Kanadanın uyğur sevdasının “quyruğu” - Bakı nə etməlidir?
26-02-2021, 08:50
Okeanın o tayında parlament uyğurlara soyqırımı pisləyən sənəd qəbul edib, Çinə sanksiyalara çağırıb; ekspertlərin fikrincə, Kanada uyğurların ala gözünə aşiq olmayıb, Vaşinqtonun Pekinə qarşı siyasətidir
Yeni ABŞ prezidenti Co Bayden xarici siyasətin əsas prioritetləri sırasında Çinin dünya hegemonluğundan narahatlıq olduğunu da ifadə edib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, ardınca Qarabağ müharibəsində sırf ermənipərəst mövqe tutan Kanada parlamenti “Çində dini azlıqlar” adlı sənəd qəbul edib. 338 nəfərlik qanunverici orqanda 266 səslə keçən sənəddə uyğurlara qarşı basqılar soyqırımı kimi tanınır, hökumət Çinə qarşı sanksiyalara çağırılır.
ABŞ-ın daima xarici siyasət kursunu dəstəkləyən Kanadanın bu qərarını canıyananlıq kimi qəbul etmək olmur. Çünki eyni soyqırımı, eyni vəhşilik Azərbaycana qarşı olsa da, bir sıra dövlətlər, o cümlədən Kanada buna göz yumub, ermənipərəst mövqe tutub. Buna baxmayaraq, bəzi siyasətçilər Kanadanın bu qərarını Azərbaycana və Türkiyəyə “nümunə göstərirlər”, onları uyğurlarla bağlı qərara qoşulmağa çalışırlar.
Mövzuya iki istiqamətdən baxış edək: Kanadanın qərarı uyğurlara görədir, yoxsa Çinə qarşı ABŞ-ın gözlənilən savaşına dəstəkdir? Necə olur ki, Xocalı soyqırımını tanımayan erməniyanlılar eyni kökə malik uyğurlara qahmar çıxır?
İkincisi, Azərbaycan və Türkiyənin uyğur məsələsində mövqeyi necə olmalıdır, nə etməliyik ki, böyük bir dövləti, iqtisadi əlaqələrimiz olan Çini qarşımıza almayaq?
BBC-nin əldə etdiyi məlumatlara görə, Çinin uyğurlar üçün “təkrar təhsil” düşərgələrində qadınlar sistematik olaraq zorlanıblar, cinsi zəmində təhqir olunublar və işgəncəyə məruz qalıblar. Müstəqil hesablamalara görə, deyildiyi kimi, uyğurlar və digər azlıqlar üçün Çinin mövcud “təkrar təhsil” geniş düşərgələr şəbəkəsində bir milyondan çox kişi və qadın saxlanılır.
Bu cür siyasətə yol açan Çin prezidenti Xi Jinping-dir. O, 2014-cü ildə uyğur separatçılarının terror hücumundan sonra 2014-cü ildə Sincana baş çəkib və qısa müddətdən sonra “New York Times” qəzetinə sızan sənədlərə görə, yerli məmurlara mərhəmət göstərmədən cavab tədbirlərinin görülməsinə əmr edib. ABŞ hökuməti bildirir ki, Çinin həyata keçirdiyi tədbirlər soyqırımı anlamına gəlir.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Kanada parlamentinin qərarını düzgün sayır. Onun fikrincə, Çində uyğurlara basqılar genosid həddinə çatıb. Partiya sədri hesab edir ki, parlamentin qərarının siyasi səbəbləri da çox ola bilər: “Təbii ki, parlamentin sənədini ABŞ-Çin, Qərb-Çin qarşıdurması kimi qiymətəndirə bilərik. Ancaq qərarı normal qarşılamaq lazımdır”.
Q.Əlibəylinin fikrincə 44 günlük müharibədə Kanadanın ermənilərin müdafiəsinə qalxmasını uyğurlarla bağlı qərarla qarışdıra bilmərik: “Azərbaycan da uyğurlar haqda fikrini bildirə bilər. Ancaq Çinlə əməkdaşlıq əlaqələri yaxşıdır, özümüzü qarşıdurma həddinə çatdıra bilmərik”.
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Kanadanın mövqeyində ikili standart göz deşir: “Kanada ABŞ üçün forpost rolunu oynayır. Onların uyğurların qayğısına qalması, hüquqlarını müdafiə etməsi alqışlana bilər, amma ortada riyakarlıq var. Necə olur ki, Xocalı soyqırımını dilə gətirmə, 44 günlük müharibədə faşist erməniyə qahmar çıx, amma Çində uyğurların səsini eşit. Yenə də Kanada parlamentinin qərarında müsbət hal görmək lazımdır Ancaq biz bu prosesə qoşulmağımız üçün ölçülü-biçili hərəkət etməliyik, ABŞ-ın geosiyasi oyunlarının alətinə çevrilməməliyik”.
Ekspertin sözlərinə görə, Azərbaycanda siyasi partiyalar, ayrı-ayrı təşkilatlar uyğurlara basqıları pisləyən bəyanatlar verə, millətçi gənclər Çinin Bakıdakı səfirliyi önündə piket keçirə bilər: “Amma rəsmi Bakı Pekinə açıq şəkildə uyğurlar barədə nota göndərə, yaxud sərt bəyanat verə bilməz. Bizim Çinlə əlaqələrimiz inkişaf edir. Azərbaycanın Çin, Pakistan, Türkmənistanla yeni layihələri, sıxlaşan münasibətləri fonunda Qərbin Pekinlə olan müharibəsində iştirak edə bilmərik”.
Qeyd edək ki, uyğurlar Çinin şimal-qərbindəki Sincanda sayı 11 milyona yaxın və əksəriyyəti müsəlman olan türk milli azlığıdır. Bölgə Qazaxıstanla həmsərhəddir və eyni zamanda etnik qazaxların da vətənidir.
Emil SALAMOĞLU
“Yeni Müsavat”