Rza Zərrab edam ediləcək Babək Zəncanidən DANIŞDI
11-03-2016, 23:20
Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrab İranda edam hökmünə məhkum edilən milyarder Babək Zəncani ilə şərik olmadığını açıqlayıb.
Virtualaz.org bildirir ki, iş adamı mediada Babək Zəncani ilə iş ortağı kimi təqdim edilməsi ilə bağlı yazılı açıqlama yayıb.
Həmin açıqlamada Zərrab vurğulayıb ki, Babək Zəncani heç vaxt onun şəriki olmayıb və o, İran dövlətinin pulu ilə ticarətlə məşğul olmayıb:
"İran dövləti məni heç bir şeydə ittiham etməyib və mənə cinayət işi açılmayıb. Bəzi çirkin niyyətli insanlar mənim guya mülkiyyətimi satışa çıxardığım xəbərlərini yazırlar. Belə yalan xəbərlərin məqsədi məni heç bir əlaqəm olmayan cinayət və istintaq işi ilə bağlamaqdır. Mən Türkiyə vətəndaşıyam və ölkəmə xeyir verən vətəndaş kimi də işləməyə davam edirəm. Ailəm, mülkiyyətim və sərmayələrimlə birlikdə Türkiyədəyəm. Siyasi uğursuzluqlarının günahını məndə görənlər, məni təhqir edərək reytinq yığmağa çalışanlar, haqqımda yalan xəbərlər yazaraq gündəmi dəyişdirməyə çalışanlar, sizinlə türk məhkəmələrində hesablaşmaqdan heç vaxt əl çəkməyəcəyəm".
Qeyd edək ki, Türkiyədə 2014-cü ilin dekabr ayının 17-də rüşvət və qaçaqmalçılıq əleyhinə keçirilən əməliyyatda bir neçə iş adamı ilə birlikdə saxlanılan Rza Zərrab bir müddət sonra azadlığa buraxılmışdı.