Ankara-Afina arasında gərgin görüş: 12 adanın taleyi

5-08-2020, 09:13           
Ankara-Afina arasında gərgin görüş: 12 adanın taleyi
Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi təkcə bu iki ölkənin problemi kimi qiymətləndirmək doğru deyil. Çünki Cənubi Kipr Avropa Birliyinə daxil olandan sonra Birlik Kipr məsələsini öz sərhəd problemi kimi qiymətləndirdi. Bu isə AB ilə Ankara arasında gərginliyi bir az da artırdı.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə yaxın müddətdə Yunanıstan nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyi ilə bağlı danışarkən deyib. O bildirib ki, Türkiyə ilə Yunanıstan arasında keçiriləcək görüş zamanı, elan edildiyi kimi, Lozanna müqaviləsinin şərtləri yenidən müzakirə edilə bilər:

“1923-cü ildə imzalanan Lozanna müqaviləsi Türkiyə ictimaiyyətində birmənalı qarşılanmır. Bəzi tanınmış tarixçilər, siyasətçilər Lozanna müqaviləsini Türkiyə üçün məğlubiyyət, başqa bir qrup tarixçi və siyasətçi isə tarixi qələbə olaraq qiymətləndirir. Lakin mövcud şərtlər daxilində demək olar ki, Lozanna müqaviləsində başda Aralıq dənizindəki 12 ada və Qərbi Trakya məsələləri olmaqla, Ankaranın maraqları nəzərə alınmayıb.

Dövrün şərtlərinə baxdıqda deyə bilərik ki, Türkiyə İstiqlaliyyət savaşında qalib olsa da, yorğun bir ölkə idi. Bu mənada Aralıq dənizindəki 12 adanı qorumaq iqtidarında olmadığından güzəşdə getməli olmuşdu. Lakin rəsmi Ankara bu gün bu qərarın fəsadlarını yaxşı anlayır. Bu mənada yaxın müddətdə Yunanıstan nümayəndə heyətinin Türkiyəyə səfər etməsi bu məsələlərin də yenidən müzakirə ediləcəyinin siqnalını verir”.

Politoloq bildirib ki, başda Fransa olmaqla, bir çox AB ölkəsi Türkiyənin günü-gündən güclənməsindən ehtiyat edir:

“Türkiyənin günü-gündən güclənməsi özünü siyasi sferada da göstərməyə başladı. Xüsusilə Aralıq dənizində, Kipr ətrafında təbii yataqların kəşfi, Liviya münaqişəsi, eyni zamanda, adalar mövzusunun yenidən gündəmə gəlməsi başda Fransa olmaqla, bir çox AB ölkəsini Türkiyəyə ehtiyatlı yanaşmağa vadar etdi. Real mənzərə ondan ibarətdir ki, Türkiyə Liviya münaqişəsində kilid rola malikdir. Kipr ətrafında isə Qərbin təzyiqlərinə baxmayaraq, geri addım atmadı. Belə bir vəziyyət istər-istəməz Yunanıstanı narahat etməyə bilməz. Bu mənada Afinanın Türkiyə ilə mövcud problemləri həll etmək üçün danışıqlar masasına oturması vacibdir. Düşünürəm, bu görüş olduqca maraqlı keçəcək. Xüsusilə də Türkiyəni narahat edən 12 adanın Afina tərəfindən silahlandırılması məsələsi ən gərgin müzakirə olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.