Qazax proseslərinə sözardı- Aron Atabek. Şahin Cəfərli yazır

5-01-2022, 12:57           
Qazax proseslərinə sözardı- Aron Atabek.
Şair, publisist, tenqriçi-türkçü. Alaş Partiyasının qurucu lideri. 2006-cı ildə qondarma ittihamla həbs olundu, 15 il həbsdə yatdı. Olüm ayağında ötən il oktyabrın 1-də azadlığa buraxıldı və noyabrın 24-də vəfat etdi....
İndi qazaxlar özünə "Elbaşı" titulunu vermiş 81 yaşlı taqətsiz (ruslarda daha yaxşı söz var: дряхлый) diktatorun siyasətdən getməsini tələb edirlər. Bu adam 32 ildir ölkənin faktiki sahibidir. Əlbəttə ki, sahibi olduğu ölkədə quruculuq işləri də aparıb, hansı niyyətlə edibsə də, fərq etmir, bunu onun xidmətləri sırasına yazmaq olar. Amma ən önəmli və tarixi əhəmiyyətli xidməti hakimiyyətin xalqın rəyi ilə dəyişməsinə əsaslanan sistem qurub, vaxtında kənara çəkilməsi olardı ki, bunu etmədi. Qəddar, repressiv sistem qurdu, müxalifləri həbsə atdı, bəziləri mühacirətə getməklə canını qurtardı. Yeri gəlmişkən, Aron Atabek Elçibəy dövründə qısa müddət Azərbaycanda yaşayıb.
İndi nə baş verəcək? Bu mərhələdə etirazlar yəqin ki, siyasi dəyişikliyə səbəb olmayacaq və Nazarbayevin statusuna təsir etməyəcək. Amma şübhəniz olmasın ki, o öləndə ölkədə nazarbayevsizləşdirmə siyasəti başlayacaq. Adı çox yerdən götürüləcək, Nursultan şəhəri təkrar Astana olacaq...
Diktatorların fitrəti belədir və heç dəyişmir: xalqa xidmətdən ağız dolusu danışarlar, konyuktur maraqları naminə qatı millətçi olub, "milli-mənəvi dəyərlər"in ali qoruyucusu qismində çıxış edərlər, millət atası roluna bürünərlər, amma xalqa qətiyyən güvənməzlər, ona ən elementar hüquqları tanımazlar, ondan qorxarlar, hətta bəzən nifrət edərlər...
Zaman keçir və tiranların yalan, talan, zülm üzərində bərqərar etdiyi sistem bir gün iflas edir.
Zülm ilə abad olanın axırı bərbad olur.
Gec olur, amma olur...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.