Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri 18 il müddətinə həbs olundu

25-04-2023, 11:53           
Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri 18 il müddətinə həbs olundu
Astana şəhərinin Cinayət İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimovu 18 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə bazar ertəsi məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məsimov dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

O, həmçinin əmlakı müsadirə olunmaqla dövlət qulluğunda vəzifə tutma hüququndan ömürlük məhrum edilib.

Bundan başqa, MTK sədrinin keçmiş müavini - “A” Xüsusi Təyinatlı Xidmətin rəisi Anuar Sadıkulov da Məsimovla eyni maddələrlə təqsirli bilinib. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. MTK sədrinin keçmiş müavini Daulet Yerqojin də hakimiyyəti zorla ələ keçirməyə cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. O, 15 il müddətinə azadlıqdan məhrum olunub. MTK rəisinin keçmiş müavini Marat Osipov vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, məhkəmə onu dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə həbs edib.
Həmçinin, Məsimov, Sadıkulov, Yerqojin və Osipov titullarından və dövlət mükafatlarından məhrum ediliblər.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin 5 yanvar 2022-ci il tarixli fərmanı ilə ölkədə baş verən iğtişaşlar fonunda Məsimov MTK-nin sədri vəzifəsindən azad edilib. Yanvarın 8-də onun dövlətə xəyanətdə şübhəli bilinərək saxlanıldığı açıqlanıb. Noyabrın 7-də Qazaxıstan Baş Prokurorluğu Məsimova qarşı cinayət işini məhkəməyə göndərib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.