Urmiyənin keçmiş bələdiyyə başqanı 20 il həbsə məhkum edilib

11-01-2024, 15:28           
Urmiyənin keçmiş bələdiyyə başqanı 20 il həbsə məhkum edilib
Fars xəbər agentliyi Qərbi Azərbaycan vilayətinin ədliyyə rəisi Nasir Ətəbatiyə istinadən xəbər verib ki, Urmiyə şəhərinin keçmiş bələdiyyə başqanı üçün 20 il qəti həbs cəzası hökmü çıxarılıb.

Ətəbatinin sözlərinə görə, Həzrətpur "rüşvətxorluq", "mənimsəmə", "bələdiyyə əmlakına ziyan vurma" və "qanunların icrasına mane olmaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" ittihamları ilə təqsirli bilinib.

Urmiyənin keçmiş bələdiyyə rəisi həbs cəzasına əlavə olaraq, dövlət qulluğundan birdəfəlik uzaqlaşdırılıb, qanunsuz yollardan əldə etdiyi qazancların və malların geri qaytarmasına və cərimə ödəməyə məhkum edilib.

Məhəmməd Həzrətpur 2021-ci ilin yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Təxminən iki aya yaxın təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldı. Lakin həmin ilin aprel ayında yenidən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Urmiyə Mərkəzi Həbsxanasına köçürülmüşdü.
Urmiyə bələdiyyəsinin korrupsiya işində Urmiyə şəhərinin müxtəlif bölgələrinin bələdiyyə sədrləri və digər idarəçilər də həbs edilib.

Adları və təfərrüatları İran mətbuatında dərc olunmayan bu şəxslərə Qərbi Azərbaycanın ədliyyə rəisinin dediyinə görə, qanun pozuntularına uyğun olaraq həbs və pul cərimələrinə və işdən kənarlaşdırılmağa məhkum ediliblər.

Həzrətpur 2012-2021 illəri arasında Urmiyənin bələdiyyə başqanı olub. O, Urmiyə millət vəkili Ruhullah Həzrətpurun əmisidir.

2021-ci ilin yanvarında Həzrətpur həbs edildikdən sonra onu Qulamrza Ədldust əvəz etdi. Sonra Məcid Ağazadə beş aya yaxın Urmiyə bələdiyyəsinə rəhbərlik edib. Hüseyn Mehdizadə avqust ayında Urmiyə şəhər şurasının üzvləri tərəfindən seçilib və indiyədək Urmiyə bələdiyyəsi başqanı vəzifəsində olub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.