat aparmaq üçün nəzərdə tutulub. 2016-cı ildə peyk "qruplaşmasına" ikinci "Göktürk-1" cihazı əlavə edildi. Bu peyk də sələfi ilə eyni problemləri həll edir, lakin daha yüksək xüsusiyyətləri ilə fərqlənir.
"Boeing 737 AEW & C" AWACS təyyarəsi
İnkişaf perspektivləri
Türkiyə Hərbi Hava Qüvvələrini inkişaf etdirməyi planlaşdırır, lakin bu proses bəzi problemlərlə üzləşə bilər. Beləliklə, döyüş aviasiyasının inkişafı proqramlarından biri faktiki olaraq dayandırılıb və digərlərinin davamı da sual altındadır.
ABŞ-ın F-35 qırıcılarının alınmasına böyük ümidlər yaranmışdı. 30 maşın üçün sifariş də verilmişdi, ümumi planlara isə 120 təyyarənin alınması daxil idi. Bir neçə eskadrilyanın yeni avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulurdu. Lakin ABŞ başqa bir beynəlxalq müqavilə ilə alınan S-400 ZRK ətrafında yaranan mübahisələr səbəbindən təyyarələrinin ixracından imtina etdi.
Türkiyə hazırda özünün 5-ci nəsil qırıcılarını yaratmaqla məşğuldur. TF-X layihəsini TAI həyata keçirir. İndi layihə inkişaf mərhələsindədir, prototipin ilk uçuşunun 2023-25-ci illərdə həyata keçiriləcəyi vəd edilir. Otuzuncu illərin əvvəlinə qədər hazır seriyalı qırıcı qoşunlara verilməlidir.
KC-135R yanacaqdoldurma vasitəsi
Bir neçə ildir ki, perspektivli "Göktürk-3" radilokasiya kəşfiyyat peykinin inkişafı davam edir. Bu cihazın istifadəyə verilməsi mövcud kosmik qruplaşmanın potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Ümumi nəticələr
Hazırda Türkiyə Hərbi hava Qüvvələrinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Hazırkı vəziyyətdə onlar təyin olunan vəzifələri tam həll etmək iqtidarındadırlar, lakin bu çərçivədə bəzi məhdudiyyətlər mövcuddur.
Bölgənin digər ölkələrinin fonunda Türkiyə HHQ-si daha geniş tərkibə və üstün imkanlara malikdir. Təqribən 300 ədəd taktiki təyyarə və müxtəlif köməkçi vasitələrə malik türk aviasiyası üstün kəmiyyət göstəriciləri nümayiş etdirir. Eyni zamanda, Hərbi Hava Qüvvələrinin bəzi avadanlıqlarının köhnəldiyini də qeyd etməliyik. Yeni texnologiya əldə etmək üçün ciddi cəhdlər edilir. Xüsusilə, perspektivli F-35 təyyarələrinin alınması ABŞ ilə fikir ayrılıqlarına görə hələlik mümkün görünmür.
"Göktürk-2" kəşfiyyat peykinin modeli
Köməkçi aviasiya sahəsində isə fərqli bir vəziyyət müşahidə olunur. Müxtəlif növ yeni avadanlıqların tədarükü üçün bir neçə müqavilə mövcuddur. Köhnə və yeni texnologiyanın nisbətini dəyişdirmək mümkündür, bu proses gedir, lakin az zaman və maliyyə tələb edir.
PUA sahəsində vəziyyət kifayət qədər nikbinliyə səbəb olur. Əsas siniflərin bir çox modeli yerli müəssisələrdə istehsal olunur və istismar edilir. Bu isə pilotlu aviasiyanın tamamlanmasına imkan verir. Bununla birlikdə döyüş bölgəsində PUA-ların aktiv istifadəsi bu sahədə qiymətli təcrübə əldə edilməsinə səbəb olur.
Son illərin hadisələrindən də göründüyü kimi, Türkiyə Hərbi Hava Qüvvələri müxtəlif şəraitlərdə, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Ətraf ölkələrdən üstünlük aşkar sezilir.
Türkiyənin hərbi və siyasi rəhbərliyi bəzi problemlərin mövcudluğunu, məqsədə çatmaq üçün məqbul və əsaslandırılmış hesab edir. Bu yanaşmanın nə dərəcədə doğru olduğunu isə zaman göstərməlidir.
Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az