Apellyasiyadan imtina edən siyasi məhbus Əbdüləziz Əzimi Qədimin cəza müddəti azaldılıb

Bu gün, 15:14           
Apellyasiyadan imtina edən siyasi məhbus Əbdüləziz Əzimi Qədimin cəza müddəti azaldılıb
Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Əbdüləziz Əzimi Qədim Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edildikdən sonra apellyasiya şikayətindən imtina edərək cəza müddətinin azaldılmasına nail olub.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Əzimi Qədimə təqdim olunan hökm sənədində onun cəza endiriminin konkret müddəti qeyd olunmayıb. Siyasi məhbusun yaxınlarının bildirdiyinə görə, böyük ehtimalla onun həbs müddətindən 10 ay çıxılıb.

İran Cinayət Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən, əgər məhkum apellyasiya verməkdən könüllü imtina edərsə, ilkin məhkəmə həbs müddətinin dörddə birini azalda bilər.

Əbdüləziz Əzimi Qədim 2024-cü ilin fevral ayının ilk həftəsində Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İran Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu korpusuna aparılıb.

Bir neçə həftə dindirildikdən sonra o, həbsxananın ümumi bölməsinə köçürülüb.
Dindirilmə prosesi başa çatsa da, məhkəmə onun və digər azərbaycanlı milli fəalların girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmasına icazə verməyib.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati azərbaycanlı fəalları casusluq və milli təhlükəsizliyə qarşı cinayətlərdə ittiham edərək ağır həbs cəzalarına məhkum edib.

Daha sonra Tehran Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi həmin fəalların hökmlərini qüvvədə saxlayıb.

Əbdüləziz Əzimi Qədim həbs edildiyi müddətdə azərbaycanlı milli fəallara qarşı tətbiq edilən təzyiqlərə, pis rəftara və hüquq pozuntularına etiraz olaraq 44 gün aclıq aksiyası keçirib.

İran Azərbaycanın Qaradağ bölgəsinin Vərziqan şəhərindən olan keçmiş din xadimi və Tehran sakini Əzimi Qədim bundan əvvəl də İranda azərbaycanlıların hüquqları uğrunda dinc mübarizəsinə görə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və mühakimə olunub. O, artıq bir ilə yaxındır ki, həbsdə saxlanılır və məhkəmə hökmü çıxana qədər keçirdiyi həbs müddəti ümumi cəzasına hesablanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.