Təbriz və Qoşaçayda üç məhbus edam edilib

Bu gün, 17:34           
Təbriz və Qoşaçayda üç məhbus edam edilib
15 və 16 dekabr tarixlərində Təbriz Mərkəzi Həbsxanası və Miyandab (Qoşaçay) həbsxanasında qətl və narkotik maddə qaçaqmalçılığı ittihamları ilə həbs edilən üç məhbusun edam hökmü icra edilib.

Bu barədə Norveçdə yerləşən İnsan Haqları Təşkilatı (İHR) məlumat yayıb.

Dekarın 15-də edam edilən məhbuslardan biri, 29 yaşlı Təbriz sakini Qurban Razi “qəsdən adamöldürmə” ittihamı ilə qisas cəzasına məhkum edilmişdi. O, dörd il əvvəl küçə davası zamanı baş verən qətl hadisəsinə görə həbs olunmuş, 8 ay qaçaq həyat sürdükdən sonra könüllü şəkildə polisə təslim olmuşdu.

Həmin gün edam edilən digər məhbus isə Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərinin 38 yaşlı sakini Məhəmməd Kəsrani olub. O, “narkotik maddə qaçaqmalçılığı” ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi.

Bundan əlavə, 16 dekabr tarixində başqa bir məhbus, Behzad Seyyidi, Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərinin həbsxanasında edam edilib. O, “qəsdən adamöldürmə” ittihamı ilə daha əvvəl Bukan həbsxanasında saxlanılırdı və sonradan Miyandab (Qoşaçay) həbsxanasına köçürülmüşdü.

İranın cinayət qanunlarına görə, qətl hadisələrində qurbanın ailəsi "qan sahibləri" ünvanı ilə qisas tələb edə bilər. Əgər "qan sahibləri" bağışlama və ya diyə (qan pulu) almağa razı olarsa, edam hökmü icra edilmir. Lakin təqsirləndirilən şəxs diyə məbləğini ödəyə bilmədiyi və razılıq əldə olunmadığı halda ölüm hökmü icra olunur.

Narkotik maddələrlə bağlı cinayətlərdə isə İran hökuməti ölüm cəzasını geniş şəkildə tətbiq etməkdə davam edir. Buna baxmayaraq, ölkədə nə narkotik maddə istifadəsində, nə də narkotik qaçaqmalçılığı hallarının sayında azalma müşahidə olunmur.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı hesabata görə, 10 oktyabr 2023 - 8 oktyabr 2024 tarixləri arasında İranın müxtəlif bölgələrində ən azı 811 nəfər edam edilib. İnsan haqları təşkilatının açıqlamasına görə bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 23.06 faiz artım göstərir.

İranda edamların sayının artması beynəlxalq insan haqları təşkilatları tərəfindən böyük tənqid və narahatlıqla qarşılanır. Buna baxmayaraq, İran hakimiyyəti edamları dayandırmaq əvəzinə, bu cəzaları tətbiq etməkdə davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.