Yenilənən Özbəkistan və XARİCDƏN İDARƏ OLUNAN TƏXRİBAT

4-07-2022, 15:54           
Yenilənən Özbəkistan və XARİCDƏN İDARƏ OLUNAN TƏXRİBAT
Qardaş Özbəkistanda baş verən daxili siyasi hadisələr hazırda dünya ictimaiyyəti tərəfindən maraqla, həm də narahatlıqla izlənilir. Xüsusilə də türk dövlətləri narahatlığın birdəfəlik aradan qaldırılmasını istəyirlər. Bəs nə olub Orta Asiyanın tam mərkəzində? Qaraqalpaqıstan Muxtar Respublikasının xalqını narazı salan və ya gələcəyini əndişələndirən nədir? Prezident Şavkat Mirziyoyevin konstitusiya islahatlarına dair hazırladığı və səhv etmirəmsə, iyulun 5-dək ictimai müzakirələrə açıq olan layihəmi? Hə, bu layihənin 70 – 75-ci maddələri məhz Qaraqalpaqıstanın muxtar hüquqlarını təsbit edir. Yəni layihədə insanlardan muxtariyyətin aradan qaldırılıb-qaldırılmamasına münasibət bildirilmələri tövsiyyə olunur.

Görünən budur ki, yatmış casuslar (Onlar əminliklə deyirəm ki, Rusiya kəşfiyyatına bağlıdır. Çünki Rusiya ondan uzaqlaşan və Türk Birliyində birləşməyə başlayan Orta Asiya dövlətlərini nəzarətdən buraxmaq istəmir. Odur ki, Qazaxıstanın arxasında, Özbəkistan və Türkmənistanın isə tam içində - türk dünyasının mərkəzində yerləşən Qaraqalpaqstanın geniş ərazisisini hərbi poliqona çevirmək istəyir. Eynilə Avropanın içində Kalininqrad, Moldovada Dnestryanı və sair torpaqlar kimi - V.T.) sən demə oyaqmışlar, sadəcə fürsət gözləyirlərmiş. Bir qrup ortaya çıxaraq “hüquqlarımız əldən gedir!” deyərək əhalinin az qismini də olsa küçələrə çağırır. Hətta acığa düşərək müstəqillik şüarını da səsləndirirlər. Təbii ki, prezident Şavkat Mirziyoyev təcili Qaraqalpaqıstanın inzibati mərkəzi olan Nukus şəhərinə uçub, yerli hökumətlə, parlamentarilərlə görüşüb. Prezident qaraqalpaq xalqına müraciət edir ki, sizin hüquqlarınıza toxunulmur – 70-75-ci maddələr olduğu kimi qalacaq. Müzakirəsi davam edən isə sadəcə layihədir, ona görə müzakirə olunur ki, siz orada öz fikir və mövqeyinizi açıq ortaya qoyasınız. Bunun üçün nümayişə çıxmağa, zorakılıq törətməyə lüzum yoxdur...

Təəssüf ki, pusquya yatmış casus şəbəkəsi insanların bir qismini də olsa küçəyə çıxara bildi və bu da qaraqalpaq ictimaiyyətinə ziyan vurdu. Dövlət rəhbərliyi ayıq tərpəndi, hadisələrin qışda qonşu Qazaxıstanda olduğu kimi, genişlənməsinə və zorakılığa çevrilməsinə imkan vermədi. Amma yenə də əfsuslar olsun ki, məhz təxribata uymuş insanlar arasında 18 nəfər həlak oldu, 243 nəfər isə yaralandı (38 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır). Əlbəttə, artıq Nukus küçələrində tam sakitlikdir, insanlar heç nə olmayıbmış kimi, öz gündəlik işləri ilə məşğuldur. Fövqəladə vəziyyət rejiminin hökmünə uyğun olaraq təhlükəsizlik qüvvələri də asayişin davamlılığını təmin edirlər.

Ümumiyyətlə, Qaraqalpaqıstan əhalisi və ya başbilənləri oturub düşünüblərmi ki, Özbəkistandan ayrılsalar və ya Özbəkistanın dəstəyi olmadan ayaqda qalmaları mümkündür, ya yox? Ərazisi 166,6 min kvadratkilometr olan muxtariyyətdə 2 milyon insan yaşayır. Etnik qaraqalpaq əhali bu iki milyonun sadəcə 35,8 faizi qədərdir. Özbəklər burada say etibarilə qaraqalpaqlardan daha çoxdurlar (39 faizə yaxın), hətta burada 300 minədək etnik qazaxlar da yaşayır. Əminliklə demək olar ki, muxtariyyətin ləğvinə dair referendum keçirilsə əhalinin böyük hissəsi “hə” deyəcək.

Qaraqalpaqıstanın geniş ərazisi başdan-başa Qızılqum səhrasından ibarətdir. Əvvəllər Qazaxıstanla bölüşdüyü Aral dənizi isə daha yoxdur. İndi həmin dənizin yerində çox böyük duzlu və quraq çökəklik, sadəcə şimal-qərb küncündə kiçik göl qalır. İstər içməli, istərsə də suvarma məqsədli yeganə su mənbəyi Amudəryadır ki, onun da adı qalıb. Zatən Amudərya Qaraqalpaqıstanı təmin etsəydi Aral gölü qurumazdı. İndi hələ yaxşı günləridir, ildən-ilə sürətlənən qlobal istiləşmənin fəsadları bir azdan Qaraqalpaqıstan ərazisini yaşanılmaz hala gətirəcək.

Sənayesindən kənd təsərrüfatına, ərzağından dava-dərmanına – bütün zəruri ehtiyaclarına qədər Daşkənddən asılı olan Qaraqalpaqıstan əhli bu təxribata uyarsa başına gələcəkləri heç düşündümü? Bəziləri deyirmiş ki, Qazaxıstana birləşəcəklər, mümkün deyil. Qazaxıstan sərt tədbirlər almağa səsləyib Daşkəndi və var qüvvəsi ilə Özbəkistan hökumətinə dəstək verəcəklərini bildirib. Türkmənistandan da heç nə gözləməsin qaraqalpaqlılar – Türk Birliyi gündən-günə birləşərək güclənməyi hədəf seçib, parçalanmağı yox. Fikirləşdikləri kimi, Rusiyanın onlara təyyarə ilə daşıyacağı yardımlar isə bu xalqa səfalətdən başqa heç nə verməyəcək...

Bəs özbək ictimaiyyətinin tanınıb-seçilən nümayəndələri nə deyir məlum proseslə bağlı?

“Yüksəliş” Ümumxalq Hərəkatının sədri, millət vəkili Bobur Bekmurodovun sözlərinə görə, Qaraqalpaqıstanın status məsələsi qaraqalpaq cəmiyyətinin müəyyən hissəsində anlaşılmazlıq və təşviş doğurub. “Bir neçə gündür ki, əhalinin narazı hissəsi öz fikrini bildirmək üçün rəsmi vasitələrdən istifadə edib. O cümlədən, sosial şəbəkələrdə 1341 nömrəsinə zəng ediblər, “Mənim Konstitusiyam” platformasına da müraciətlər göndərilib. Hadisələrin inkişafını, xüsusi təşkil olunmuş teleqram messencerlərini şəxsən müşahidə edirdim və araşdırmışam. Nəticə ondan ibarətdir ki, müzakirələrin əvvəlində əhali öz narazılıqlarını yalnız rəsmi kanallar vasitəsilə bildirirdi. Amma Nukus şəhərində qəfildən təcavüz elementləri olan qanunsuz nümayişlər təşkil olunub. Ayrı-ayrı qruplar və təxribatçılar toplaşan vətəndaşlara müdaxilə edərək inzibati binalar kompleksində dövlət qurumlarını zəbt etməyə cəhd göstəriblər. Məqsəd aydındır - Özbəkistanda ictimai-siyasi vəziyyəti pozmaq. Əminəm ki, hüquq-mühafizə orqanları bu cinayətkar cəhdlərə hüquqi qiymət verəcəklər”, - deyib cənab Bekmurodov.

O, yerli və beynəlxalq ictimaiyyəti geosiyasi proseslərin təxribatçı dalğalarından xəbərdar olmağa və onların hədəfinə çevrilməməyə çağıraraq bildirib ki, Özbəkistanın son illər ardıcıl inkişaf edən və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirən ölkə olaraq hər bir vətəndaşının konstitusiya dəyişiklikləri ilə bağlı öz fikrini bildirmək hüququ var. Eyni zamanda, bütün bunlar hüquqi imkanlar çərçivəsində həyata keçirilməlidir.

“BMB Trade Group” Müşahidə Şurasının sədri Behzod Mamatkulov da deyib ki, qaraqalpaq və özbək xalqları tarixən bir yerdə yaşayıb, qaynayıb-qarışıblar və onları ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil. “Son bir neçə gündə konstitusiya islahatlarının bir qədər yanlış şərh edilməsi səbəbindən orada yaşayan bəzi insanlar arasında narazılıq yaranıb və etiraz aksiyası baş verib. Bunu vaxtında dərk edən dövlət başçısı Qaraqalpaqıstana gələrək, konstitusiya islahatlarının Qaraqalpaqıstan Respublikası ilə bağlı hissəsinin dəyişdirilməyəcəyini açıqlayıb. Bu, düzgün qərar idi. Bir sahibkar kimi, minlərlə işçinin lideri kimi mən də bunu dəstəkləyirəm” deyən Mamatkulov qeyd edib ki, bütün problemlərin ən qısa vaxtda tam aradan qaldırılacağına əmindir və əsrlər boyu davam edən möhkəm dostluq əlaqələri əbədi olaraq yaşayacaq.

Özbəkistan Konstitusiya Komissiyasının üzvü, hüquqşünas professor Mirzəyusuf Rüstəmboyevin sözlərinə görə, konstitusiya canlı qanundur və bu səbəbdən o da köhnəlir və dəyişdirilməsi lazımdır. Çünki müstəqillik illərində qəbul edilmiş konstitusiyada SSRİ konstitusiyasından qalan çoxlu normalar çıxarılıb. “Dünyada konstitusiya modeli yoxdur. Ona görə də biz Özbəkistan Konstitusiyasını hazırlamaqda çox çətinlik çəkdik. Hansı ki, indi onun qəbulundan 30 il keçir. Hesab edirəm ki, mövcud əsas qanunumuz bu müddət ərzində öz məqsədini yerinə yetirib. Müstəqillik əldə etdikdən sonrakı 30 il ərzində Özbəkistan bir yerdə dayanmayıb. İqtisadiyyatımızda dəyişikliklər olub, insanlarımız, siyasətimiz dəyişir. Konstitusiya Komissiyasının üzvü kimi demək istərdim ki, əsas qanunumuza əlavə və dəyişikliklərlə bağlı 60 mindən çox təklif daxil olub. Bu, əhalimizin hüquqi şüurunun, mədəniyyətinin yüksəlməsinə işarədir. Burada vurğulamaq lazımdır ki, konstitusiya dogma deyil: canlı qanundur, zamana və islahatlarımıza uyğun dəyişməlidir”, - deyib cənab Rüstəmboyev.

Tanınmış özbək yazıçı Kərimbərdi Toramurod ölkənin birliyinə qarşı çıxanlara sərt dillə cavab verib. Bildirib ki, hadisələrin qarışdığı ilk gün prezident Nukusa getməklə çox düz edib. “Prezident bildirib ki, Qaraqalpaqıstanla bağlı heç bir maddəyə dəyişiklik edilməyəcək. Düz deyib! Prezident sərəncam verib: “3 iyul 2022-ci il saat 00:01-dən 2 avqust 2022-ci il saat 00:00-dək Qaraqalpaqıstan Respublikasının ərazisində fövqəladə vəziyyət tətbiq edilsin!”. Prezident bu sərəncəmı da çox düzgün olaraq verib! Buyurun, bizim qaraqalpaq qardaşlarımızın başını döndərənlər, onları qızışdıranlar, görək nə edəcəksiniz!”, - cənab Toramurod deyib.

Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin doktoru, sosioloq alim Əzəmət Seyidovun sözlərinə görə, konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə parlament tərəfindən yalnız birinci oxunuşda qəbul edilib. Yəni bu, adi layihədir. Təəssüf ki, bunun hələ bir layihə olduğunu və təkliflərin dinlənilməsinin davam edəcəyi bildirilsə də, bəziləri bunu yeni konstitusiya kimi qəbul edib. “Əsas etirazlar konstitusiyanın 70-75-ci maddələri ilə bağlı olub. Konstitusiya islahatlarının başlanğıcında hökumət təkliflər vermək üçün bütün imkanları yaratmışdı. Əvvəlcə fleşmob şəklində, sonra isə manipulyasiya texnologiyaları vasitəsilə bu müzakirələr böyüyərək qanunsuz mitinqlərə çevrildi. Onu da deyim ki, bu nümayişlər öz fikrini qanuni şəkildə ifadə edən bütün qaraqalpaq xalqının iradəsi deyildi. Prezident Şavkat Mirziyoyev bildirib ki, yeni qəbul edilən konstitusiya xalqın konstitusiyası olacaq və dövlət başçısı sözünün üstündə durdu. Nukusda olarkən xalq nümayəndələrinin, fəalların sözlərini dinləyib və xalqın narazı olduğu normalara heç bir dəyişiklik edilməyəcəyini vurğulayıb. Bu gün əhalinin hüquqi savadı artıb, hamı sənədləri öyrənir. Lakin bəzi insanlar populist sözlərə uyaraq öz fikirlərini ifadə etmək üçün qeyri-qanuni yollara keçirlər. Bir şeyi başa düşmək lazımdır: gedən demokratik islahatlar bizə ifadə azadlığı ilə yanaşı, məsuliyyət də verir. Belə dağıdıcı ifadə və etiraz formalarının artması heç də həmişə cəmiyyətə xeyir gətirmir”, - deyib cənab Seyidov.

Özbəkistanlı din alimi, professor Mübaşşir Əhməd Qaraqalpaqıstan əhalisini Özbəkistanın birlik və bütövlüyünə zidd addım atmaqdan çəkinməyə və xarici qüvvələrin təsiri altına düşməməyə səsləyib. “Hesab edirəm ki, Prezident Mirziyoyevin Nukusa səfəri və Özbəkistan Konstitusiyasının 70-75-ci maddələrinin hazırkı redaksiyada dəyişməz qalması ilə bağlı qaraqalpaq xalqına xitabən səsləndirdiyi fikir sülhə doğru addımdır. Hələlik məsələnin bir tərəfini görə bilərik. Bundan əlavə, müstəqillik və suverenliklə bağlı əvvəlki dalğanı görmüşük. Müstəqillik ərəfəsində Özbəkistanın çıxışlarına baxdıq. Bu zaman insanlar hislərə çox önəm verirlər. Emosiya artdıqca ağıl geri çəkilir. Ona görə də prezidentin bu məsələ ilə bağlı hansı qərarı çıxarsa, dəstəkləməyin tərəfdarıyam. Ümid edirik ki, dövlət başçısının qərarı bu hadisələrə çarə olacaq və Allahdan da bunu diləyirik” deyib professor Əhməd.

Professor bəzi qaraqalpaq millətçilərinin müstəqillik barədə çağırışlarına toxunaraq deyib ki, Aral dənizi quruduqca bu ölkədə böyük ekoloji problemlər yaranıb. Bundan əlavə, həllini gözləyən bir çox iqtisadi və sosial məsələlər var. Bu mənada onların müstəqillik tələbi arzulamadıqları itkilərə səbəb ola bilər.

“Üstəlik, bu vaxtadək özbəklərdən heç bir pislik görmədilər, onlara pis gözlə baxılmayıb. İnanıram ki, bu siyasət davam edəcək - özbəklər yaxşı dost, insanpərvər, qonaqpərvər xalqdır. Bu mənada mən qaraqalpaq dostlarımızdan xahiş edərdim ki, özbəklərdən uzaqlaşmasınlar, əksinə daha çox yaxınlaşsınlar. Özbəklərlə qaraqalpaq xalqının dini, dili, baxışı eynidir. Ona görə də xahiş edirəm ki, heç bir çağırışa uymadan ümumi rəhbərlərimizin sözlərinə tabe olsunlar”, - Mübaşşir Əhməd deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.