Qazaxıstan: klan davası, yoxsa dini qarşıdurma meydanı? –Təhlil

23-07-2016, 00:14           

Qazaxıstanda baş verən son terror aktları diqqəti bu ölkəyə də yönəldib.

Zahirən sabit və firavan, üstəlik çoxmillətli Orta Asiya dövlətində dini radikalizm üçün heç bir zəmin yoxdur. Bununla belə, fakt faktlığında qalır və amansızlığı ilə seçilən ardıcıl terror aktlarından sonra bir çoxları onun mənbəyini araşdırmağa çalışır.

Görünən odur ki, bu suala cavab hələ də tapılmayıb. Nursultan Nazarbayev 1989-cu ildən Qazaxıstanı idarə edir. Avtoritar hakimiyyətin ölkəni modernləşdirməsi yolunda heç bir maneəyə rast gəlinmir. Lakin cəmiyyətin radikallaşmasında, həm də radikalizmin dini çalar almasına heç bir əsas görməyənlərin yanıldığı indi şübhəsizdir.

Qazaxıstanda “xalqlar atası” rolunu oynayan N.Nazarbeyev siyasi rəqabətin mövcud olmadığı bir cəmiyyət yaradıb. Rəsmi Astana təxminən “Çin modeli”ni əsas götürərək demək olar ki, birpartiyalı sistem qurub. Hakim “Nur otan” partiyası hər seçkidə mütləq çoxluğu qoruyaraq, Çin Kommunist Partiyası kimi, idarəetmənin hər sahəsində üstünlüyə malikdir. Digər partiyaların, hətta iqtidarpərəst siyasi qurumların varlığı heçə endirilib. İqtisadi sahədə ciddi klanlaşma müşahidə olunur. Ölkənin müxtəlif bölgələrində işsizliyin səviyyəsi yüksək, əhalinin gəlirləri çox aşağıdır. Korrupsiya və rüşvətxorluq səviyyəsi haqqında ziddiyyətli məlumatlar dolaşsa da, əsasən şəhərlərdə cəmləşən gənclərin, yəni gələcəyi olmayan təbəqənin dini təmayüllü təşkilatlara üzv olması asta-asta güclənir.

Doğrudur, hazırda Qazaxıstanda dini qurumların qeydiyyatı xeyli sərtləşdirilib. Missioner fəaliyyəti demək olar ki, yoxdur. 25 oktyabr 2012-ci il tarixli qanun bütün dini qurumların yenidən qeydiyyata alınması prosesinə rəvac verməklə, 4500 dini icmanın xeyli hissəsini rəsmi qeydiyyatdan məhrum edib. Təbii ki, İraq və Suriyadakı gərginlik, “İŞİD”-in ilkin uğurları Qazaxıstanda gizli əlaqələrin qurulmasını və Yaxın Şərqə könüllü axınını doğurub.

Son vaxtlara qədər Qazaxıstanda dini ekspertlər və təhlükəsizlik üzrə mütəxəssislər beynəlxalq terror təşkilatlarının varlığına barmaqarası baxırdılar. Çünki əvvəllər, ötən əsrin 90-cı illərində Özbəkistan və Tacikistanla sərhədlərdə ciddi təhdidlər vardı. Rəsmi Astana onların öhdəsindən asanlıqla gəldi. 2000-ci illərdə baş verən terror aktlarının isə rəsmi səviyyədə “terror” kimi dəyərləndirilməsi xeyli ləngidi. Hətta həbs edilən şəxslər belə Cinayət Məcəlləsinin “terror” deyil, digər maddələri ilə ittiham olundular. Yalnız 2012-ci ildən başlayaraq, rəsmi Astana Qazaxıstan ərazisində baş verən çaxnaşmaları bu dəbdə olan sözlə dəyərləndirməyə başladı. Bu mövzuda ən maraqlı məsələ son illərdə baş verən silahlı toqquşmaların Qazaxıstanın qərbində cəmləşməsidir. Bu sırada Aktobe şəhəri xüsusilə fərqlənir. Əvvəlcə baş verənləri bu şəhərdə icmaları olan Qafqaz mənşəli şəxslərin ayağına yazmaq cəhdləri oldu. Lakin həbs edilən, yaxud əməliyyatlar zamanı zərərsizləşdirilənlərin milliyyətcə qazax olmasını heç cür gizlətmək mümkün deyildi.

Rəsmi açıqlamalarda terror aktlarını klan savaşları kimi dəyərlədirmə də vardı və var. Amma görünən budur ki, rəsmi Astananın özündə belə müəyyən şübhələr baş qaldırır. Ən başlıcası da bu qonşu dövlətlərdən hansısa biri Qazaxıstanı terror dalğası ilə hədələmək və ya cəzalandırmaq, yaxud da öz orbitində saxlamaq istəyir…

Sonda bir vacib arayış: hələ 2013-cü ildə Qazaxıstan mütəxəssisləri Marat Şibutov və Vyaçeslav Abramov "Qazaxıstanda terrorizm (2011-2012-ci illər)" adlı geniş hesabat hazırlamış və ictimai fikrin müzakirəsinə vermişdi. Bu hesabatda bir tutarlı cümlə var: “Ölkədə terrorizmin inkubasiya dövrü artıq bitib və tezliklə Qazaxıstan terrorun yeni, daha güclü dalğası ilə üzləşə bilər”.
strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.