TÜRKİYƏNİN DÜNYAYA SƏS SALACAQ YENİ HELİKOPTERİ - “ATAK-2” ilk uçuşuna hazırlaşır + FOTOLAR
26-04-2023, 19:54

Türkiyənin Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində hazırlanan “ATAK-2” helikopteri ilk dəfə nümayiş etdirilib.
APA xatırladır ki, “ATAK-2” layihəsinə 2019-cu ildə start verilib.

Təxminən bir ildir ki, hissələrinin istehsalı başlayıb, son 3-4 ayda isə helikopterin gövdəsinin yığılması və son montaj işləri həyata keçirilib.

23 apreldən etibarən “ATAK-2”nin iki mühərriki ayrı-ayrılıqda işə salınıb və hazırda son testlər üçün hazırlıqlar gedir.

Növbəti addım olaraq 1 həftə sonra, “ATAK-2”nin ilk uçuşunun həyata keçirilməsi gözlənilir. Bu testlər üçün bir neçə prototipin istehsal edilməsi nəzərdə tutulub.

Layihənin məhsul mühəndisi Mehmet Yılmazın sözlərinə görə, “ATAK-2” helikopteri də bir çox hərbi sənaye məhsulu kimi yerli imkanlarla ərsəyə gəlib.

“ATAK-2” bütün hücum helikopteri xüsusiyyətlərinə malikdir. Belə ki, 2500 at gücündə mühərrikə sahib olan “ATAK-2” 11,5 ton ağırlığında yük qaldırmaq qabiliyyətində olacaq. “ATAK-2” helikopterini eyni zamanda, 6 raketlə təchiz etmək olacaq. Bunun üçün yerli “Roketsan” şirkəti ilə danışıqlar aparılır.

Beləliklə, “ATAK-2” helikopteri “Bayraktar” ailəsinə aid PUA-lar, pilotsuz döyüş təyyarəsi “Kızılelma”, TCG “Anadolu” PUA gəmisi və digərləri ilə yanaşı, Türkiyənin yerli imkanlarla istehsal etdiyi növbəti hərbi sənaye məhsulu olacaq.
