Türkiyədə zəlzələ: “Baş verənlərə görə Erdoğan cavabdehdir” müxalifət lideri deyib

9-02-2023, 08:04           
Türkiyədə zəlzələ:
Bazar ertəsi minlərlə insanın ölümünə səbəb olan iki böyük zəlzələdən sonra insanların fəlakətə hazır olmadığı üçün Türkiyə hökumətinə qəzəbi artır.

Hazırda Türkiyədə zəlzələdən ölənlərin sayı 8 min 500-dən çoxdur və bu rəqəmin daha da artacağı gözlənilir.


Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ölkənin ən çox zərər görmüş regionuna səfəri çərçivəsində vəfat etmiş şəxslərin sayını açıqlayıb.

Lakin hökumətin zəlzələyə cavabı və hazırlıq səviyyəsi ölkədə siyasi hiddəti daha da artırır.

Zəlzələdən ən çox zərər görmüş ərazilərdə yaşayan insanlar bildirirlər ki, Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) tərəfindən həmin bölgələrdə çox ləng addımlar atılıb.

Arzu Dedeoğlu çərşənbə axşamı BBC müxbirlərinə deyib ki, bacısının iki qızı Türkiyənin cənubunda yerləşən İskenderun limanında dağıntılar altında qalıb. Onun dediyinə görə, ailəsi əllərində olan alətlərlə dağıntıları təmizləmək istəsələr də, rəsmilər onlara icazə verməyiblər.

“Axşama kimi gözlədik, lakin heç kəs gəlmədi. Biz öz hesabımıza ekskavator gətizdirdik, lakin onlar bizə ondan istifadə etməyə razılıq vermədilər. Bacımın iki qızı – Ayşegül və İlayda dağıntılar altındadır”, - Dedeoğlu deyib.

Fövqəladə Halların əməkdaşları gəldikdə isə Dedeoğlu onların üstünə qışqıraraq “çox gecdir” deyib. Xilasedicilər müəyyən vaxtda axtarışlara ara versələr də, qızların ailəsi onlara yalvararaq dayanmamağı xahiş ediblər.

“Xahiş edirəm, getməyin. Bəlkə də mənim uşaqlarım hələ sağdır”, - qızların anası deyib.

Bəziləri hökuməti zəlzələyə çevik reaksiya verməməkdə günahlandırır, digərləri isə hökumətin qabaqcadan bu cür hadisələrə hazır olmadığını deyir.

“Baş verənlərə görə məsuliyyət daşıyan yeganə şəxs varsa, o da Erdoğandır”, Türkiyənin əsas müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlu qeyd edib.

Prezident Erdoğan zəlzələdən daha çox zərər görmüş 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət elan edib. Bu müddət 14 may tarixində keçirilməsi gözlənilən seçkilərdən əvvəl başa çatacaq. Bu seçkilərdə 20 ildir hakimiyyətdə olan 68 yaşlı prezident yenidən öz postunda qalmağa cəhd edəcək.

Onun bu seçkilərdə əsas rəqibi "Altılı Masa" adlandırılan, mərkəz-solçu və sağçı partiyalardan ibarət olan Millət İttifaqıdır. Kılıçdaroğlunun da adı həmin ittifaqdan prezidentliyə namizədlər arasında hallanır.

Twitter hesabında paylaşdığı videoda müxalifət lideri Prezident Erdoğanla “heç bir platformada” görüşməyəcəyini açıqlayıb və hökuməti zəlzələdən sonra “özünü təbliğ etməkdə” günahlandırıb.

Zəlzələnin yaratdığı böyük dağıntılardan sonra 20 ildən çoxdur Türkiyə hökumətinin əhalidən yığdığı “zəlzələ vergisi” ətrafında yaranan şübhələr də əhali arasında qəzəbi artırır.

Bu müddət ərzində həmin vergidən yığılan təxminən 88 milyard lirə (4.6 milyard dollar) fəlakətlərin qarşısının alınması və fövqəladə xidmətin keyfiyyətinin yüksəldilməsinə xərclənməli idi. “Zəlzələ vergisi” 1999-cu ildə Türkiyənin şimal-qərbində 17 min insanın ölümünə səbəb olan zəlzələdən sonra yığılmağa başlanılıb.

Hökumətin “xüsusi kommunikasiya vergisi”, sadə vətəndaşların isə “zəlzələ vergisi” adlandırdığı ödəniş ətrafında yaranan suallar ölkədə zəlzələ baş verən bütün tarixlərdə gündəmə gəlib.

Lakin hökumət “zəlzələ vergisi”nin necə xərclənməsi ilə bağlı heç vaxt ictimaiyyətə açıqlama verməyib.

Kılıçdaroğlunun sözlərinə görə, Erdoğan hökuməti “20 il ərzində zəlzələyə hazırlıq görməyib”.

Lakin hökumətin hazır olmadığını deyən, sadəcə prezidentin əsas siyasi rəqibi deyil.

“1999-cu ildən bəri bizdən yığılan vergilər hara gedib?”, - 61 yaşlı Celal Deniz AFP agentliyinə müsahibəsində deyib. Onun qardaşı və qardaşı uşaqları hələ də dağıntılar altındadır.

Sosial media istifadəçiləri də zəlzələdən zərər görmüş insanların tənqidlərini efirə vermədikləri üçün Türkiyənin bəzi yayım kanallarını və hökumətyönlü televiziyaları tənqid ediblər.

Paylaşılan videolardan görünür ki, Kahramanmaraşda olan NTV müxbiri deyir ki, yerli sakinlər “yardımların adekvat olmadığından” narazıdırlar və müxbirin arxasında sakinlərin “haradadır dövlət?” dediyi eşidilir.

Həmin kadrlardan görünür ki, televiziya kanalında müxbir sözünü bitirməmiş yayım kəsilir və xəbər studiyasının görüntüsü ekrana gəlir.

Yayılan digər videoda isə zəlzələdən sağ çıxmış şəxsin Haberturk yayım kanalının müxbirinə onları xilas etmək üçün “heç kəsin gəlmədiyini” deyir. Müxbir isə həmin şəxsdən uzaqlaşaraq xilasedicilərin “hər yerdə axtarış apardığını” bildirib.

Kahramanmaraşda açıqlama verən Erdoğan fəlakət bölgələrinə ilkin yardım zamanı çətinliklərin olduğunu etiraf edib və baş verən gecikmələri yolların və hava limanlarının zərər görməsi ilə əlaqələndirib.

O vurğulayıb ki, insanlar rəsmi mənbələrin dediklərinə qulaq asmalı və “təxribatçıların” dediklərini ciddi qəbul etməməlidirlər.

Erdoğanın zəlzələnin mərkəzi hesab edilən Pazarcikə də səfəri planlaşdırılır.

“Dövlət öz işini görür”, - Erdoğan bildirib.

"Bu qədər böyük bir fəlakətə hazır olmaq mümkün deyil", - o, Hataya səfəri zamanı deyib.

Erdoğan bəzi ərazilərdə təhlükəsizlik qüvvələrini ümumiyyətlə görmədiklərini söyləyən insanları "təxribatçı" adlandırıb.

"Bu, birlik, həmrəylik vaxtıdır. Belə bir dövrdə siyasi maraqlar naminə neqativ kampaniyalar aparan insanları həzm edə bilmirəm", - o əlavə edib.

Lakin İskenderunda olan bir çoxları üçün hökumətin reaksiyası gecikib.

“Nə üçün dünən gəlmədiniz, dağıntıların arasından səslər eşidirdik!”, - bir qadın çərşənbə axşamı xilasedicilərin üstünə qışqıraraq deyir.

Digər qadın isə göz yaşlarına qərq olub.

“Dünən gəlsəydiniz, onları xilas edə bilərdik”, - o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.