"Mehmetçik" adı ilə dünya hərbinə möhür vuran şanlı türk əsgərini Ərdoğan öz maraqları naminə rəzil etdi

18-07-2016, 01:39           

Ərdoğanın şər doğması.


Rəcəb Tayyib Ərdoğan. Türkiyə Respublikasının on ikinci prezidentidir. 2003-2014-cü illərdə Türkiyə Respublikasının baş naziri vəzifəsində çalışmışdır. 2014-cü ildə sədri olduğu Ədalət və İnkişaf partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş və prezident seçilmişdir.

1997-ci ildə 10 aylıq həbs olunan Ərdoğan cəzasının 4 ayını çəkdikdən sonra əfv olunur. Onun əfvi Türkiyə üçün gələcək şərin doğulması idi. Azad olunan kimi dərhal sədri olduğu Ədalət və İnkişaf partiyasını qurub yaradan Ərdoğanın bundan sonar siyasi imici formalaşır. Sonrası isə yuxarıda yazdıqlarıma qədər inkişaf edir.

Ərdoğanın hakimiyyəti illərində və xüsusilə də prezidentlik dövründə ölkədə iqtisadi vəziyyət inkişaf etsə də, daha çox qonşu ölkələrlə problemlər baş qaldırdı. (Misir, İsrail, Suriya və Rusiya ilə). Türkiyədə ard-arda terror hadisələri baş verdi və hələ də verir. Bütün baş verən proseslərin kuliminasiya nöqtəsi Rusiya təyyarəsinin vurulması və üzrxahlığın olması idisə, pik həddi hərbi çevrilişə cəhd idi ki, o da oldu.
Məlum olduğu kimi Türkiyədə ölkə başçısı prezident olsa da, daha çox səlahiyyət sahibi baş nazirdir. Bunu Abdullah Gülün zamanında hər yandan səsi gələn Ərdoğanın timsalında görmək olurdu. O vaxt Ərdoğan baş nazir idi və “Davos”dakı çıxışı ilə Türkiyə vətəndaşlarının, eləcə də bizim qəlbimizi fəth etmişdi. (Nə biləydik ki, sonradan Ərdoğan şər doğacaq) Qısası baş nazirin səlahiyyətlərinin daha geniş olduğunu Ərdoğan çox gözəl bilir. O səbəbdəndir ki, bütün səlahiyyətləri öz əlində cəmləyərək yeganə səlahiyyət sahibi olmaq istəyir. Necəki bir çox ölkələrdə, eləcə də bizim ölkədə idarəetmə bu formadadır. Rəcəb Tayyib Ərdoğan bu yolda qarşısına çıxan bütün maneələri dəf etmək iqtidarında idi. Belə də oldu. Diqqətinizə çatdırım ki, bu ilin aprel ayının yeddisində “Washingtontimes” qəzeti (linkə keçid edərək oxuya bilərsiniz: http://m.washingtontimes.com/news/2016/apr/7/recep-tayyip-erdogan-uses-turkey-military-coup-buz/?utm_campaign=shareaholic&utm_medium=facebook&utm_source=socialnetwork) məlumat yaydı ki, “Ərdoğan Türkiyədə önünü təmizləmək üçün saxta hərbi çevriliş hazırlayır. Lakin son zamanlar baş verən proseslər, terror aktları bu planı ertələyir”. Bəli bu məlumat hərbi çevriliş baş verməmişdən nə az, nə çox təxminən 3 ay öncə yayılmışdı. Ərdoğan və onun hakimiyyəti altında olanlar, xüsusilə də MİT kimi öz sözünü demiş təhlükəsizlik təşkilatının bu barədə məlumatı yox idimi? Əlbəttə var idi. Çünki əsas faktor Ərdoğandır.

Bildiyimiz kimi Türkiyədə bir neçə dəfə hərbi çevriliş baş verib. 1961, 1970 və 1980-cı illərdə. Bütün hərbi çevrilişlər hakimiyyət adamlarının getməsi, hətta bəzilərini edam olunması ilə yadda qalıb. Amma son çevriliş əvvəlkilər kimi olmadı. Bir neçə saatlıq hay-küy tezliklə sovuşdu. Əvəzində kiminsə, daha dəqiq desək Ərdoğanın çirkin oyunu nəticəsində 170-ə yaxın insan həyatını itirdi, yüzlərlə insan yaralandı. Çoxumuz düşünə bilərik ki, yəni Ərdoğan bu cür iyrənc addımı atardımı? Cavabımız bəlidir. Çünki Ərdoğan türk əsgərinin gücünü bilirdi. Son zamanlar baş verən teraktlar Ərdoğanın əleyhinə işləyirdi. Hadisələrin bu cür inkişafı hərbi çevrilişi qaçılmaz edirdi. Belə olan təqdirdə nə etmək lazım idi? Təbii ki, saxta çevriliş. O da oldu. Artıq Ərdoğan öz istəyinə çatdı. Həm də artıqlaması ilə. Bir sözlə, el məsəlində deyildiyi kimi “bir güllə ilə 2 quş”. Amma Ərdoğan 3 quş vurdu. Birincisi az sonra ölkədə referendum keçirərək bütün səlahiyyətləri öz əlində cəmləşdirəcək. Bir sözlə ali baş komandan özü olacaq. İkincisi türk əsgərini aşağılamaqla gələcəkdə baş verə biləcək qiyamın qarşısını aldı. Üçüncüsü isə Türk əsgərinə yenidən nüfuz qazandırmaq üçün Suriyaya və PKK üzərinə asanlıqla gedərək xarici havadarlarının dəstəyini qazanacaq. Bütün bunlar Ərdoğanın xeyrinədir.

15.07.2016-cı il tarixli saxta hərbi çevrilişi incələsək, dediklərimizin həqiqət olduğunu görə bilərik. Hadisə baş verən zamanadək Ərdoğan ortalıqda yox idi. Onun son görüntüsündən təxminən bir həftə vaxt keçmişdi. Deyilənlərə əsaslansaq, istirahətdə imiş. Necə də maraqlıdır. İstirahətdə olduğun zaman belə bir hadisə baş verir və sən telefonla bir vaxtlar qadağan etdiyin “skayp” vasitəsilə xalqa (o xalqa ki, Gezi olayaları zamanı-2013-ci ildə küçəyə çıxan vətən xainidir deyirdin) müraciət edirsən ki, hər kəs küçəyə çıxsın. Demokratiyamızın pozulmasına imkan vermək olmaz. Ardınca isə istirahət mərkəzindən çıxaraq, Anakaraya deyil, İstanbula uçursan və bu zaman istirahət etdiyin məkan vurulur. Necə də sxematik şəkildə qurulmuş plandır.

Gələk saxta çevriliş edənlərin hərəkətlərinə. Bildiyimiz kimi Türkiyədə irili-xırdalı yüzlərlə telekanal mövcuddur. Amma onlar TRT-1 kanalını hədəf seçirlər. Niyə məhz TRT-1? Çünki əsas dövlət kanallarından biri odur. Daha inandırıcı olsun deyə bundan yaxşı variant ola bilməzdi. Digər tərəfdən F-16 havaya qaldırılır və parlament binası partladılır. Niyə məhz parlament binası? Çünki seçkilərdən çox vaxt keçməyib. Haradasa seçkilərin demokratik keçmədiyinə, AKP tərəfdarlarının parlamentdə say çoxluğu qazanmasına etiraz əlaməti olaraq bu da düşünülmüş addımdır. Tankların əsas giriş-çıxış olan körpüləri bağlaması isə əhalini daha çox panikada saxlamaq və çevrilişin həqiqi olduğuna onları inandırmaq məqsədi daşıyırdı.

Çoxumuz baş verən hadisə zamanı əsgərləri qınayırıq. Amma halbuki hərb qanunlarına görə verilən əmrin icra olunmasına etiraz etməyin nə demək olduğunu çox gözəl bilirik. Əsgərlərə döyüş əmri verilirsə, bu əmr qeyri-qanuni və ya qanuni olsa da icra olunmalıdır. Qeyri-qanuni olan əmri icra etməyən əsgərin çıxış yolu əmrin icrasından boyun qaçırmaq və ya, son anda özünü öldürməkdir. Əldə olan kadrlara baxdıqda əsgərlərin verilən əmri icra etməməyə niyyətləri olduğu açıq-aşikar hiss olunurdu. Bəlli idi ki, cinayəti törədənlər əsgər deyil, zabitlər idi. Nə bilmək olar bəlkə də sırf camaatı əzən tankın, parlamenti bombalayan F-16-nın içindəki muzdlu idi. Yaxşısın Ərdoğan bilir, bir də bu işdə barmağı olanlar. Amma təəssüf ki, istər Ərdoğan, istərsə də hadisədə maraqlı olan qüvvələr deyil, türk əsgəri aşağılandı, cəzalandırıldı, döyüldü, öldürüldü. Bu isə heç bir insanlığa sığmır. Hətta Ərdoğanın təbliğ etdiyi İslam dinini göndərən Allah da bu cür vəhşiliyi qəbul etmir. Bir zamanlar Atatürkün rəhbərliyi altında “Çanakkala” savaşında düşmən üzərinə hücum edən türk əsgərləri “Allahu-Əkbər” deyərək döyüşə atılmışdılar. Amma nə biləydilər ki, 2016-cı ildə Ərdoğanın yetişdirdiyi manqurt düşüncəli saqqallılar onların üzərinə “Allahu-Əkbər” deyərək şığıyacaq, boğazlarını kəsəcək, can verdikləri zaman təpiklənəcək və öldürüləcəklər. “Mehmetcik” adı ilə dünya hərbinə möhür vuran şanlı türk əsgərini Ərdoğan öz maraqları naminə rəzil etdi. Amma bir şeyi anlamadı. Türk türkdür. O gec də olsa öz qisasını alır.

Elçin Əfəndiyev
olke.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.