Türkiyəli şərhçidən xəbərdarlıq: "Bomba yüklənmiş 19 maşın tapılmalıdır"
14-03-2016, 10:02
“Bomba yüklənmiş 19 maşın bir an əvvəl tapılmalıdır”. Bunu APA-ya açıqlamasında martın 13-də axşam saat 18.45-də Ankaranın mərkəzindəki partlayışı şərh edərkən terror və təhlükəsizlik məsələləri üzrə tanınmış şərhçi Məhmət Fərəc deyib.
Türkiyə təhlükəsizlik qüvvələrinin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində martın 13-də saat 22-də PKK terror təşkilatına qarşı geniş əməliyyat keçirməyi planlaşdırdığını xatırladan M. Fərəc əməliyyatdan bir neçə saat əvvəl terror təşkilatının paytaxtda aksiya keçirdiyinə diqqəti cəlb edib: ”Nə Cizrə, nə Sur- təxminən 10 ildən bəri terror təşkilatı üçün “xilas edilmiş bölgə” Hakkari vilayətinin Yüksəkova qəsəbəsi idi ki, təhlükəsizlik qüvvələri orada təmizləmə əməliyyatı keçirməyi planlaşdırmışdılar. Ankarada həyata keçirilmiş terror aksiyası təhlükəsizlik qüvvələrinin əməliyyatına qarşı yönəlib. Bilirsiniz ki, oktyabrdan bəri paytaxtda üçüncü böyük terror aksiyası həyata keçirilir. İŞİD terror təşkilatının 10 oktyabrda həyata keçirdiyi terror aksiyası bir qədər siyasi mahiyyətli olsa da, PKK terror təşkilatı fevralda Baş Qərargaha yaxın bir nöqtədə hərbçiləri hədəfə almışdı. Bu aksiyada isə PKK terror təşkilatı ilk dəfə mülki vətəndaşları hədəfə aldı. Son terror aksiyası kəşfiyyatla polis qüvvələri arasında tam inteqrasiyanın olmadığını deməyimizə imkan yaradır. Milli Kəşfiyyat Təşkilatı (MİT) lazımi materialları polisə göndərir, polis isə əməliyyatları vaxtında keçirmir. Son günlərdə PKK terror təşkilatının bomba yüklənmiş maşınlarla aksiyalar törədəcəyinə və bunun üçün 20 maşın hazırlandığına dair MİT-in məlumatı yayılmış, bu barədə mən də sosial mediada tvitlər atmışdım. Ancaq belə görünür ki, hökumətlə icma arasındakı mübarizə MİT ilə polis qüvvələri arasında da özünü göstərir və təəssüf ki, bu vəziyyət ölkənin təhlükəsizliyinə çox baha başa gəlir”.
Son aylarda ordunun və təhlükəsizlik qüvvələrinin Cənubi-Şərqdəki bəzi qəsəbələrdə apardığı əməliyyatlar nəticəsində və Suriyada PKK terror təşkilatının təxminən 4000 terrorçu itirdiyinə diqqəti cəlb edən Məhmət Fərəc deyib ki, hazırda bomba yüklənmiş 19 maşının tapılması ölkənin ən mühüm məsələsi olmalıdır. ”Maşınların tapılmaması halında ölkəmizin hər an yeni terror aksiyaları ilə üzbəüz qala biləcəyi ehtimalı yüksəkdir”.