"Xəzər Tranzit Dəhlizi" layihəsi Türkiyə tərəfini ciddi maraqlandırır

13-03-2016, 11:38           

İlham Əliyev - Azərbaycan prezidenti
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyadan Mərkəzi Asiyaya getməsinin qarşısı alınan Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün təlimat verməsindən sonra Ankara bu jesti daha dərindən dəyərləndirmək üçün ciddi görüşlərə başlayıb.

ANS PRESS-in məlumatına görə, ötən ay Bakıda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatını keçirən Türkiyə nümayəndələri bu dəfə Qazaxıstanda rəsmi təmaslara başlayıb.

Astanada səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib ki, "Xəzər Tranzit Dəhlizi" layihəsi Türk dünyasını ticarət sektorunda bir-birinə daha da yaxınlaşdıracaq və bu layihə mütləq həyata keçməlidir.

"Qazaxıstanı Avropa və Türkiyəyə bağlayan ən qısa nəqliyyat xətti olacaq "Xəzər Tranzit Dəhlizi"nin effektli şəkildə fəaliyyətə başlaması üçün Aktau limanının mövcud tutumu genişləndirilməli və modernizə edilməlidir", - türk nazir bildirib.


Mustafa Elitaş - Türkiyənin iqtisadiyyat naziri
Ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.

Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyevin təlimatına əsasən Azərbaycan dəhlizindən istifadə edən türk şoferlərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülməyəcək.

Lakin Türkiyə nəqliyyatçıları neçə vaxdır Xəzər dənizindən keçməklə Orta Asiyaya yükdaşımaların tariflərinin yüksək olmasından şikayətlənirdi. Azərbaycan prezidenti bu problemi də aradan qaldırdı. Prezident İlham Əliyevin göstərişi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq etdi.

Ümumiyyətlə, bölgə ölkələrindən Azərbaycan Qazaxıstan və Türkmənistanla müqayisədə infrastruktur və liman layihələrini bitirən tək ölkədir. Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın qarşılıqlı ticarəti bu ölkələrin ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edir.

Bu ölkələr bir-birinə nə qədər yaxın olsalar da, infrastruktur çatışmazlığı, daşınma zamanı ortaya çıxan problemlər və yüksək qiymətlər səbəbindən mövcud potensialdan tam istifadə olunmur: "Türkiyə Azərbaycana ildə 2,9 mlrd. dollar həcmində məhsul ixrac edir. Azərbaycandan Türkiyəyə idxal isə o qədər yüksək deyil. Türkiyənin bu ölkələr arasında ən çox mal idxal etdiyi ölkə Qazaxıstandır.

Hazırda Türkiyənin Çinlə ticarət dövriyyəsi ildə 24 mlrd. dollar təşkil edir və 2020-ci ildə bu göstəricinin 100 mlrd. dollara çatması gözlənilir. Bu ticarətdə "Xəzər Tranzit Dəhlizi" ilə daşınma daha qısa müddətdə və ucuz həyata keçirilə bilər. Bu dəhliz tranzit yolu üzərindəki ölkələrin iqtisadiyyatının şaxələndirilməsində önəmli rol oynaya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.