`Türkiyə nə qədər güclü olsa, biz də güclüyük` - İlham Əliyev
15-03-2016, 19:50
Türkiyədə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı başa çatıb.
AzVision.az xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuat qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib: “Biz bu gün türk xalqının yanındayıq. Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq. Biz əminik ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, türk xalqını sarsıdan, Türkiyənin haqq yolundan döndərə bilməz. 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, dayanıqlıq göstərir. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında ən yaxın olan dövlətlərdir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik.
Bu gün sənədlərin imzalanması, danışıqlar bir daha bunu sübut edir. Türkiyənin dünyadakı rolu, mövqeyi möhkəmlənir. Türkiyə nə qədər güclü olsa, biz də bir o qədər güclü olacağıq. Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olub. Bu dəstək bu gün də göstərilir. Türkiyənin bizə göstərdiyi dəstək çox önəmlidir”.
“Türkiyə nə qədər güclü olsa, biz də güclüyük. Bizim gücümüz birlikdəddir”- deyən İlham Əiyev bildirib ki, Türkiyə kimi dövlətin bizə dəstəyi çox önəmlidir: “Biz bu birliyi qoruyuruq və qoruyacağıq”.
Miqrant probleminə də toxunan prezident İlham Əliyev Avropaya üz tutan qaçqınlara qarşı edilən rəftarlardan danışıb:
“Türkiyə təmənasız olaraq milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir. İnsanlar nicat tapmaq, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları nələr gözləyir?! Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Bəs haradadır ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət?! Biz bunu görmürük.
Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz insanların acı taleyinə biganə qala bilmərik. Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirir ki, qaçqın böhranından necə şərəflə çıxmaq olur” - Prezident bildirib.