Təbrizdə jurnalist Fatma Qulupur Gəncəliyə qarşı məhkəmə işi açılıb

12-07-2024, 16:09           
Təbrizdə jurnalist Fatma Qulupur Gəncəliyə qarşı məhkəmə işi açılıb
Təbrizdə jurnalist Fatma Qulupur Gəncəliyə qarşı xəbərçilik fəaliyyətlərinə görə məhkəmə işi açıldığı bildirilir.

Hüquq müdafiəçiləri Rokna xəbər agentliyinə çalışan Fatma Qulupurun öz sosial media hesabında etdiyi paylaşımlara əsasən bu barədə məlumat yayıblar.

Qulupurun bir neçə gün əvvəl Təbrizin Qaraağac məhəlləsində məhərrəmlik mərasiminin keçirildiyi zaman baş verən və iki şəxsin ölümü ilə nəticələnən toqquşma ilə bağlı hazırladığı xəbər Rokna xəbər saytında dərc edilmişdi.

Jurnalist həmin xəbərlə əlaqədar öncə Təbrizdə kiber polis mərkəzinə çağırıldığını, sonra da haqqında məhkəmə işi açıldığını bildirib.

Fatma Qulupurun xəbərində Qaraağac məhəlləsində bir neçə şəxsin əllərində qəmə (xəncər) ilə matəm dəstəsinə hücumu nəticəsində 2 nəfərin öldüyü, 25 nəfərin isə yaralandığı qeyd edilib. Yaralananlar arasında məhərrəmlik mərasiminə tamaşa edən qadın və uşaqların da olduğu bildirilib.

Jurnalist öz X hesabında haqqında çox sürətli bir şəkildə iş açıldığına dair məlumat paylaşıb.

“Dosye nə qədər də tez açıldı! Dünən məni sorğu-sual edən məmur demişdi ki, sənin məhərrəmlik və Hüseyn dəstələri haqqında xəbər yaymağa haqqın yoxdur. Polisin fəaliyyətini sorğulamağa haqqın yoxdur” - deyə, jurnalist çərşənbə günü sosial mediada paylaşıb.

Fatma Qulupur Gəncəli adətən Təbriz şəhərində baş verən hadisələr və başda qadınlar olmaqla, zorakılıq qurbanları haqqında xəbərlər hazırlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.