Məxfi silah işə salındı – burada türk dövləti yaradacaqlar
5-03-2016, 10:20
Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türkləri Suriyada Dəməşq rejiminə qarşı çıxan döyüşçülərin məxfi silahına çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “La Stampa” nəşrində Jordan Stabil yazıb.
Onun sözlərinə görə, minlərlə uyğur Əfqanıstan, Mərkəzi Asiya Respublikaları və Türkiyə vasitəsilə uzun və təhlükəli səyahətdən sonra Suriyaya daxil olurlar. Müəllif qeyd edir ki, uyğurlar şiələrin tərk etdiyi dağlıq ərazilərdə yerləşdirilib.
“Uyğurlar İdlib vilayətinin ən ucqar və strateji əhəmiyyətli mövqelərə nəzarət edirlər. Qərbi Çində yaşayan sünni və türkdilli əhali Suriya üsyançılarının məxfi silahı olublar”, - məqalədə deyilir.
Müəllif bildirir ki, bir il əvvəl Türkistan İslam Partiyasına daxil olan uyğur döyüşçüləri Suriyada cəmi bir neçə yüz nəfər təşkil edirdi: “İdlibin alınmasından sonra uyğur döyüşçülərinin axını artıb. İndi onlar xarici döyüşçülər arasında sayca üstünlük təşkil edirlər. Uyğurların sayı 4-5 min nəfərdir”.
Jordan Stabil qeyd edir ki, uyğurların axını bütün İdlib vilayətinə nəzarət edən “Ən-Nüsra” Cəbhəsi ilə ittifaqla və Çin ilə Pakistanın terrorçuluğa qarşı birgə əməliyyatları ilə izah edilir. Sözügedən əməliyyatlar onları Hindikuş dağlarını tərk etməyə məcbur edib.
Amma Suriya müxalifəti ehtiyat edir ki, Suriyada uyğurların olması Çinin Rusiya tərəfində Suriya münaqişəsinə müdaxiləsi ilə nəticələnə bilər. Suriya hökumətindəki mənbələrin sözlərinə görə, Dəməşqə Çin komandaları gəlib. İddiaya görə, onlar Çinin Dəməşqdəki səfirliyinin təhlükəsizliyi məsələləri ilə məşğul olacaqlar.
“Uyğurların çoxları Suriyaya ailələri ilə gəlib. Bu onun əlamətidir ki, onlar burada qalmaq istəyirlər. Yerli şahidlər danışırlar ki, uyğurlar başqa xarici döyüşçülərdən fərqli olaraq uzlərini gizlətmirlər və heç vaxt vətənə qayıtmayacaqlarını bildirirlər”, - məqalədə deyilir.
Qeyd edək ki, son vaxtlar dünya mediası ABŞ-ın dövriyyəyə buraxdığı yeni Suriya xəritəsinin detallarını müzakirə edir. Xəritəyə görə, Suriya üç hissəyə bölünür. Ancaq xəritədə 5 ərazi vahidi yer alıb. Xəritədə mötədil müxalifət və PYD-nin hər birinə 2, Bəşər Əsəd rejiminə isə bir ərazi vahidi verilir. Cerablus istisna olmaqla İŞİD-in nəzarətindəki ərazilərlə əlaqədar hələ bir qərar qəbul edilməyib.
ABŞ-ın xəritəsinə görə, Azez-Cebrablus xəttində 16 kilometr eni olan ərazi və İdlib bölgəsi mötədil müxalifətə verilir. PYD-yə isə hazırda nəzarət etdiyi Afrin və Firat çayının şərqindəki bölgə ayrılır. Xəritəyə görə, PYD-in Afrin, Kobani və Cəzirə kantonları birləşdirilmir. Hələb və Türkman Dağı da daxil olmaqla Əsədin hazırda nəzarət etdiyi Qərbi Suriya rejimin nəzarətində saxlanılır. İdlibdə müxalifətə verilməsi nəzərdə tutulan bölgənin ətraf aləmlə heç bir əlaqəsi yoxdur. Bölgə PYD və rejim tərəfindən mühasirəyə alınır.
Türkiyənin “Haber7” saytının yazarı Rahim Ər bir neçə gün əvvəl qələmə aldığı yazısında qeyd edib ki, ABŞ I Dünya Müharibəsindən bu yana ilk dəfə Yaxın Şərqdə özünün çəkdiyi xəritəni həyata keçirmək istəyir.Onun sözlərinə görə, Qərbi Suriyanın rejimə verilməsi ilə Rusiyanın quru və dəniz bazaları mühafizə edilir. “Bu, həm də Moskvaya “sus” payıdır. Hələb və Türkman dağının rejimə verilməsi isə Bəşər Əsədə “səsini çıxarma!” deməkdir”, - türkiyəli yazar qeyd edib.
Onun sözlərinə görə, xəritənin həyata keçirilməsindən türkmanlar və müxalifətdən başqa hər kəs qazanclı çıxacaq. Türkiyəli yazar belə bir vəziyyətdə “Türkman Dövləti”nin gündəmə gələ biləcəyini vurğulayıb: “Xəritə ilə bağlı iddianın gerçək olmasını istəmirik. Türkiyə Hələb və Türkman dağının rejimə verilməsinə razı olmayacaq. Türkiyə cənub hüdudlarının bağlanmasına da icazə verməz. Bu xəritənin müzakirə olunması və sövdələşmələr üçün açıq olması Türkiyənin Hələb, Türkman dağı və Afrini əhatə edən Türkman Dövlətini tanıma hüququnu doğurur”