Putini narahat edən məsələ ilə bağlı Ərdoğandan SENSASİON AÇIQLAMA - Nöqtə qoydu!
15-04-2021, 00:03
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan önəmli açıqlama ilə çıxış edib. Qardaş ölkənin dövlət rəhbəri şəxsi sosial şəbəkə hesabında 85 il öncə imzalanan Montre müqaviləsinin son zamanlar geniş müzakirə mövzusuna səbəb olan "Kanal İstanbul" layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Azmarka.az-ın məlumatına görə, Ərdoğan bəyan edib ki, İstanbul kanalı 42-43 kilometr məsafədə uzanacaq: "Bu kanalla Qara dənizi Mərmərə dənizi ilə bağlayacağıq. Beləliklə, Qara dənizdən və Mərmərə tərəfdən gələn gəmilərin gözləmə və ya gözləməmə müddətləri bizim qüdrətimizdə olacaq. Əlbəttə, bunun Montre anlaşması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Montre müqaviləsi İstanbul Boğazı ilə bağlı bir anlaşmadır. Beləliklə, "Kanal İstanbul" sayəsində biz Türkiyəyə tamamilə öz müstəqilliyimizi və iradəmizi ortaya qoyan əsər qazandırırıq. Montre anlaşması ilə heç bir əlaqəsi olmayan "Kanal İstanbul" bizi daha da rahatlaşdıracaqdır".
Xatırladaq ki, bu il aprelin 4-də Türkiyə lideri Rusiya rəhbəri Vladimir Putinlə telefon danışığında bir çox vacib məsələlərlə yanaşı Qara dəniz üzrə Montre Konvensiyasını da müzakirə edib. Kremldən verilən açıqlamada Putinin İstanbul kanalının inşası səbəbi ilə sözügedən anlaşmanın şərtlərinə əməl edilməsinin vacibliyinə diqqət çəkdiyi vurğulanırdı.
Xüsusilə son vaxtlar Rusiya ilə Ukrayna arasında gərginliyin artması fonunda Montre müqaviləsinin "dəlinməsi" ehtimalı Rusiyanı hədisz narahat edir. Rəsmi Moskva Ukraynaya kömək məqsədilə Qərbin döyüş gəmilərinin keçişinə icazə verilə biləcəyindən çəkinir.
Qeyd edək ki, 1936-cı ildə imzalanan Montre müqaviləsinə əsasən Dardanel və Bosfor boğazları tam hərbsizləşdirilmiş, həmin boğazlar üzərində Türkiyənin qeyd-şərtsiz nəzarəti tanınmış, həmçinin Qara dənizə çıxışı olmayan hərbi gəmilərin adıçəkilən boğazlardan keçişi yasaqlanmışdır.