Rusiyaya qarşı Türkiyə-ABŞ yaxınlaşması: Hər iki ölkə üçün faydalı olacaq? - İNCƏLƏMƏ...

4-01-2022, 18:10           
Rusiyaya qarşı Türkiyə-ABŞ yaxınlaşması:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Onlar, Rusiya-Ukrayna gərginliyi, Türkiyə-ABŞ ikitərəfli münasibətləri və strateji mexanizmin aktivləşdirilməsini müzakirə ediblər.

Tərəflər həmçinin Sudan, Efiopiya və Qafqazda baş verən proseslər barəsində də danışıbar.

Qeyd edək ki, son zamanlarda Rusiyaya qarşı Türkiyə və ABŞ arasında yaxınlaşma müşahidə olunur.

Bəs bunun hər iki ölkə üçün hansı faydaları olacaq? DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Türkiyə ABŞ-ın çox önəmli strateji müttəfiqidir:

“Mövlud Çavuşoğlu və Entoni Blinken arasında bir neçə əsas məqamlar müzakirə olunub. ABŞ-ın Türkiyə ilə münasibətləri Yaxın Şərqdə, Liviyda, Balkanlarda, Cənubi Qafqazda və Ukraynadakı maraqlarından asılıdır.

Hətta bəzi regionlar üzrə bunun birbaşa asılı olduğunu demək mümkündür. Ona görə də gərginlik olmasına rəğmən Ankara və Vaşinqtonun yaxınlaşması çox vacibdir. Düşünürəm ki, bu, hər iki tərəf üçün olduqca mühümdür.

Co Bayden Amerika Erməni Assambleyası və ABŞ Konqresində fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi ilə yaxınlığı nəticəsində 106 il sonra Osmanlıda baş verənləri soyqırımı adlandırdı.

Bu və digər məsələlərə görə ABŞ-Türkiyə münasibətləri pisləşdi. Lakin bunu sadəcə Baydenlə bağlamaq doğru deyil. Çünki ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana diplomatik normalardan kənar məktub yazdığını da unutmaq olmaz. Etiraf etmək lazımdır ki, ABŞ-Türkiyə münasibətlərində uzun müddətdir bir böhran yaşanmaqdadır.

Hətta son 3 ildə bu böhran daha da dərinləşib. Çünki ABŞ-da Türkiyəni sevməyən dairələr aktivlik edərək iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb oldular".

Politoloq qeyd edib ki, son illərdə ABŞ-ın Avropa maraqlarında da narahatlıq doğuran məqamlar var:

"Ağ Ev bir sıra qanunlarla pandemiya dövründə Avropa şirkətlərinə “xaç yürüşü” elan etdi. Yəni Amerika Ticarət Palatası Avropa şirkətlərinə çox milyardlıq cərimələr tətbiq etdi.

Bu isə Avropa İttifaqı və ABŞ arasındakı münasibətlərdə soyuqluq yaşanmasına səbəb oldu. Hesab edirəm ki, Vaşinqton üçün həm bu istiqamətdə, həm də Ukraynada öz maraqlarını təmin etmək üçün Türkiyə lazımi tərəfdaşdır. Zaman keçdikcə tərəflərin münasibətlərini düzəltməsi vacib bir amildir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.