"Turan Sivilizasiyası zamanın tələbindən qaynaqlanır" - Ekspert danışır

8-11-2022, 13:48           
"Turan Sivilizasiyası zamanın tələbindən qaynaqlanır" -
“Rusiya-Ukrayna münaqişəsindən sonra dünya yeni siyasi situasiya ilə qarşılaşıb. Daha dəqiqi, dünya yeni siyasi formata köklənib. Belə olan təqdirdə münaqişənin nəticəsindən asılı olaraq dünyada yenidən qütbləşmə prosesi başlayacaq. Bu baxımdan dünyanın yenidən qütbləşməsi prosesində yeni münaqişə ocaqları yarana bilər”.

TEREF.AZ xəbər verir ki, bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev noyabrın 10-da Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin, bir gün sonra isə dövlət başçılarının bir araya gələcəyi ilə bağlı suala cavabında deyib.

TDT-nin yeni dünya düzənində yerinin necə olacağından danışan siyasi şərhçi bildirib ki, dünyada münaqişə ocaqlarının qarşısını almq ücün yeni güc mərkəzlərinin olmasına ehtiyac duyulur.

Onun sözlərinə görə, artıq dünya Avropa sivilizasiyasının vurduğu fəlakətləri yaşamaqdadır, I, II, hətta demək olar ki, de-fakto III Dünya Müharibəsi də Avropanın mərkəzində gedir: “Bu üç müharibə 10 milyonlarla insanın ölümünə səbəb olub, hazırda da münaqişənin yaratdığı gərginlik davam edir, hətta nüvə müharibəsi təlükəsi yaranıb”.

A. Məsiyev əlavə edib ki, Avropanın mərkəzində baş verən Rusiya-Ukrayna münaqişəsi istər siyasi, istərsə də iqtisadi baxımdan dünyanın sabitliyini pozub: “Bir sözlə, deyə bilərik ki, Avropa Sivilizasiyası bəşəriyyət üçün təhlükə yaradır. Belə olan təqdirdə dünya yeni siyasi formasiyaya köklənməkdədir və bu prosesdə Türk Dövlətləri Təşkilatının bəşəriyyətə böyük töhfə verməsi mümkündür. Yəni Turan Sivilizasiyası bəşəriyyətə ədalət gətirə bilər”.

A. Məsiyevin fikrincə, TDT-nin genişləndirilmiş əməkdaşlığına ehtiyac var: “Bu təşkilat dünyada gedən mənfi proseslərin önünə keçməklə, münaqişələrin söndürülməsində, dağıdıcılığın qarşısını almaqda təşəbbüs göstərə bilər. Necə ki, Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülhlə nəticələnməsində rol oynamaqdadır”.

Görəsən, TDT ölkələri arasında mənəvi, siyasi və iqtisadi inteqrasiyanın sürətləndirilməsi Turan Sivilizasiyasının yeni müstəvidə əsasını qoya bilərmi?

Bu suala cavabında A. Məsiyev deyib:

“Mənəvi inteqrasiya - türkdilli xalqların mədəni əlaqələrinin inkişafı, ortaq dil vahidinin və ortaq ideologiyanın formalaşmasıdır. Bu, Turançılıq fəlsəfəsinin inkişafını Türk xalqlarına aşılamaq, mövcud dəyərləri qorumaqla inkişaf etdirmək üçün çox vacibdir.

İqtisadi inteqrasiya - TDT-nin üzv ölkələrinin iqtisadi münasibətlərini sürətləndirmək, maliyyə-pul vahidini əlaqələndirmək, ortaq pul vahidini dövriyyəyə buraxmaq, ortaq pul ödəniş sisteminin yaradılması və s. kimi dəyərləri özündə əks etdirir.

Siyasi inteqrasiya - TDT-nin üzv ölkələrini bir millət-bir ittifaq halına gətirmək, Türan İttifaqını formalaşdırmaq, ortaq parlament sisteminin təşkili, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin genişləndirilib daha da dərinləşdirilməsi və s. perspektivləri hərtərəfli nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 15 iyun 2021-ci il tarixində Şuşada imzalanmış Şuşa Bəyənnaməsi kimi mühüm bir sənəd həm də TDT-yə üzv ölkələr arasında imzalanmalıdır. Bu sənəd Turan Sivilizasiyasının əsasını təşkil edər. Azərbaycan-Türkiyə əlaqələri TDT daxilində Turan İttifaqının əsasını qoya bilər. Bu əlaqələr hamı üçün nümunə olardı. Bir sözlə, Turan Sivilizasiyası zamanın tələbindən qaynaqlanır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, artıq dünya Türkiyə prezidentinin simasında Türkün ədalətini görür: “BMT-nin əldə edə bilmədiyini Türkiyə prezidenti Ərdoğan təkbaşına Türkiyə adına edir və dünyanı qismən də olsa, aclıqdan qurtarır. Yəni, Ukrayna taxılının müharibə zonasından dünya bazarına təhlükəsiz çıxmasına nail olur. Türkiyə prezidenti Ərdoğanın Rusiya prezidenti Putinlə dostluq münasibəti bir çox dünyəvi problemlərin həllinə səbəb olmaqdadır. Hesab edirəm ki, Turkiyə-Rusiya dosluğu Turan Sivilizasiyasının inkişafına da təkan verəcək. Bu baxımdan TDT-yə üzv dövlətlər Turkiyə və Rusiya dövlətlərinin, o cümlədən hər iki dövlət başçılarının dosluq münasibətindən nümunə götürməli, bu münasibətlərin qorunmasında və inkişafında maraqlı olmalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.